Məhkəmə qərarları › İş №2-1(103)-3723/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3723/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3723/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “kirayə haqqının ödənilməsinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən ona mənzil verilənə kimi kirayə xərclərinin verilməsinin bərpa olunmasına, dayandırılmış tarixdən bu günə kimi həmin məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23 il, xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci ilədək Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan torpaqları uğrunda gedən qanlı döyüşlərdə canla-başla iştirak etmiş, xx.xx.2021-ci ildə ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdehin 262 saylı sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçu statusunda ev növbəsinə götürülmüşdür. Lakin Cavabdehin 8-14/2-185/2023 saylı, xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, sizin mənzil uçot işlərinizdə baxış keçirən zaman AR Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı qərarının 1-ci bəndinin tələbləri sizə şamil olunmadığı müəyyən edilmiş, bu şəbədən də dövlət büdcəsindən sizin müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin verilməsi dayandırılmışdır. İddiaçı ailəlidir, övladları tələbədir. Onların maddi ehtiyaclarını güclə qarşılayır. O, evsiz kirayələrdə illərdir ailəsi ilə birlikdə yaşayır. Vətənə xidmətləri ilə yanaşı canını qoymuşdur. Kirayə pulun kəsilməsinin əsas səbəb kimi göstəricinin hansı qanunla müəyyənləşdirildiyini bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailəlidir, 3 övladm var. 23 il, xx.xx.1998 ci il tarixdən xx.xx.2021 ci ilədək AR silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2021 ci il tarixdən ehtiyata buraxılmış, xx.xx.2021 ci il tarixdə Cavabdehin 262 saylı sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçu statusunda ev növbəsinə götürülmüşdür. Həmin qanuna əsasəndə ona kirayədə qaldığı üçün ev verilənə kimi dövlət büdcəsindən kirayə pulu ödənilirdi. Lakin kirayə pulu Cavabdeh tərəfindən dayandırıldığı üçün o rəsmi olaraq İH müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh tərəf olan inzibati orqan Cavabdeh 8-14/2-185 2023 saylı, xx.xx.2023 cü il tarixli imtina məktubunda qeyd etmişdir, sizin mənzil uçot işlərinizdə baxış keçirilən zaman AR NK nin xx.xx.2012 ci il tarixli 174 saylı qərarının 1 ci bəndi sizə şamil olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövlət büdcəsindən sizin müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyaniz dayandırılmışdır. Belə olduğu halda o Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023 cü il tarixli, 2-1(112)-11820/2023 saylı qərarı ilə əsassız olaraq iddia tələbi rədd edilmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 262 №-li Sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmdüşdür. xx.xx.1998-ci ildən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmiş və AR MN-in müvafiq əmrinə əsasən Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzunuzla) xx.xx.2021-ci ildən ehtiyata buraxılmışdır. Hazırda iddiaçının tələbi Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən ona mənzil verilənə kimi kirayə xərclərinin verilməsi bərpa olunmasına, dayandırılmış tarixdən bu günə kimi həmin məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin edilməyərək bildirilmişdir ki, “..iddiaçının ehtiyata buraxılması onun iradəsindən asılı olan halla (öz arzusu ilə) şərtlənmişdir və qeyd edilən halda hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh qurumun araşdırması nəticəsində iddiaçının həmin kateqoriya şəxslərə aid olmadığı müəyyən edilmiş və haqlı olaraq mənzil kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılmışdır”. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər... Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki; .......Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. İşin faktiki hallarından məlum olduğu kimi iddiaçının ehtiyata buraxılması onun iradəsindən asılı olan halla (öz arzusu ilə) baş vermişdir. Yuxarda qeyd edilən qərardanda göründüyü kimi, bu halda hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh haqlı olaraq iddiaçıya münasibətdə mənzil kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsini dayandırmışdır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin iddiaçının tələbini təmin etməməsi qanunauyğun olmuş və birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar