Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3724/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin sövdələşmə qiymətinə uyğun olaraq hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən sifariş edilən, lakin gömrükdə saxlanılan mallara görə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Türkiyə Cümhuriyyətindən ümumi 18.981,46 ABŞ dolları dəyərində bədən spreyi sifariş etmişlər, lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən suni maneələr yaradılaraq qeyd edilən malları onları daşıyan nəqliyyat vasitələri ilə birlikdə gömrükdə saxlanılır. O, dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların və nəqliyyat vasitələrinin buraxılmasını xahiş etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Bildirmək istəyirlər ki, 27 oktyabr 2024-cü il tarixdən nəqliyyat vasitəsi kömrükdə saxlanılmışdır. Tətbiq edilən qaydalara görə hər gecikdirilən günə görə nəqliyyat vasitəsini idarə edən sürücüyə 100 ABŞ dolları ödənilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nəqliyyat vasitəsində olan malların saxlanc yerinə verilməsini və nəqliyyat vasitəsinin buraxılması barədə müraciət edilmişdir, lakin yenə də, müraciəti cavabsız qalmışdır. Bundan başqa, əvvəllər eyniadlı malları gömrükdən 40 sent ödəməklə ölkəyə gətirmələrinə baxmayaraq, hazırda Bakı Baş Gömrük İdarəsi ondan hər mala görə qanunsuz olaraq 1 ABŞ dolları tələb edir. Bundan sonra, təkrar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmiş və Bakı Baş Gömrük İdarəsinə məktubla bildirilmişdir ki, onun iştirakı ilə eyniləşdirmə aparılsın, lakin Bakı Baş Gömrük İdarəsi qeyd edilən tapşırığı yerinə yetirməmişdir. İddiaçı bildirmişdir ki, eyniləşdirilmənin aparılması zəruridirsə, eyniləşdirmədən qabaq qeyd edilən mallara görə Bakı Baş Gömrük İdarəsi gömrük xərcini necə 1 ABŞ dolları olduğunu hesablamış və ondan tələb etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək “xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, iddiaçının ərizədə mübahisələndirdiyi **********7346 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2024-cü il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük prosedura altında malların rəsmiləşdirildirilməsi məqsədilə təqdim edilmiş, bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönəldilmişdir. Araşdırma zamanı bəyannaməçi tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə daşıma şərtinin “CİF” qeyd olduğu təqdirdə, malların daşınma xərclərinin müşayiət sənədlərində ayrıca qeyd edilməməsi, daşınmaz xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınmaz xərclərinin hesablanması üçün hesab-fakturanın təqdim edilməməsi, alqı-satqı müqaviləsində isə daşınma xərcinin alıcıya aid olmasının göstərilməsi bu uyğunsuzluqların əsas təməlini təşkil etmişdir. Bəyannaməçi tərəfindən rəsmiləşdirmə prosesi zamanı sənədlərə əlavə edilmiş idxalatçı ilə satıcı arasında bağlanan xx.xx.2024-cü il tarixli D 2024 AZ 01 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli 1 nömrəli Əlavədə malların çatdırılma şərtinin “CİF” deyil, “CİP” olduğu qeyd olunması, lakin, bu Əlavənin tərt edilmə tarixinin satıcının bank hesabına malların dəyərinə dair köçürmə sənədinin (bank svift” tərtib edilmə tarixindən (xx.xx.2024) daha gec tarixdə tərtib edilməsi bu sənədlər arasındakı uyğunsuzluq faktını danılmaz şəkildə təsdiq edir. Bundan əlavə, iddiaçı gömrük orqanına müraciətində qarşı tərəflər bağlanan müqavilənin distributerlik müqaviləsi olduğunu iddia etsə də, iş materiallarına da, əlavə edilmiş təqdim olunan müqaviləyə sadə bir nəzər salmaqla alqı-satqı müqaviləsi olduğu bariz bəlli olur. Bununla bağlı, gömrük orqanı əməkdaşı tərəfindən Dövlət Gömrük Komitəsi Sədrinin xx.xx.2024-cü il tarixli, 3-33/00293S nömrəli Sərəncamının 1 saylı Əlavəsi ilə təsdiq edilmiş formasına uyğun olaraq xx.xx.2024-cü il tarixli, 3-33-1100/2- 006770/2024 nömrəli “Gömrük bəyannaməsində uyğunsuzluq və çatışmazlıqlara dair bildiriş” təqdim edilmişdir. Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli, xx.xx.2024cü il tarixli və GDD********** nömrəli, xx.xx.2024-cü il tarixli eyni məzmunlu elektron bildirişlər (GDD) təqdim edilmişdir. Lakin, bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişləri təsdiq etməkdən imtina etmişdir. İddiaçının “nəqliyyat vasitəsi gömrükdə saxlanılmışdır” ifadəsinə münasibətdə bildirirlər ki, hər iki bildiriş əsasında olan bu müddət (7 gün) gömrük bəyannaməsinin “bəyannaməçi” statusunda olması ilə birbaşa bağlıdır. Gömrük dəyərinə düzəliş bildirişi (GDD) bəyannaməçiyə təqdim edilərkən gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsi üsulu olaraq 6-cı üsul, yəni ehtiyat üsulu seçilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, **********7346 sorğu nömrəli gömrük bəyannaməsində kifayət qədər uyğunsuzluqlar mövcud olmuşdur ki, bu vəziyyətdə “Gömrük Tarifi haqqında" AR- nın qanunu və AR Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar’nın tələbləri əsas götürülməklə sözügedən malların gömrük dəyərinin sövdələşmə qiyməti əsasında müəyyən edilməsi qeyri-mümkündür. Həmçinin, istehsalçıdan əldə edilmiş qiymət kataloqunda təqdim edilmiş qiymətlərlə tərəfinizdən bəyan edilən qiymətlər arasında yüksək fərqlərin olması, həmçinin təqdim edilən təsdiqedici sənədlər bütöv tələbləri əhatə etmədiyindən (uyğunluq sertifikatı, hər əmtəə pozisiyasına aid yükləmə spesifikasiyasında və invoysda tələb olunan qeydlər), o cümlədən sənədlərdə malların tərkibini, ticarət və digər xüsusiyyətlərini əhatə edən məlumatların mövcud olmadığını nəzərə alaraq "Gömrük tarifi haqqında' Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin 1-ci üsulunun, yəni malların sövdələşmə qiyməti üsulunun tətbiqi mümkün olmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
9. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin rədd edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.
12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 17.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 18.Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanmasını tələb edir. 19.İş materiallarından göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Lakin, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. 20.Qanunvericiliyin tələbinə əsasən iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. 21.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “DE Kozmetik” LTD xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçıya satılmış məhsulun bir ədədinin qiyməti 0,494 ABŞ dolları təşkil edir. 22.Göründüyü kimi, cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. 23.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
24. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4666/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.