Məhkəmə qərarları › İş №2-1(103)-3725/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3725/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3725/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4156/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033376 nömrəli qərarının ləğv edilməsi və Rusiya Federasiyası Dağıstan Dövlət Universteti tərəfindən 2015-2017-ci illərdə Hüquqşünaslıq ixtisası üzrə aldığı 1430 qeydiyyat nömrəsi ilə qeyd edilmiş **********363 nömrəli, 25 aprel 2018-ci il tarixli magistr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1977-ci il tarixində anadan olmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademyasının "Enerji maşınqayırma" ixtisasında bakalavr, 2005-2007-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə” istiqaməti üzrə magistratura təhsili almışdır. Magistratura təhsilini fərqlənmə ilə bitirdiyi üçün qırmızı diplom verilmişdir. Bundan başqa, 2015-2017-ci illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində “Hüquqşünaslıq" ixtisası üzrə magistratura təhsili, 2021-ci ildə isə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə aspirantura təhsili almışdır. Tədris müddətində Dağıstan Dövlət Universitetinin yerləşdiyi ölkədə olmuş və tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə qiymətlər almışdır. Tələb olunan sənədləri əlavə edərək həmin magistratura diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin NA00033376 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə “xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir”. İmtinaya səbəb kimi “sərhəd xidmətinin məlumatı" göstərilərək təhsil aldığı ölkənin ərazisində müəyyən müddət az olması bildirilmişdir. Bildirmək istəyir ki, cavabdehin imtinası onun ali təhsil aldığı dövrdə xarici ölkənin ərazisində az müddət olması ilə əlaqələndirmişdir. Halbuki, həmin əlaqələndirmə heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur, bu tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad edir. Nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri – aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Ancaq bununla bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qalmasına dair konkret fakta istinad olunmamışdır. Digər tərəfdən, cavabdeh onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb-aparılmamasına dair heç bir hərəkət nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun universitetdə tədris prosesində hansı səbəbdən olubolmadığını müəyyən etmək üçün əlavə sübutların əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Hesab edir ki, cavabdehin imtina qərarında qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuşdur, dövlət standartlarına uyğundur. Bundan başqa, əgər magistratura təhsilini müvəffəqiyyətlə başa vura bilməsəydi, onun təhsilinin aspirantura pilləsinə keçməsinə icazə verməzdilər. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-ci tədris ili üzrə - 2 ay 21 gün, 2016/2017-ci tədris ili üzrə - 4 ay 6 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4156/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: İ il- 2 ay 21 gün; İİ il- 4 ay 6 gün. Ümumilikdə 2 illik təhsil müddətinin hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi təhsil sənədləri və əlavə sorğularla müəyyən olunur ki, iddiaçı əyani təhsilalma formasında təhsil almışdır. Bildirilir ki, cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini Təhsil haqqında Azərbaycan Respublikasının qanununun 44.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması icraatı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılır. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Bu tələb, yerli qanunvericliyin müəyyən etdiyi normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də, iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsilalma forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.9-cu bəndinə əsasən əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura 4 səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Həmçinin məhkəmədən nəzərə alınması xahiş olunur ki, hazırki iş üzrə iddiaçı magistratura səviyyəsi üzrə Hüquqşünaslıq ixtisasını əldə etsə də, onun bakalavriat səviyyəsində bu ixtisas üzrə kvalifikasiyası yoxdur, bu, həmin magistr diplomunun təsdiq olunması halında iddiaçının Azərbaycan Respublikasında hüquqşünas kimi fəaliyyət göstərməsini mümkünsüz edəcəkdir. (Məsələn, hakimlik, vəkillik və s. üzrə ali təhsil barədə tələblər). Həmçinin, bildirilir ki, əgər şəxs Azərbaycan Respublikasında qeyri-hüquqşünaslıq üzrə bakalavr dərəcəsi ilə AR DİM-in təşkil etdiyi magistraturaya qəbul imtahanına girsəydi, onun magistratura səviyyəsində Hüquq ixtisaslarına qəbul olması mümkünsüz olacaqdı. Apellyasiya şikayətinə etiraz: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, o, Azərbaycanda bakalavr təhsilini Neft Akademiyasında, magistratura təhsilini İqtisadiyyat Universitetində almış, Rusiyada isə həm magistratura, həm aspirantura təhsilini bitirmiş, dissertasiya müdafiə etmişdir. Bu ardıcıllıq göstərir ki, bütün təhsil mərhələləri qanuni və real şəkildə keçirilib. Təhsil müddətində müəyyən vaxtlarda Azərbaycanda olmağının səbəbi xəstəlik olub və bu barədə tibbi arayış təqdim etmişdir. Həmçinin, məsafədən təhsil almaq üçün icazə və əlavə arayışlar da təqdim edilmişdir. Bu sənədlər birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuşdur. Cavabdeh qurumun nümayəndəsi məhkəmədə qeyd etmişdir ki, guya o, "imtahan verməli idi". Lakin o, artıq aspirantura və dissertasiya mərhələsini bitirmiş, buna görə heç bir əlavə imtahanın keçirilməsinə ehtiyac yoxdur. Bu tələb sadəcə əsassız təzyiq xarakteri daşıyır. Sərhəd-buraxılış məntəqələrinin məlumatları texniki səbəblərdən tam olmaya bilər. Təhsilinin qanuni olduğu sübutlarla təsdiqləndiyindən, bu məlumat əsassız olaraq onun təhsilinin tanınmasına maneə ola bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsassız olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 22. Ali təhsil ... 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları (hazırda qüvvədən düşmüşdür): 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın:

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən:

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime); magistratura səviyyəsində- əyani (tədrisə tam cəlb olunma– fulltime və tədrisə qismən cəlb olunma– parttime), qiyabi, rezidentura səviyyəsində- əyani; doktorantura səviyyəsində- əyani;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydaları:

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. 1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. 1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır. 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. ...

2. Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər 2.1. Magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. 2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistratura təhsili ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir. 2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir. Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri tərəfindən hazırlanır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir. İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir. 2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir. Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur. Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur. 2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir. 2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS — Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir. 2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir. 2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmipedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır. 2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Apellyasiya şikayətinin dəlilinə münasibət:

İşin hallarından müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyası "xxxx" Ali təhsili X8 təhsil müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 1430 qeydiyyat nömrəli magistr diplomuna əsasən “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, magistr dərəcəsi ilə təltif olunmuşdur. İddiaçı aldığı magistr ixtisası üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir. Odur ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh imtina qərarında, eləcə də, iddiaya etirazında iddiaçının tədris müddətində təhsil aldığı ölkədə olmamasına istinad etsə də, lakin iddiaçı tərəfindən təqdim edilmiş RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X8 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli məktubu, iddiaçının magistr təhsili alarkən Ali Təhsilin Federal Dövlət Standartının 7.10-cu bəndinə uyğun olaraq – 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə 14 dekabr 2010-cu il tarixli 1763 saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında elektron informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilməsini nəzərə aldıqda hesab edilir ki, iddiaçının təhsil müddəti ərzində cavabdeh tərəfin mübahisələndirdiyi normativ müddətdən az müddətdə təhsil aldığı ölkədə olması səbəbi hazırkı iş üzrə iddiaçının təhsil barədə sənədinin ölkə ərazisində tanınmasına, ümumən kvalifikasiyanın məqsədinə xidmət etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası imtinanın əsasını yoxlayaraq, qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” 15 oktyabr 2024-cü il tarixli, NA00033376 nömrəli məktubla imtina edilmişdir. - Azərbaycan Dövlət Neft X2 Komissiyasının 24 iyun 1999-cu il tarixli qərarı ilə verilmiş A№ 040926, 170 qeydiyyat nömrəli diploma əsasən İddiaçı “Enerji maşınqayırma (Hidropnevmosistemlər) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Dövlət İqtisad Universiteti İxtisaslaşdırılmış Elmi Şuranın 28 iyun 2007ci il tarixli qərarı ilə verilmiş MNB № 014862, 355 qeydiyyat nömrəli diploma əsasən İddiaçı İqtisadiyyat və idarəetmə istiqamətinin “Maliyyə” ixtisaslaşması üzrə magistr dərəcəsi verilmişdir. - Apostil edilərək notarial qaydada təsdiq edilmiş, Rusiya Federasiyası "xxxx" Ali təhsili X8 təhsil müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, 1430 qeydiyyat nömrəli magistr diplomuna əsasən İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, magistr dərəcəsi ilə təltif olunmuşdur. - Apostil edilərək notarial qaydada təsdiq edilmiş, Rusiya Federasiyası "xxxx" Ali təhsili X8 təhsil müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 90 qeydiyyat nömrəli aspiranturanın bitirilməsi haqqında diplomuna əsasən İddiaçı 40.06.01 Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə aspiranturada elmi-pedaqoji kadrların hazırlanması proqramını müvəffəqiyyətlə mənimsəmişdir və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə “Tədqiqatçı. Müəllim- Tədqiqatçı” ixtisası verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.1977-ci il təvəllüdlü İddiaçı 2015-2017-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlar iş materiallarına əlavə edilmişdir. - RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X8 Ali Təhsil Təşkilatı Hüquq İnstitutu tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli arayışa əsasən İddiaçı 2015-2017-ci illərdə "xxxx" FDBATT Hüquq İnstitutunun əyani şöbəsində 40.03.01 “Hüquqşünaslıq” (magistratura) ixtisası ürə təhsil almışdır. xx.xx.2015-ci il tarixli 3842 c saylı əmrlə "xxxx" Hüquq İnstitutunun 40.03.01 “Hüquqşünaslıq” (magistratura) istiqaməti üzrə əyani ödənişli şöbənin 1-ci kursuna qəbul olmuşdur. xx.xx.2016-cı il tarixli, 4813 c saylı əmrlə 2-ci kursa keçirilmişdir. xx.xx.2017-ci il tarixli, 2344 c saylı əmrlə buraxılış ixtisas işini müdafiə etmiş şəxsə “Magistr” ixtisası və diplom verilmişdir. xx.xx.2017-ci il tarixli, 2682 c saylı əmrlə tədris planını tam başa vuraraq yekun attestasiyadan müvəffəqiyyətlə keçdiyi üçün xaric edilmişdir. Ali Təhsilin Federal Dövlət Stantartının 7.10cu bəndinə uyğun olaraq – 40.04.01 Hüquqşünaslıq magistratura istiqaməti üzrə 14 dekabr 2010-cu il tarixli 1763 saylı magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilmişdir. Təhsil aldığı mühitdə tələbəyə akademik məzuniyyət verilməmişdir. - RF Elm və Ali Təhsil Nazirliyi Hüquq İnstitutu "xxxx" Ali Təhsil üzrə X6 Təhsil Müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2016-cı ildə Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsinin akademik şöbəsinə xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi faktını (diaqnoz: sağ ayağın daban sümüyünün sınığı) təsdiqləyən 27 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş (tibb müəssisəsinin kodu 1253502) 027 nömrəli formada ambulator müayinədən (xəstəlik tarixindən) çıxarış təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Xidməti tərəfindən verilmiş iddiaçının 2015-2017-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlardan aydın olur ki, onun xarici ali təhsil aldığı ölkədə olma müddəti İ il- 2 ay 21 gün; İİ il- 4 ay 6 gün olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın imtinası ilə onun apellyasiya şikayətinin dəlili eyni məzmundadır. Belə ki, iddiaçı ümumilikdə 2 illik təhsil müddəti ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. İddiaçı əyani təhsilalma formasında təhsil aldığından qısa müddətdə tədris yükünü yerinə yetirə və həmin proqramı mənimsəyə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış magistr təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, hazırda qüvvədə olan Qaydalarda nəzərdə tutulduğu kimi həmçinin, halhazırda qüvvədə olmasa da, iddiaçının magistr təhsili aldığı dövrlərdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003- cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Yuxarıda da istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi” Qaydalarına görə magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır. Beləliklə, qaydalarda imperativ şəkildə öz əksini tapmış tələbə əsasən əyani şəkildə təhsil alan magistrant il ərzində 12-16 həftə müddətində auditoriyada tədris keçməlidir. İddiaçının təhsil aldığı müddətdə - 2015-2017-ci illərdə sərhədkeçmə məlumatlarından göründüyü kimi o, həmin dövrdə tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayılan müddətdə təhsil aldığı ölkədə olmamışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarda (2-1(102)-1870/2025 nömrəli, 23 iyul 2025-ci il tarixli) eyni hüquqi mövqe sərgilənərək qeyd edilmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “magistr” dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı təhsil aldığı ölkədə olma müddəti 2-ci tədris ilində Qaydalarla nəzərdə tutulmuş normaya (Qaydalara əsasən normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələbi) yaxın olsa da, (4 ay 6 gün) 1-ci tədris ilində 2 ay 21 gün olmuş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək müvəqqəti əmək qabiliyyətini itirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 1-ci tədris ilində tələb olunan normaya riayət etməməsini onunla əsaslandırmışdır ki, şəxs 2 ay 21 gün tədris aldığı ölkədə olmuş, 3 aylıq müddətdə isə üzürlü səbəbdən dərslərdə iştirak edə bilməmişdir. Lakin kollegiya diqqətə çatdırır ki, Rusiya Federasiyasında da tədris ili sentyabr-iyun aylarını, təqribən 9-10 ayı əhatə edir. Bu dövr çərçivəsində iddiaçı 2 ay 21 gün tədris olunan ölkədə olmuş, cəmi 3 ay fevral-may ayları ərzində müvəqqəti əmək qabiliyyətini itirmişdir, qalan 4 ay ərzində isə tədris müəssisəsində iştirakına maneə olan hal mövcud olmamışdır. Yəni yerdə qalan müddətlərdə tələb olunan normanın tamamlanması mümkün idi. Bundan əlavə iddiaçının təqdim etdiyi arayışlarda qeyd edilmişdir ki, magistratura proqramının icrası İddiaçı münasibətdə fərdi təhsil proqramı əsasında informasiya və tədris mühiti vasitəsilə elektron təhsil, distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən əsasa da istinad etmişdir. Bununla bağlı da kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində də distant təhsil forması nəzərdə tutulmuşdur. Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Lakin iddiaçıya münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əlavə olunmuş apostil edilmiş diplom və onun əlavəsində aydın formada qeyd edilmişdir ki, magistr proqramının müddəti əyani formada 2 illikdir. İddiaçının distant formada təhsil alması qeyd edilən sənədlərdə əksini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki iş üzrə iddiaçı magistratura səviyyəsi üzrə Hüquqşünaslıq ixtisasını əldə etsə də, onun bakalavriat səviyyəsində həmin ixtisas üzrə kvalifikasiyası yoxdur. Belə ki, iddiaçının bakalavr dərəcəsi Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən verilmiş A№ 040926 diploma əsasən “Enerji maşınqayırma (Hidropnevmosistemlər) ali peşə istiqaməti üzrədir. Göründüyü kimi, onun bakalavr dərəcəsi qeyri-humanitar sahə olmaqla, Hüquqşünaslıq ixtisasına tamamilə uzaqdır. Magistratura təhsili isə mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, doğrudur, qanunvericilikdə bakalavr və magistratura ayrı-ayrı, müstəqil ali təhsil pillələridir və magistraturaya qəbul üçün əsas şərt ali təhsil haqqında bakalavr diplomunun olmasıdır. İxtisas seçimi zamanı namizədin bakalavr ixtisası ilə magistr ixtisasının üst-üstə düşməsi şərti qanunvericilikdə yoxdur. Lakin o da qeyd edilməlidir ki, magistratura təhsili mütəxəssis hazırlığının müəyyən sahələr üzrə ixtisaslaşmasıdır. Belə ki, magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Gəlinən qənaət ondan ibarətdir ki, magistratura müəyyən sahə üzrə ixtisaslaşmanı nəzərdə tutur, bu zaman müvafiq sahə üzrə bakalavriat səviyyəsinin tamamlanması şərtlərdən biridir. Qeyd olunanlara əsasən kollegiya diqqətə çatdırır ki, magistratura səviyyəsinə qəbul imtahanında DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər. Nümunə kimi elektron sistem vasitəsilə yüklənmiş Magistr səviyyəsi üzrə ixtisaslaşma seçim cədvəlinə diqqət yetirildikdə aydın görmək olur ki, magistr səviyyəsində ixtisasın seçilməsi üçün müvafiq bakalavr ixtisasları tələb olunur ki, hazırda bu Hüquqşünaslıq və Beynəlxalq hüquq ixtisaslarıdır. Bununla kollegiyanın gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı ilə eyni vəziyyətdə olan şəxsin Azərbaycan Respublikasında sözügedən magistr pilləsində təhsil alması mümkün olmayacaqdır. Məhkəmə kollegiyası təkrarən qeyd edir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4156/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4156/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar