Məhkəmə qərarları › İş №2-1(103)-3727/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3727/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3727/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli L00130741PKG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “İ69.3 Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu, F48.0 nevrasteniya” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və natamam doldurulması səbəbindən (Səbəb: Xəstənin əmək müqaviləsi var. Əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib) göndəriş tibb müəssisəsinə göndərilmişdir.

2. İddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli T00183926ZYP nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(120)727/2024 nömrəli əyani müayinə aktına əsasən İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də xx.xx.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağtərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı X7” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3- Beyin infarktının nəticələri, BQD-nm işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0nevrasteniya. Yanaşı xəstəliklər: G56.0- bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanm osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun halhazırki vəziyyəti ilə tibbi sənədlərdə (xx.xx.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofıya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdən səhhəti ilə bağlı əmək fəaliyyəti dayanmışdır. Xəstəliyinin əsas diaqnozu İ69.3-beyin infarktının nəticələri və yanaşı xəstəliklərdir. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı iki dəfə X7 və Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 tərtib edilərək sistemə yerləşdirilmiş, lakin hər dəfə imtina cavabı almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinə edilmiş, lakin əlillik təyin edilməmişdir.

7. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinəsi zamanı Əsasənamənin 6.5.1.1-ci bəndində göstərilən ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu, əzələrdə hipotrofiya (atrofiya) müəyyən edilməmişdir. Hətta iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə sağ yuxarı ətrafda tonusun normal olması göstərilmişdir. Bir daha qeyd edilməlidir ki, hazırkı xəstəliklə iddiaçıya əlilliyin təyini üçün ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu müəyyən edilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən bir neçə dəfə şəxsin əyani müayinəsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9637/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslanıdırılmışdır ki, “Bakı X7” tərəfindən forma 88 tərtib edilməklə əlilliyinin qiymətləndirilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən qiymətləndirmə həyata keçirilərkən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi diaqnoz əlillik əlaməti təyin etmir qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən onun əlillik qiymətləndirmənin həyata keçirilərkən düzgün qənaətə gəlinməmişdir. “Bakı X7“ tərəfindən göndərilmiş forma 88-dəki əsas diaqnoz ağırlaşma və yanaşı xəstəliklərə diqqət yetirdikdə ona əlillik təyin olunmalı olduğu aşkar ediləcəkdir. Belə ki, iş materiallarından görünür ki, sağlamlığında mövcud olan pozuntularda hər hansı bir yaxşılaşma halı müşahidə olunmamış və “Bakı X7” tərəfindən onun müayinəsi həyata keçirilərkən reabilitasiya ilə bağlı hər hansı bir hal müşahidə edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. 2022-ci il iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosialekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlarəsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. “İnzibati icraat haqqında” Qanunun:

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. İşin faktiki hallarından görünür ki, “Bakı X7” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3 -Beyin infarktının nəticələri, BQD-nm işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0-nevrasteniya. Yanaşı xəstəliklər: G56.0- bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərdə (xx.xx.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi.

31. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının xəstəliyinin xx.xx.2023-cü il tarixində qiymətləndirildiyi üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilməlidir.

32. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda

33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

34. Bununla yanaşı, məhkəmə qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

35. Məhkəmə kollegiyası, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir.

36. Bununla belə, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş “İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir.

37. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də xx.xx.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağ tərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsibarədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı X7” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BQD-nm işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0-nevrasteniya. Yanaşı xəstəliklər: G56.0bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanm osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun halhazırki vəziyyəti ilə tibbi sənədlərdə (xx.xx.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda və birinci instansiya məhkəməsinin icraatı zamanı keçirilmiş ekspert rəyi əsasında ona qoyulmuş xəstəlik diaqnozuna dair ağırlaşmalar, öz təsdiqini tapmamışdır. Belə ki, XBT 10 kodu iddiaçıda müəyyən olan xəstəliklərin özünün ayrılıqda, yəni “Meyarlar”da nəzərdə tutulmuş xəstəliklərin altbəndində olan qiymətləndirmələrdə öz əksini tapmadığı əlillik müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq əlilliyin təyin olunmasından imtina edilmişdir.

39. İddiaçının əyani müayinəsi zamanı Əsasnamənin 6.5.1.1-ci bəndində göstərilən ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu, əzələrdə hipotrofiya (atrofiya) müəyyən edilməmişdir. Hətta iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə sağ yuxarı ətrafda tonusun normal olması göstərilmişdir. Bir daha qeyd edilməlidir ki, hazırkı xəstəliklə iddiaçıya əlilliyin təyini üçün ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu müəyyən edilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən bir neçə dəfə şəxsin əyani müayinəsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır.

40. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən və müvafiq altbəndlərdə (qiymətləndirmələrdə) olmadığından ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz kimi göstərilmiş “İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, beyin infarktının nəticəsi olan serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) (G81-G83) yuxarıda istinad edilən Əsasnamənin 6.5.1.1.-6.5.1.6-cı bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Əsasənamənin 6.5.1.2-6.5.1.6-ci bəndində göstərilən ağırlıq dərəcələri iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə göstərilməmişdir. Bu baxımdan həmin bəndlərin yoxlanılmasına da zərurət yoxdur.

42. İddiaçıda olan xəstəliyin əlilliyin təyininə əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasnamənin 6.5.1.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular) müəyyən edilməlidir.

43. Göründüyü kimi, şəxsə əlilliyin təyin olunması yalnız onda “Meyarlar”da göstərilmiş xəstəliyin müəyyən olunması deyil, həmin xəstləliklərin altbəndlərində olan qiymətləndirilmənin, yəni ağırlaşmaların mövcud olması əsasdır ki, hazırki halda iddiaçıda həmin ağırlaşmaların mövcud olduğu məhkəmə araşdırmaları ilə müəyyən olunmamışdır.

44. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçının qanunvericiliyin tələblərinə əsasən 6 aydan sonra, yəni xx.xx.2024-cü il tarixində onun barəsində yenidən Forma 88 Arayışının tərtib edilərək aidiyyəti üzrə təqdim edilməsini tələb etmək hüququ mövcuddur.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 491/2024 saylı inzibati işi üzrə xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən obyektiv aparılan araşdırma zamanı da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alındıqda iddiaçıda ikinci qrup əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin olması müəyyən edilməmişdir. Bu halda cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas mövcud olmadığından iddia tələbi əsassızdır .

46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9637/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar