Məhkəmə qərarları › İş №2-1(103)-3728/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3728/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3728/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakaları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qadağanın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edib, mülkiyyət hüquqları əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərindəki qadağanın götürülməsini xahiş etmişdir. Cavabdeh isə heç bir qanuni əsas olmadan qanunsuz olaraq, mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən torpağın 300 kv.m olan sahəsi X3, sahəsi 600 kv.m olan torpaq sahəsinə X5, sahəsi 300 kv.m olan torpaq sahəsinə X4 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X7 ona məxsus ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X2 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X12 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən ünvan 1-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın (məhdudiyyətin) götürülməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan 3-cü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ərazi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 nömrəli Sağlamlıq İmkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş məktəbin ərazisidir. Məhkəmə öz qərarında mütəxəssis rəyinə istinad etmiş, lakin mübahisəli sahənin ayrıc aktına əsasən məktəbin ərazisi olduğuna əhəmiyyət verməmişdir. Belə ki, mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mübahisələndirdiyi sahə məhktəbin ərazisidir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə bu halda hüquqlar dövlət qeydiyyatına alınmalı deyildir. Təhsil haqqında qanunun 37-ci maddəsinə əsasən təhsil müəssisəsinin özəlləşdirilməsi qadağan olunduğu halda, hansısa yollarla məktəbin ərazisində olan torpaq sahəsinə çıxarışın alınması qanunsuz və əsassızdır. Ayrıc aktı ilə məktəbin ərazisi hesab edilən torpaq sahəsinin geri alınması barədə səlahiyyətli dövlət orqanının hər hansı bir qərarı mövcud olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında birinci instansiya məhkəməsinin qərarına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan 3cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2- 1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən 600 kv.m olan torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmış, xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Daha sonra X7 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X2 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X12 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. X7 həmin torpaq sahəsinin 400 kv.m. hissəsini isə X1 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı mübahisəli ərazinin üzərinə qoyulmuş məhdudiyyətin cavabdeh tərəfindən götürülməsini tələb edir. 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi isə mübahisəli ərazinin onlara məxsus olduğunu, bu səbəbdən də məhdudiyyətin götürülməli olmadığını bildirir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsi (0,02 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Göründüyü kimi, 3-cü şəxsin onlara məxsus olduğunu bildirdiyi ərazi iddiaçının xüsusi mülkiyyətindədir və həmin əraziyə dair iddiaçının adına çıxarış mövcuddur. 3-cü şəxs apelyasiya şikayətində bildirmişdir ki, mütəxəssis rəyində iddiaçının mübahisələndirdiyi sahənin məhktəbin ərazisi olduğu bildirilir. Həmin mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə verilmiş Ayrıc Aktı hüdudları daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Yaşayış məntəqələrinin torpaqlarıdır. Mütəxəssis rəyindən də görünür ki, mübahisəli ərazi yaşayış məntəqələrinin torpağıdır. Həmin ərazinin məktəbə məxsus ayrıc aktı hüdudlarında yerləşməsi isə iddiaçının iradəsindən asılı olan deyildir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd hal-hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; -15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; -16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Eyni zamanda Kollegiya bildirir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik digər hissə ilə bağlı (400 kv.m.) qoyulmuş məhdudiyyətlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsasında götürülmüşdür. Qərarda istinad olunan ekspert rəyindən də görünür ki, həmin torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir. Bundan başqa, cavabdeh tərəfindən həmin əraziyə məhdudiyyət qoyulmasının səbəbi mübahisəli sahənin 3-cü şəxsə məxsus olan əraziyə düşməsi ilə deyil, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsinin ləğv edilməsilə əlaqəli olmuşdur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-3361/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq kifayət qədər araşdırma apardıqdan sonra haqlı olaraq məhdudiyyətin götürülməsi ilə bağlı qərara gəlmişdir. Kollegiya Ali Məhkəmənin qeyd edilən qərarında xüsusi əhəmiyyət kəsb edən məqamı qeyd etməyin zəruri olduğunu bildirir. Qeyd edilən qərarda göstərilmişdir ki, “........ məhkəmə iddianın rədd edilməsinin əsası kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv edilməsinə əsaslanmışdır. Lakin məhkəmə bu zaman iddiaçının apellyasiya məhkəməsi tərəfindən həmin qətnamənin prosessual əsaslara görə ləğv edilməsi və iddianın baxılmamış saxlanılması ilə bağlı dəlillərinə qiymət verməmişdir”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus olan əraziyə məhdudiyyət qoyulması əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, cavabdeh tərəfindən həmin məhdudiyyətin götürülməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 3-cü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxsin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4263/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar