Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3729/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1458/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla, cavabdehə müraciəti daxil olduğu xx.xx.2020ci il tarixindən əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndərilmişdir . Cavabdeh 16 fevral 2023-cü il tarixli və 12 aprel 2023-cü il tarixli məktublarında bildirmişdir ki, İddiaçı əmək pensiyası Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 iyun 2022-ci il tarixli 2-1 (103)-1468/2022 nömrəli Qərarına əsasən yenidən hesablanıb. Belə ki, Elxan Həşimovun 1 fevral 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 58,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 67,52 manat olmaqla orta aylıq əmək haqqı 415,52 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 2 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (415,52 manat) 75 faizi-311,64 manat məbləğində hesablanmalı olduğu halda, 311,56 manat məbləğində müəyyən edilməklə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə ona 1,04 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar Elxan Həşimovun 14 il 2 ay 24 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 47,22 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 64,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 74,51 manat olmaqla orta aylıq əmək haqqı 458,51 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (415,52 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (458,51 manat) arasındakı fərq məbləğinin (42,99 manat) 47,22 faizi-20,30 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (311,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 331,94 manat məbləğində hesablanmalı olduğu halda, 331,62 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə ona 5,76 manat əskik pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 96,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 111,76 manat olmaqla orta aylıq əmək haqqısı 687,76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (458,51 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (687,76 manat) arasındakı fərq məbləğinin (229,25 manat) 47,22 faizi-108,25 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (331,94 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 440,19 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7483,23 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 8864,10 manat ödənilib. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə adıçəkilən şəxsə 1380,87 manat artıq pul vəsaiti ödənilib. İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılıb. Adıçəkilən şəxsin təkrar müayinədən keçməsi ilə əlaqədar 8 fevral 2021- ci il tarixində İİ dərəcəli əlilliyi müəyyən olunub. Bununla əlaqədar İddiaçı Mərkəzi Filiala 7 iyun 2021-ci il tarixində daxil olmuş müraciəti əsasında 440,19 manat məbləğində əmək pensiyası 2021-ci ilin sentyabr ayında bərpa edilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10014,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 9536,41 manat ödənilib. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 477,91 manat əskik pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 6,80 manat əskik, xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində 1380,87 manat artıq, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 477,91 manat əskik pul vəsaiti ödənilib. Nəticədə adıçəkilən şəxsə 896,16 (1380,87-6,80-477,91) manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının tərkibində İddiaçı 44,02 manat maddi yardım ödənilir İddiaçı məhkəmə müraciət edərək sözügedən qərarın düzgün icra edilmədiyini və ümumilikdə 161.524,35 manatın ona ödənilməli olduğunu bildirərək cavabdehin cərimə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cərimənin təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər; 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən, ...İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. ...İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. (25-29-cü bəndlər) Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı düzgün icra olunmuşdur. Belə ki, cavabdeh tərəfindən haqlı olaraq iddiaçının pensiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə hesablanmış, sonrakı artımlara münasibətdə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinin tələblərinin tətbiq edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3729/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3729/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver