Məhkəmə qərarları › İş №2-1(103)-373/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-373/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-373/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya 08.11.2013cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 04.12.2020-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh 01 mart 2021-ci il tarixli **********8 saylı məktubla bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr zərərli peşələrə aid olmadığı üçün onun güzəştli iş stajı yoxdur, buna görə də 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 19547,33 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması tələb olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə X5 departamentinin ona 7 il əvvəl təyin edilmiş pensiyanı ləğv etmək səlahiyyəti yoxdur. Onun işlədiyi “Asfaltbetonçu” peşəsi elə “asfaltdöşəyən fəhlə” peşəsi ilə eynidir. Deməli, DSMF-nin buna əsaslanaraq onun pensiyasını dayandırması və ödənilmiş pensiyanın geri qaytarılması ilə bağlı tələbləri qanunsuzdur və onun pozulmuş hüquqları bərpa olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə X5 departamenti tərəfindən araşdırılmış və müəyyən olunmuşdu ki, iddiaçının 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlərdə “Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində işlədiyi “asfaltbetonçu” və “asfaltdöşəyən” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Ona görə də iddiaçıya 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar 01.03.2021-ci il tarixli **********8 nömrəli məktubla artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmaq iddiaçıdan xahiş edilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 01.03.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı hazırki iddia ilə məhkəməyə 05.04.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək pensiyasının bərpa edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə araşdırma apararaq iddiaçının işlədiyi peşələrin zərərli peşələrə aid olduğunu müəyyən etmiş və iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında mahiyyət etibarilə olan əsaslandırma ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan iddiaçıya aid 125871 saylı pensiya işinin materiallarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 08.11.2013cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 01.03.2021-ci il tarixli (iş v.7) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 08.11.2013-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçıya 08.11.2013-cü il tarixdə təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılması, bu barədə ayrıca inzibati aktın (qərarın) qəbul edilib-edilmədiyi barədə məlumat verilməsi, belə qərarın qəbul edildiyi təqdirdə onun məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. Həmin məhkəmə sorğusuna cavab olaraq cavabdehin verdiyi 12.01.2022-ci il tarixli **********2 saylı məktubun məzmunundan müəyyən olundu ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən daxil olmuş 24.10.2020-ci il tarixli **********4 nömrəli məktubla verilmiş tapşırığa əsasən dayandırılmış, adıçəkilən şəxsə əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin verdiyi məktuba əlavə olunmuş iddiaçı barəsində “Əmək pensiyasının dayandırılması haqqında” qərar nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin qərar iddiaçıya aid 25871 saylı pensiya işi üzrə, pensiyanın növü “güzəştli şərtlərlə yaşa görə” qeyd edilməklə, 12.01.2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya təyin edilmiş pensiyanın daha öncədən dayandırılması və 08.11.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr üzrə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə cavabdeh inzibati orqanın iddiaçıya 01.03.2020-ci il tarixli məktubu olmuşdur. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X9 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya 08.11.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya 04.12.2020-ci il tarixdən dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 08.11.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 01.03.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan 01.03.2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda iddiaçının güzəştli pensiya hüququnun olmamasına istinad etməklə kifayətlənmiş, həmin məktubu göndərməmişdən əvvəl inzibati icraatı bu barədə Qanunun tələblərinə riayət etməklə aparmamış, apellyasiya baxışı zamanı təqdim etdiyi sonradan qəbul olunan 12.01.2022-ci il tarixli “əmək pensiyasının dayandırılması haqqında” qərara isə Kollegiya tənqidi yanaşaraq onun inzibati icraat dövründə əsaslandırılmış şəkildə qəbul edilmədiyi üçün həmin qərarı hazırki iş üzrə iddiaçı barəsində aparılmış inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt kimi qiymətləndirmir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” 01.03.2021-ci il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Digər tərəfdən, qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən 01.03.2021ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması nəzərə çatdırılmaqla yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hər iki məsələnin iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akta yönəlik məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hər iki məsələ barədə ayrıayrılıqda inzibati akt qəbul edilməli idi. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan hər iki məsələ ilə bağlı iddiaçıya 01.03.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmiş və tələb olunan 19547,33 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını da əsaslandırmamışdır. Bundan başqa, X9 Sistemindən çıxarış məlumatına əsasən iddiaçıya 04.12.2020-ci il tarixdə pensiya ödənişi dayandırıldığı halda, bu barədə sözügedən 01.03.2021-ci il tarixli məktub bundan 3 ay sonra göndərilmiş, həmin məktubun hansı tarixdə iddiaçıya göndərilməsi, bu artıq ödəmənin qaytarılmasına sonuncunun razı olub-olmadığını bildirmək üçün ona vaxtın verildiyi kimi hallar da cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyət həddinin aşılıbaşılmamasına və ya qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət vermədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın qanuniliyini yoxlamaq vəzifəsini üzərinə götürərək mahiyyəti üzrə araşdırma aparmışdır ki, bu da maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da pozulması kimi qəbul edilir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilməsi qənaətinə gələrkən iddiaçıya 08.11.2013-cü il tarixdən təyin edilmiş pensiyanın nə vaxtdan dayandırılmasını müəyyən etmək üçün inzibati icraat materiallarını (inzibati icraatla bağlı belə araşdırma aparılmışdısa) tələb etmədiyi üçün qərarın nəticə hissəsində pensiya ödənişinin hansı tarixdən bərpa edilməli olduğunu da göstərə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, iddiaçıya əmək pensiyasının ödənilməsinin 04.12.2020-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin 04.12.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar