Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3731/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 448/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 2021-ci ilin may ayından ləğv olunan 3-cü qrup əlilliyinin bərpası, həmin tarixdən verilməyən 2436 manat təqaüdün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup müddətsiz olaraq əlil Qarabağ qazisidir. İddiaçı 15 ildən yuxarı 2-ci qrup təqaüdünün dəyişdirilməsi üçün ərizə yazaraq 3-cü qrup elətdirmişdir. Artıq 27 ildir ki, Qarabağ qazisi kimi təqaüd alır. 2021-ci il may ayında tibbi komissiyanın vaxtı olduğu üçün sənədləri komissiyaya göndərmiş və ona etiraz rəyi göndərilmişdir. Sonra iyun ayında canlı olaraq müayinəyə getmişdir. Lakin, ona imtina cavabı verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 2021-ci ilin may ayından əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “ixtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(112)-448/2023 saylı qərarı ilə (hakim E.Ə.Əliyev) iddianın təmin edilməsi, İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmaqla onunla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının xəstəliyinin müayinə olunmadan rəyin verilməsinə, həmin xəstəliyin müalicə və sağlamlığının bərpa olunmasına ümüdin olub-olmamasına münasibət bildirilməmişdir.Odur ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1601/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-113/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1601/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əsas diaqnozu olmasa da (Y36.2), ağırlaşma halı (M24.5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci və 2.5.6-cı bəndlərində nəzərdə tutulmuşdur. Göndərişin verildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Bundan əlavə qərarda qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən əlilliyin təyin edilmə tarixi ilə bağlı araşdırılma aparılmalı; - iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilməli, apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməli, tələbində məhz hansı dərəcə əlilliyin verilməsi göstərilməli. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə yaralanmış və uzun müddətli müalicə almış, nəticədə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra onun əlillik dərəcəsi dəyişdirilərək, ona üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı 1993-cü ildə aldığı zədə ilə bağlı (Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət) və həmin zədədən irəli gələn digər yanaşı xəstəliklərlə bağlı həmin vaxtdan hal-hazıradək müxtəlif müayinələrdə olmuş və müalicələr almışdır. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri,Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 2645003AABUA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ SinifBəzi infeksion və parazitar xəstəliklər => A15-A19- Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 - Vərəm plevriti, bakterioloji və histoloji…; Diaqnozun mətni: Sol budun yuxarı 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə. Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.6 Verəm plevriti, bakterioloji və histoloji...; Diaqnozun mətni: Sol budun yuxan 3\1 nin güllə yarasından sonrakı əzələ atrofiyası hərəkət məhdudluğu ilə, Sol əl barmaqlarının bükücü kontrakturası keçirilmiş sol tərəfli vərəm plevritindən sonrakı qalıq əlamətləri, Xr TÇ İİ d; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGKN saylı göndərişi əsasında baxılmış və “Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyi təyin etmədiyi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin 951 nömrəli Ekspert Rəyin nəticə hissəsindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişdə qeyd edilən diaqnozdakı əsas xəstəlik “Y36.2 Hərbi əməliyytalar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası” 1-ci Qarabağ Müharibəsi zamanı Füzuli rayonu ətrafında gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdə yaranmışdır. (əsas: 4865 nömrəli xəstəlik şəhadətnaməsi). Göründüyü kimi, iddiaçının xx.xx.1993-cü il tarixdən aldığı zədə və həmin zədədən irəli gələn ağırlaşma və yanaşı xəstəliklər həmin vaxtdan hal-hazıradək davam edir və yuxarıda qeyd edilən göndərişlərin hər birində göstərilən əsas diaqnoz və yanaşı xəstəliklər eynilik təşkil edir. Lakin cavabdeh inzibati orqan qeyd edilənləri nəzərə almamış və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə imtina vermişdir. Həmçinin, cavabdeh inzibati orqan həmin imtinaları fərqli səbəblərlə əsaslandırmışdır. İşdən görünür ki, son iki (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli) imtina eyni göndəriş əsasında verilsə də, xx.xx.2021-ci il tarixli imtinanın səbəbi – “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müayinə və müalicəni davam etdirmək məsləhət görülür” göstərilmiş, xx.xx.2021-ci il tarixli imtinanın səbəbi isə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” kimi göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Lerik Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətini iki dəfə qiymətləndirmiş və hər iki halda bir-birinə zidd səbəblərlə imtina vermişdir. Həmçinin, işin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2645003AAGVN nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Sonuncu xx.xx.2021-ci il tarixli 2645003AAGVN saylı göndərişdə “X1: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2də - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3-nin yumşaq toxumasının güllə yarasından sonrakı iri çapığı. Sol əlin İİİ barmağının proksimal falanqasının bitişmiş sınığından sonrakı vəziyyət. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol əlin İİİ barmağının bükücü konturakturası” qeyd edilmişdir. Həmin göndərişin göndərildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.2-ci və 2.5.6-cı bəndlərində ağırlaşma kimi M24.5 diaqnozunda olan xəstəlik nəzərdə tutulmuşdur. O da qeyd edilməlidir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Beləliklə, iddiaçının Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə də həmin diaqnoz təsdiqləndiyindən həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Məhkəmə kollegiyası həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən işə əvvəl baxmış apellyasiya instansiya məhkəməsində əldə edilmiş ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə məhkəmənin sübut qismində isitinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır, cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxsdir, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmamışdır, odur ki, cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, İddiaçı əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixinin müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi əlilliyin 2021-ci ilin may ayından təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olması nəticəsinə gəlsə də, iddiaçı tərəfindən əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2021-ci il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin 2021-ci ilin may ayından deyil, sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Məhkəmə kollegiyası həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq olaraq qeyd edir ki, iddiaçı ilkin olaraq 3-cü dərəcə əlilliyin bərpa edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 2021-ci ilin may ayından əliliyin təyin edilməsini xahiş etsə də, tələbində məhz hansı dərəcə əlilliyin verilməsini göstərməmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda mövcud olan xəstəliklər əsasında ona əvvəlki əlilliklərin təyini İİİ dərəcə üzrə aparıldığından və hazırda da qeyd olunan xəstəliklərin iddiaçıda mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməklə üçüncü dərəcəli əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, İddiaçı İİİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-448/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı İİİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Ceyhun Məmmədov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-3731/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3731/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver