Məhkəmə qərarları › İş №2-1(103)-3731/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3731/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3731/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxslər X12, X8 Alaaddin, X6, X14 və X13) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elnur Məmmədsaat oğlu Həsənovdan və X7 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, 3-cü şəxs X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3574/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1da yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.

2. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, üçüncü şəxslərdən bəziləri eyni ünvan üzrə qeydiyyatdadır.

3. ünvan 1ı üzrə Artamonov Nikolay, Vera, Evelina da mənzil üzrə icarədar və ailə üzvləri kimi göstərilmişdir.

4. Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi 8 nömrəli Mənzil İstismar Sahəsinin məktubunda qeyd edilir ki, Qulu Rzayeva, Vəfa Rzayeva ünvan 2 ünvanda yaşayırlar. Məlum olmayan səbəblərdən onlar hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanı üzrə qeydiyyata düşüblər. Hərbi şəhərcik, hərbi tikinti ev 3, mənzil 7 ünvanının maliyyə şəxsi hesab vərəqəsi Qulu Rzayevin adına dəyişdirilmişdir.

5. Mənzil İstismar İdarəsinin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, X9 Biləcəri qəs, Hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda yerləşən xidməti mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir.

6. Binəqədi Rayon Polis İdarəsinə ünvanlanan ərizədən görünür ki, X9 ərizə ilə müraciət edərək V.Rzayeva və V.Rzayevin həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, ərizədə qeyd edilmişdir ki, 1991-ci il tarixdən sonra həyat yoldaşı ilə birlikdə Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanına köçmüş, yaşamışdır. 1979-cu il təvəllüdlü Evelina Artamanova onun qızıdır və həmin mənzildə pasport qeydiyyatındadır.

7. Cavabdehin 02 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilir ki, V.Rzayeva və Q.Rzayev hərbi şəhərcik, hərbi tikinti, ev 3, mənzil 7 ünvanda yaşasa da, hərbi şəhərcik ev 3, mənzil 7 ünvanda qeydiyyatdadırlar. Mənzil İstismar Sahəsinin arayışında qeyd edilir ki, ev 3, 7 saylı mənzil iki mərtəbəli binada 1 və 2-ci mərtəbədə yerləşən fərqli mənzillərə verilmişdir. Birinci mərtəbədə yerləşən mənzil iddiaçı və onun qızı qeydiyyatdadır. İkinci mərtəbədə yerləşən mənzildə isə E.Artomonova, X16 qeydiyyatdadır. V.Rzayeva və Q.Rzayev hərbi şəhərcik ev 3, m 7 ünvanda qeydiyyatda olsa da, faktiki hərbi tikinti ev 3, mənzil 7 də yaşayırlar.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək X14 və X11 qeydiyyat ünvanlarının ünvan 3 ünvana dəyişməklə iddiaçıya məxsus Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda qeydiyyatdan çıxarılmasını və Artamanova Evelina, X1 qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

10. İddiaçı bildirir ki, o, yaşayış sahəsinin mülkiyyətçisidir. O, qızı E.Akçurina həmin mənzildə yaşayırlar. Üçüncü şəxslər də onun yaşayış yeri ünvanı üzrə qeydiyyatdadır ki, həmin şəxslər iddiaçı hesab edir ki, qeydiyyatdan çıxarılmalıdır.

11. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3574/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, X14 və X11 qeydiyyat ünvanlarının ünvan 3 ünvana dəyişməklə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

15. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, 3-cü şəxs birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılımasını məhkəmədən xahiş etdi.

18. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştrak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 22.Apellyasiya şikayətində qərar iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Hazırkı işin hallarından görünür ki, iddiaçı iddia tələbi üzrə iki halı mübahisələndirir:

1. X14 və X11 qeydiyyat ünvanlarının ünvan 3 ünvana dəyişməklə iddiaçıya məxsus Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda qeydiyyatdan çıxarılmasını;

2. Artamanova Evelina, X1 qeydiyyatdan çıxarılmasını;

27. Bakı İnzibati Məhkəməsinin qərarının X14 və X11 qeydiyyat ünvanlarının ünvan 3 ünvana dəyişməklə iddiaçıya məxsus Biləcəri qəs, hərbi şəhərcik, ev 3, mənzil 7 ünvanda qeydiyyatdan çıxarılması hissəsindən şikayət verilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsi yalnız Bakı İnzibati Məhkəməsinin Artamanova Evelina və X1 qeydiyyatdan çıxarılması hissəsindən verilən apellyasiya şikayətinə baxır.

28. İş materiallarından görünür ki, iddiaçı eyni binanın 1-ci mərtəbəsində, Artamanova Evelina və X2 isə 2-ci mərtəbəsində yerləşən eyni ünvan verilsə də, fərqli mənzillərin istifadəçiləridir.

29. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların istifadəçisi olsalar da eyni ünvan göstəricilərinə malikdirlər.

30. Belə olan halda kollegiya hesab edir ki, iddiaçılar onunla bərabər istifadəçi statusunda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir istifadəçini həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

32. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3574/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3574/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar