Məhkəmə qərarları › İş №2-1(103)-3734/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3734/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3734/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə pensiya almaq hüququnun yarandığı 2013-cü il 12 dekabr tarixindən pensiyanın yenidən hesablanması üçün son təminat xərcliyinə əsasən (yəni dosent elmi ada görə əlavə nəzərə alınaraq) pensiyanın yenidən hesablanması və keçmiş müddət üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «… Azərbaycanın Respublikası Silahlı Qüvvələrdə təqvimlə 22 il, güzəştli ilə ümumilikdə 29 il xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 avqust 2013-cü il tarixli 0371 №-li əmri ilə ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin ”a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq Heydər Əliyev adına AAHM-in idarəetmə kafedrasının baş müəllimi - silsilə rəisi vəzifəsindən azad olmaqla 12 dekabr 2013-ci il tarixdən (Əsas: Heydər Əliyev adına AAHM-in Rəisinin xx.xx.2013-cü il tarixli 233 №-li əmri) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsini müvəqqəti icra etmiş və həmin müddət ərzində ona pul təminatı Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini şöbə rəisi vəzifəsinin vəzifə maaşı və həmçinin dosent elmi adına görə əlavələr olmaqla hesablanaraq ödənilmişdir. Buna baxmayaraq, cavabdehə pensiyanın hesablanması üçün yeni məlumat vərəqi göndərilərkən Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsinin vəzifə maaşının pul təminatı üzrə deyil, baş müəllim-silsilə rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatına əsasən göndərilmişdir. Bununla bağlı tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur.Məhkəmə gedişatı zamanı cavadeh (Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) tələbi ilə razılaşaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni «Məlumat Vərəqi» göndərmiş, həmin «Məlumat Vərəqin»də dosent elmi ada görə əlavə də göstərilmişdir. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur...” Cavabdeh məhkəməyə təqdim etdiyi etirazıda iddianı qəbul etməmiş, rədd ollunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Mərkəzi Filialı tərəfindən iddiaçıya elmi dərəcəyə görə əlavələrin əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadıgı bildirilmişdir. Elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığını, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığını nəzərə alaraq həmin əlavələrin iddiaçıya əmək pensiyası təyin edilərkən təminat xərcliyinizin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı elm dərəcəyə görə əlavələrini nəzərə alaraq pensiyanın yenidən hesablanması yolverilməzdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ ...Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan əmək fəaliyyəti dövrü bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində ona edilən ödənişlər, pensiya təyin olunarkən əsas götürülməli olan məbləğlər aıta və azala bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasmı təmin etmək üçiin “qazanılmış hüqııq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətinnəmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə, iddiaçının dosent elmi ada görə əlavənin pensiya təyinatı zamanı təminat xərcliyinə daxil edilməsi, onun pensiya hüququ yaranan vaxt mümkün idi. Bu, yuxarıda sadalanan normativ aktların tələbindən irəli gəlirdi. Ona görə də hazırki iddia tələbinin həllində 2019-cu il tarixədək olan dövrdə təminat xərcliyini müəyyən edən yuxarıda sadalanan normalar nəzərə alınmalı və iddiaçıya DOSENT elmi ada görə ödənilmiş məbləğ təminat xərcliyinə daxil edilməlidir. Çünki əvvəla, normanın təhlili (izahı) zamanı nəzərə alınmalıdır ki, qanun norması hüquq münasibətini, əks mənası etibarı ilə də əhatə etməklə tənzimləyə bilər. Pensiyalar haqqında qanunvericiliyin 2019-cu ilədək qüvvədə olmuş normalarında pensiya təyin edilərkən büdcədənkənar vəsaitlər və digər əlavələr edilmiş ödənişlərin nəzərə alınmasını birbaşa və ya dolayısı ilə qadağan edən hüquq norması yox idi. ikincisi, “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olmuş 1.0.5-ci maddəsinin redaksiyasında təminat xərcliyini təşkil edən komponentlər (aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr, artımlardan ibarət olan məbləğ) sadalanmışdır. Həmçinin, təminat xərcliyini əks etdirən sənəd kimi «məlumat vərəqi»nin forma və məzmunu müəyyən edilmişdir. Qanunun 1.0.5-ci maddəsinin məzmununda və məlumat vərəqində, dairəsi müəyyən olunmamış «digər əlavələr», «digər növ əlavələr» nəzərdə tutulmuşdur. «Digər əlavələr» anlayışı, həmin normada sadalanan komponentlərlə tam əhatə olunmayan, lakin mahiyyəti etibarilə təminat xərcliyinə uyğun gələn və təminat xərcliyinə daxil edilməsi qanunla qadağan olunmamış məbləğləri (hazırki iş üzrə iddiaçıya “dosent” elmi ada görə hesablanıb verilmiş və ya sığorta haqqı kimi ödənilmiş məbləğləri) ehtiva edir. Qanunvericinin «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” cümləsini əlavə etməsi onu deməyə əsas verir ki, bu düzəliş, həmin normada nəzərdə tutulmuş geniş əhatəli «digər əlavələr» anlayışından «büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər»i xaric etməyə xidmət edirdi. Yəni qanuna bu əlavənin edilməsi özlüyündə təsdiq edir ki, onun qəbulundan əvvəl büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər təminat xərcliyinə aid edilmişdir. Bütün bu göstərilənlərdən aydın olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də, belə qənaətə gəlirik ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmənin gəlmiş olduğu bu əsassız nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməlidir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1828/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir ...” Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, - “...sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir... Apelyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apelyasiya baxışı zamanı aşağıdakı məsələlər araşdırılıb müəyyən edilməlidir: 1. Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində dosent elmi adına görə məbləğin hansı vaxtdan məlumat vərəqində göstərilməsi; 2. Məlumat vərəqində dosent elmi adına görə qeyd edilən 75 manatın Müdafiə Nazirliyi tərəfindən həqiqətən iddiaçıya ödənilməsi; 3. 75 manatdan məcburi sosial sığorta haqqının tutulması. Bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisə mahiyyəti üzrə həllini tapa bilər...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahatında birinci instansiya məhkəməsinin qərarıını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, İPM-in 96.11-ci maddəsinin təlbi qaydasında Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia qismən təmin olunmalıdır. İddiaçının iş materiallarına əlavə edilmiş pensiya işinə dair sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizəsinə və Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli əməlumat vərəqinə əsasən sözügedən departamentin xx.xx.2013cü il tarixli qərarı ilə iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2013-cü il tarixdən 757,14 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçıya pensiya təyin edilərəkən məlumat vərəqi üzrə təminat xərcliyində təsbit olunan “dosent” elmi adına görə aldığı 75 manat əlavə əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır. İddia ərizəsinə və apellyasiya şikaytinin dəlillərinə, habelə işin 12-ci vərəqindəki imtana məktubuna və 39-cü vərəqində olan məlumat vərəqinə əsasən müəyyən oolunur ki, iddiaçı, sonradan dosent elmi adına görə ona ödənilən 75 manat əlavə pensiyasında nəzərə alınmadığından, cavabdeh orqana Müdfaiə Nazirli tərəifindən yeni məlumat vərəqinin göndərilməsinə nail olmaqla, 2013-cü ildə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, lakin sonuncu 29 dekabr 2022-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığı, həmçinin,“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid edilmədiyi nəzərə alınaraq həmin əlavələrin əmək pensiyası təyin edilərkən təminat xərcliyinizin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından, mümkün deyildir. Məhkəmə kollegiyası, aşağıdaklara görə cavabdeh tərəfindən qeyd olunan əsaslarla iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina etməsi qanunsuzdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. (19-cu maddə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240- VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür). Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Konret halda, iddiaçının elmi dərəcəsi (fəlsəfə doktoru (elmlər namizədi), elmlər doktoru) mövcud olmadığından qeyd olunan maddi hüquq normalarının iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələr müəyyən edilməsi haqqında” Qərarını 1-ci bəndi ilə aşağıdakılar qərara alınmışdır.

1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin: ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədləri nin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat; ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat; dosent elmi adına görə: iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat; iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat; iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat; iş stajı 20 ildən artıq olduqda — 100 manat; İşin hallarına görə iddiaçının “dosent” elmi adına malik olması işin tərəflər arasında mübahisələndirilməyən haldır.Müdafiə Nazirliyin tədqiq edilən işə əlavə olumuş məlumat vərəqələrindən də görünür ki, iddiaçının təminat xərcliyinin trkibində dosent elmi adına görə hərbi xidmətdən buraxıldığı günə 75 manat məbləğində əlavə aldığı təsbit olunmuşdur. Eyni zamanda, hazrkı mərhələdə məhkəmə kollegiyası tərəfindən, iddiaçıya sözügedən əlavənin reallıqda ödənilib-ödənilmədiyini, ödənilmişdirsə həmin əlavədən məcburi sığorta haqlarının tutulub- tutulmadığını müəyyənləşdirmək üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə sorğu verilmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-2519/2-3643/2024 No-li məktubu ilə həmin sorğu cavablandırılmışdır. Həmin sorğuya cavab məktubuna əlavə edilmiş 5 vərəqdən ibarət iddiçının Heydər Əliyev adına Hərbi İnstitutda çalışdığı 2008-2013-cü illərdə təminat xərcliyi (əmək haqqı) cədvəlindən aydın olur ki, Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli Qərarında nəzərədə tutulan əlavələri həmin ildən ona ödənilməyə başlamış və ehtiyata buraxıldığı günədək həmin əlavələr, məcburi dövlət sosial sığorta haqları ondan tutulmaqla, ona ödənilmişdir. O cümlədən, ehtiyata buraxıldığı sonuncu günə dösent elmi dərəcəsinə görə ona ödənilən 75 manat əlavədən də 34,43 manat məbləğində sığorta haqları ondan tutulmuşdur (cədvəl işə əlavə olunur) . “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsssən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.3-cü maddəsin əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tədqiq olunan sübutlarla müəyyən olunan halları və qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının dosent elmi adı nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlər mövcuddur. Belə olan halda, həmin Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə də əmək qanunvericiliyinin qeyd olnan tələbləri nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçıya, onun pensaynın yenidən hesablanması barədə sonuncu müraciət etdiyi (ərizənin surəti işə əlavə olunur) xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün pensiyasının yenidən hesablanıb ona ödənilməli olduğu halda, qanunla üzərinə düşən bu öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmaqla iş üçün əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsasəz qərarçıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti əmək pensiyaları haqqında qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi, Müdafiə Nazirliyinin məlumat vərəqi üzrə onun hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyi tərkibində “dosent” elmi adına görə ödənilən 75 manat əlavə nəzərə alınmaqla yenidəq hesablanması və bununla bağlı sonuncu müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3(üç) il üçün ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının - məlumat vərəqi üzrə hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyinin tərkibində təsbit edilən “dosent” elmi adına görə ödənilən 75 manat əlavə nəzərə alınmaqla, yenidən hesablanması və bununla bağlı sonuncu müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3(üç) il üçün ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar