Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3736/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6604/2023 saylı 22 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının mərhum əri Səttər-zadə Nazim İsrafil oğluna sağlığında xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, sonradan xx.xx.2017ci il tarixdən mərhuma sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və bununla bağlı müvafiq ödənişlər edilmişdir. İddiaçının əri Səttər-zadə Nazim İsrafil oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçının müraciəti əsasında ona xx.xx.2022-ci il tarixdən sabiq dövlət qulluqçusu ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş və pensiyasının məbləği 1.201,66 manat müəyyən edilmişdir. Bundan sonra cavabdeh qurum iddiaçının mərhum ərinə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 72394,82 manat, həmçinin dəfn xərci kimi müəyyən olunmuş 720 manat birdəfəlik müavinətin artıq ödənildiyini hesab etmiş, bununla da Səttər-zadə Nazim İsrafil oğlunun dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmaması əsası ilə xx.xx.2022-ci il tarixli **********3 saylı qərarı ilə xx.xx.2015-ci il tarixdə təyin olunmuş pensiya ləğv olunmuşdur. Buna görə də iddiaçının pensiya məbləği hər ay 120,26 manat (artıq ödəmə kimi müəyyən olunan məbləğ) azalmışdır. Hazırda iddiaçı X5 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyasının ləğv edilməsinə dair” cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, onun əmək pensiyasından hər ay 120,256 manat pulun tutulmasının qadağan edilməsini və tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun mərhum ərinə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçıya mərhum ərinin sabiq dövlət qulluqçusu olması səbəbi ilə xx.xx.2022-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin tarixdən etibarən onun pensiya məbləği sonradan xx.xx.2022-ci il tarixli qərarla azaldılmış, pensiya məbləğindən hər ay 120,26 manat tutulmalar həyata keçirilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, mərhum X3 Fondun Yasamal rayon şöbəsi tərəfindən 10 iyul 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Nazim Səttarzadənin güzəştli pensiya hüququ verən sahədə iş stajı yoxdur. Bununla əlaqədar ona 10 iyul 2015-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa əmək pensiyası qanunazidd hesab olunub. Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr sözügedən Qanuna uyğun olaraq pensiya yaşına çatmış və ya bu yaşa çatanadək orqanizminin funksiyalarının 81-100 faizinin pozulmasına görə (İ dərəcəli) əlilliyi müəyyən olunmuş sabiq dövlət qulluqçularına təyin edilir. Lakin mərhum Nazim Səttarzadə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmadığı halda qanunazidd olaraq 18 aprel 2017-ci il tarixindən (həmin tarixdə pensiya yaşı 63 yaş, mərhumun yaşı isə 59 yaş) sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, mərhuma xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 72394,82 manat məbləğində artıq pul vəsaiti ödənilib. Bundan başqa mərhum Nazim Səttarzadənin əmək pensiyası hüququ olmadığı təqdirdə ona dəfn xərci ilə bağlı 720,00 manat məbləğində birdəfəlik müavinət artıq ödənilmiş pul vəsaiti hesab olunur. İddiaçıya Mərkəzi Filial tərəfindən 1 fevral 2022-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhum həyat yoldaşı X1 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 256,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 686,09 manat olmaqla orta aylıq əmək haqqısı 1877,59 manat təşkil etmişdir. Bununla əlaqədar mərhum Nazim Səttarzadəyə hesablanmış şərti əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 34 il 10 ay 20 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1877,59 manat) 80 faizi- 1502,07 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar əmək pensiyası sözügedən Qanunun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (1502,07 manat) 80 faizi-1201,66 manat məbləğində müəyyən edilib, həmçinin ona cari ilin fevral ayı üzrə ödənilməli olan 1201,66 manat pul vəsaiti hesablanıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçı tərəfindən geri qaytarılmalı olan 71913,16 (72394,82+720,00- 1201,66) manat artıq pul vəsaiti müəyyən edilib. Həmin 71913,16 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay 120,26 manat məbləğində olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2023 saylı 22 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, “Əmək pensiyasının ləğv edilməsinə” dair cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı X2 əmək pensiyasından hər ay 120,26 manat pulun tutulmasının qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edildiyindən mümkün hesab olunmalıdır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı X2 əmək pensiyasından hər ay 120,26 manat pulun tutulmasının qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” ilə bağlıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki işdən görünür ki, iddiaçının mərhum əri X3 Fondun Yasamal rayon şöbəsi tərəfindən 10 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. X4 xx.xx.2022-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş və pensiyasının məbləği 1.201,66 manat müəyyən edilmişdir. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının mərhum əri Səttər-zadə Nazim İsrafil oğlunun dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmaması əsası ilə xx.xx.2015-ci il tarixdən təyin olunmuş pensiya ləğv olunmuşdur. Göründüyü kimi, inzibati orqan tərəfindən xx.xx.2015-ci il tarixdən təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş pensiyadan tutulmalar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aparılmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya (mərum ərinə) artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının mərhum ərinə və sonradan onun özünə təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının mərhum ərinə 10 iyul 2015-ci il tarixdən tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 71913,16 manat artıq ödəmənin geri qaytarılmasını təmin etmək məqsədilə hər ay pensiyasından 120,26 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edildiyini göstərməklə kifayətlənmişdir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan 71913,16 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Həmçinin belə artıq ödəmələrin iddiaçının və ya onun mərhum ərinin təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı X2 əmək pensiyasından hər ay 120,26 manat pulun tutulmasının qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi” barədə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2023 saylı 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6604/2023 saylı 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3736/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3736/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver