Məhkəmə qərarları › İş №2-1(103)-3736/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3736/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3736/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elnur Məmmədsaat oğlu Həsənovdan və X7 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. ASAN 5 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2. Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının adına qeydə alınmış 29 saylı xx.xx.2024-cü il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi və ona əlavə edilmiş iş materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədən görünür ki, iddiaçı cavabdeh tərəfindən soyadının və adının öz istəyi ilə, “İddiaçı”ya dəyişdirilməsini xahiş etmişdir. Ərizə forması son hissədə iddiaçı tərəfindən şəxsən imzalanmaqla, təsdiq edilmişdir.

3. 5 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş X3 “Həsən”, adını isə “Ahu” olaraq dəyişdirmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli, 29 №-li qeyd aparılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının sonluğunun “Həsənzadə” kimi yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Doğulan vaxt valideynləri ona “Xalidə” adını qoymuş və doğum haqqında akt qeydində “X6” yazılmaqla, ona doğum haqqında şəhadətnamə verilmişdir. “Xalidə” adını bəyənmədiyi üçün, iddiaçı 2024-cü ildə adını dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə o, 5 saylı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, orada iddiaçıya ərizəblank təqdim edilmiş və həmin blankı yazaraq doldurmaq tapşırılmışdır. Blankı tam yazıb hazır etməmiş, blanka mürəkkəb ləkəsi düşdüyü üçün qeydiyyat şöbəsinin əməkdaşı həmin blankı dəyişmək lazım olduğunu bildirərək, ləkəli blankı alıb, yeni blank təqdim etmiş və yenidən blankı yazıb doldurmasını bildirmişdir. Birinci blankda iddiaçı soyadını səhvən “Həsən” kimi yazmışdı, lakin o blank tam hazır deyildi, onu yazıb tamamlamamışdı. Mürəkkəb ləkəsi düşdüyünə görə həmin blank atılacaqdı və iddiaçının yenidən doldurduğu ikinci blank nəzərə alınacaqdı. İkinci ərizə-blankda isə iddiaçı soyadını olduğu kimi yəni “Həsənzadə”, adını isə dəyişərək “Ahu” yazmış və imzalayıb ərizə-blankı qeydiyyat şöbəsinin əməkdaşına təqdim etmişdir. Doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini alan zaman müəyyən etmişdir ki, soyadı “Həsən” kimi yazılmışdır. İddiaçı növbəti dəfə 5 saylı Bakı şəhəri Cavabdehnə müraciət edib, baş verən yanlışlığı onlara izah etmiş, bildirmişdir ki, o, soyadının sonluğunu dəyişmək istəmirdi, yanlışlıq səbəbindən soyadının sonluğu dəyişib və xahiş etmişdir ki, soyadında düzəliş edilib, əvvəl olduğu kimi yəni “Həsənzadə” yazılsın. 5 saylı Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda soyadında ikinci dəfə dəyişiklik edilməsinin mümkünsüz olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı bildirir ki, soyadının sonluğunu dəyişmək istəməyib, qeydiyyat şöbəsinə də yalnız adının dəyişdirilməsi üçün müraciət etmişdir. Lakin 5 saylı Bakı şəhəri Cavabdeh əməkdaşlarının yanlışlığı və səhvi nəticəsində onun soyadının sonluğu dəyişdirilmişdir. Soyadının “Həsən” kimi yazılması onu narahat edir. Özünü o soyadda düşünəndə sıxılır. Hesab edir ki, gələcək karyerasında və şəxsi həyatında belə bir soyadı daşıması ona narahatlıq gətirəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının “Həsənzadə” kimi yazılması və ona bu barədə müvafiq doğum şəhadətnaməsinin verilməsi öhdəliyi məhkəmə qərarı ilə 5 saylı Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir.

6. Cavabdeh iddiaya eiraz edir və bildirir ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarının 5-ci bəndinin 10-cu yarımbəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 29 saylı xx.xx.2024-cü il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən X2 “Həsən”-ə, adı “Ahu”-ya dəyişdirilmiş və mövcud qanunvericiliyə əsasən vətəndaşa soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinin mümkünsüzlüyü izah edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “iddiaçının soyadında düzəliş düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə ədalətli məhkəmə araşdırması nəticəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırıq.”

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər iclasda iştirak etməmişdirlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, iddiaçı soyadının sonluğunun növbəti dəfə dəyişdirilərək “Həsənzadə” soyadı ilə əvəz edilməsini tələb edir.

20. Cavabdeh orqan isə qanunun tələbinə əsasən soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyini bildirərək, imtina cavabı vermişdir.

21. İş materiallarından görünür ki, iddiaçının soyadı, adı və ata adı X6 olmuş, sonradan iddiaçı öz soyadının sonluğunu və adını dəyişdirmək qərarına gələrək bununla bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmişdir. Nəticədə iddiaçının soyadı “Həsən”, adı “Ahu” kimi dəyişdirilərək bu barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydlər aparılmışdır.

22. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh qeydiyyat şöbəsinə müraciət edərək öz istəyi ilə soyadının “Həsənzadə”dən “Həsən”ə dəyişdirilməsini xahiş etmiş və X1 və adının dəyişdirilməsi haqqında Rəyə əsasən iddiaçı adı və soyadını “Həzənzadə Xalidə”-dən “İddiaçı”-ya dəyişdirmişdir.

23. Qanunvericiliyin tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşına yalnız bir dəfə olmaqla mövcud soyad sonluğuna dəyişiklik edilməsi hüququ tanınır və növbəti dəfə dəyişdirilməsi istisna edilir. Belə olan halda iddiaçı bu hüququndan artıq istifadə etdiyindən qanunvericiliyin istinad olunan tələbləri baxımından cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz.

24. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının qeydiyyat şöbəsinə adı və soyad sonluğunun dəyişdirilməsi üçün əvvəlki müraciətində təkcə adının dəyişdirilməsi üçün müraciət etdiyini və texniki səhv (yanlışlıq) nəticəsində soyad sonluğunun da dəyişdirildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən soyadının yenidən, “Həsənzadə”yə qaytarılmasına dair müraciəti isə cavabdeh tərəfindən onun ad və soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı müvafiq hərəkətlər başa çatdıqdan sonra (şəhadətnamə verildikdən sonra), yəni xx.xx.2024-cü il tarixdə olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar