Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3737/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədirlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (indiki adı Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, vergi orqanında qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2022-ci ildə müxtəlif malların satışını həyata keçirmiş və həmin malların satışına dair elektron qaimə-faktura təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların satışı üzrə gəlir 181792,29 manat göstərilmiş, malların alışı elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş mal alışı üzrə 28034.60 manat göstərilmişdir. Eyni zamanda İddiaçı vergi ödəyicisi kimi mikro sahibkarlıq subyektlərinə aid olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilən 75% güzəştdən istifadə etmişdir. Bu əməliyyatlar aparılarkən alınmış mallar Sədərək TM-dən müxtəlif fiziki şəxslərdən alınmış və alışı lazımı qaydada rəsmiləşdirilməmişdir. Belə ki, əməliyyatlar aparılan zaman Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəkı güzəşt nəzərə alınaraq alış sənədləri əldə edilməmiş, bəyannamədə malların alış qiymətləri ilə xərclər göstərilməmişdir. Bu güzəşt 2022-ci ilin 01 yanvar tarixindən yalnız gəlir və xərclərinin uçotunu aparan vergi ödəyicısınə tətbiq edildiyindən kameraİ vergi yoxlaması keçirilmiş və müvafiq Qərarla həmin güzəşt ləğv edilmiş və 24848,06 manat gəlir vergisi hesablanmışdır.Vergi orqanı kameral vergi yoxlaması aparan zaman İddiaçı xərclərini müəyyən edə bilməmiş, elektron qaimə faktura və bank sənədləri ilə müəyyən edə bildiyi xərclər əsasında gəlirini 191.624,07 manat, mal alışı üzrə xərcini isə 28.034,60 manat olaraq təsdiq etmişdir. Vergi Məcəlləsınin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərın düzgün hesablanması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicısinə 5 iş günü müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bu maddədə göstərilən hallarda və (və ya) kameral yoxlamanı aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edılmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.VM-nin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü maddəsi ilə kameral vergi yoxlaması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, gəlirlər, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; mülkiyyətində və ya istifadəsində olan maddı və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətləin) fiziki həcmi barədə rəsmi məlumatlar; idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, aparılmış xronometraj müşahidələrin nəticələri, əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əldə etməklə hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən 67.1ci maddədə göstərilən hallarda vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin qaydalar, Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”dır. Beləliklə, vergi orqanı fiziki şəxsin xərcini müəyyən edə bilmədiyi təqdirdə, əldə edilmiş mənfəəti (gəliri) göstərilən qaydalara əsasən şərti rentabellik 20% olmaqla gəlirə görə hesablamalıdır. Buna baxmayaraq vergi orqanı İddiaçı təqdim edilmiş malların 17%-i miqdarında mənfəət vergisi müəyyən etmişdir. Gəlir 181.792,29 manat olduğu halda, mənfəət vergisi 32,475,29 manat müəyyən edilmişdir.Beləliklə, vergi orqanı tərəfindən vergilər hesablanarkən Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə" 55 nömrəli qərarının tələblərini gözləməmiş yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********838700 nömrəli Qərarı ilə İddiaçı 24848.06 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli məktubla vergi orqanına müraciət edilərək vergilər hesablanarkən Vergi Məcəlləsinin 37.4cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tələblərinə əməl edilməsi xahiş edilmişdir. Buna baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tələblərinə əməl etmədən xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarla hesablanmış vergiləri qüvvədə saxlamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-cİ il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" sözügedən məsələni tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixdə cəmi 182.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Sayba N7, Anker bolt 8*50, Sayba N50 və s.” satışda qeyd olunsa da elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Həmçinin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, 3.1.2-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Odur ki, qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində ‘Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli, **********921900 nömrəli Qərar qəbul edilmişdir. Kameral vergi yoxlamasına isə münasibətdə bildirilir ki, aparılan araşdırma zamanı 2022ci il ərzində vergi ödəyicisi tərəfindən 184874,99 manat dəyərində olan e-qaimələrin təqdim edilməsinə və NKA-ya 6749,08 manat məbləğlərin mədaxil edilməsinə baxmayaraq müvafiq dövrün gəlir vergisi bəyannaməsinin gəlir sətirlərində 181792,29 manat göstərilmişdir ki, bu da 9831,78 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarının 2.1.1-ci, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə, riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Odur ki, vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli, **********052900 nömrəli məktubla müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-cı ilin gəlir vergisi üzrə 24848,06 manat ((191624,07- 29247.60) 20%)) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********550600 nömrəli “Vergiərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-cı il tarixli, 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1-20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh təşkilat müvafiq qərarı məhkəməyə təqdim edərək, bildirmişdir ki, iddiaçının arzuladığı azaldılmalarla bağlı qərar vergi orqanı tərəfindən qəbul edilmiş və tərəflər arasında hər hansı bir mübahisə qalmamışdır. Ona görədə cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərar vergi orqanı tərəfindən ləğv edilmiş, xx.xx.2024-cü il tarixdə yeni qərar qəbul edilmiş və müvafiq azalmalar aparılmışdır. Odur ki, vergi orqanı tərəfindən qəbul edilmiş yeni qərarla razıdır. Bu səbəbdən heç bir şikayətinin qalmadığını, mübahisənin həll olunduğunu bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərarı ləğv olunsun. İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmur.
Məhkəmə qərarları › İş №2-1(103)-3737/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3737/2024
26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver