Məhkəmə qərarları › İş №2-1(103)-374/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-374/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-374/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Qocayev Əlövsət Qoca oğlunun və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN- **********; Hüquqi ünvanı – AZ1078, Bakı şəh., Nərimanov ray., X4 küç., ev 18A; Qanuni təmsilçisi – Qocayev Əlövsət Qoca oğlu; Dövlət qeydiyyatına alındığı tarix - xx.xx.2004-cü il) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və qeyrisinə qarşı “aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-5701/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********138298 saylı qərarının və həmin qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2020-ci il tarixli **********188213 saylı “Səyyar vergi yoxlaması” aktının qanunsuz hesab edilməklə ləğv edilməsini, Cəmiyyətin şəxsi hesab vərəqindən həmin xx.xx.2020-ci il tarixli qərara əsasən işlənilmiş 1.478.740,26 manat əlavə vergi və 760.017,39 manat maliyyə sanksiyası məbləğlərinin silinməsi barədə, səyyar vergi yoxlaması başlayan tarixədək Cəmiyyət tərəfindən təqdim edilmiş 2016-cı ilin noyabr, 2018-ci ilin yanvar,mart, iyun və iyul ayları üçün ƏDV bəyannamələrinin və həmin bəyannamələrin yük gömrük bəyannamələrinə aid əlavələrinin tərtibatında yol verilmiş səhvlərin mexaniki səhvlər kimi qiymətləndirilərək, həmin səhvlərə görə bərpa edilmiş vergi məbləğlərinə görə Cəmiyyətə məsuliyyətin müəyyən olunmaması barədə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanmasında istifadə edilmiş 14 №-li və 30 №-li illik rəsmi statistika hesabatlarının qüvvədə olan aidiyyəti qanunvericiliyə görə, maliyyə sahəsinin sənədlərinə aid edilmədiyini və həmin hesabat məlumatlarından qanunvericiliklə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsəd üçün istifadənin qəti qadağan edildiyini əsas tuturaq, həmin hesabatların məlumatlarından vergilərin birbaşa müəyyən edilməsində istifadə olunmasının qanunazidd olması və bu hərəkətlərin cavabdeh tərəfindən edilməsinin qadağan olunması barədə və mülki qanunvericilikdə müqaviləyə və onun bağlanmasına dair müddəaların tələblərini əsas götürməklə və cavabdehin xx.xx.2019-cu il tarixli **********191662 saylı qərarına əsasən “Azərekspertiza” Birliyinin ekspertinin xx.xx.2019-cu il tarixli rəyinin 6-cı fəslində qeyd olunan ifadələri və bununla da rəy üzrə yekun qənaətin həqiqətə uyğunluğunun şübhə doğurmasını nəzərə alaraq, Cəmiyyətin bağladığı icarə müqaviləsinin şərtlərinin olduğu kimi qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********188213 saylı “Səyyar vergi yoxlması” aktına əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********138298 saylı qərarı əsasında 1.478.740,26 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 760.017,39 manat maliyyə sanksiyası məbləğlərinin Cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənilməsi səbəbindən yaranmış vergi borcunun dondurulmasına dair, eyni zamanda yuxarıda qeyd olunan artıq məbləğinə qədər yaranacaq vergi borcunun alınmasına və ya dondurulmasına dair cavabdeh tərəfindən Cəmiyyətin bank və ƏDV sub-uçot hesablarına göndərilmiş sərəncamların geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək, hazırkı inzibati iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını və iş üzrə Dövlət Vergi Xidmətinin cavabdeh kimi iştirakına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli iddianın baxılmadan geri qaytarılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Həmçinin İddiaçı MMC məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə də təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddianın qaldırılmasına əsas olan səyyar vergi yoxlamasının nəticəsi üzrə aktı ilə hesablanmış əlavə vergi məbləği və faiz məbləği, tətbiq edilmiş maliyyə sanksiyasına görə MMC-nin şəxsi hesab vərəqəsində həqiqətə uyğun olmayan, şişirdilmiş vergi borcu yaradılmış və bununla da həmin akta qədər olan tarixə MMC-nin şəxsi hesab vərəqəsində olan artıq ödəmə yeni vergi borcuna aid edilmişdir. xx xxxx 2020-ci il tarixli qərar üzrə əsassız əlavə vergi öhdəlikləri MMC-nin şəxsi hesab vərəqəsində göstərilməmişdən əvvəlki – xx xxxx 2020-ci il tarixə onun şəxsi hesab vərəqəsində 1.024.898,08 manat məbləğində artıq ödəməsi olmuşdur. Vergi qanunvericiliyinə əsasən MMC-nin yeni yaranan vergi öhdəlikləri mövcud artıq ödəmə ilə nəzərə alınmışdır. Qeyd edilən “xxxx” vergi borcu sayəsində MMC-nin bütün bank və ƏDV sub-uçot hesabları müvafiq sərəncamlar hesabına dondurulmuşdur. Həmin vergi borcu sayəsində MMC-nin yeni yaranan vergi öhdəlikləri vergi borcu məbləğinin hər hesabat dövründən sonra artırılmasına və eyni zamanda qurumun bütün bank və ƏDV sub-uçot hesablarına yeni borcun alınması barədə sərəncamların qoyulmasına gətirib çıxarmışdır ki, bu da bank hesabına mədaxil olan debitor vəsaitlərin tam məbləğdə dövlət büdcəsinə ödənilməsinə səbəb olur. Beləliklə, sadalanan xüsusatlara əsasən hesab olunur ki, MMC tərəfindən qaldırılan iddia üzrə mübahisələndirilən predmetlə bağlı işə mahiyyəti üzrə baxıldığını, həmin iddia üzrə gətirilən rəsmi sübutedici sənədlərə əsasən arqument, dəlil və faktların iddia tələbinin təmin edilməsi üçün yetərli olduğunu, habelə qüvvədə olan qanunvericiliyə görə artıq ödənilmiş məbləğlərin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildiyini və səyyar vergi yoxlamasının əsassız nəticələri hesab olunan əlavə vergi öhdəliklərinin MMC-nin şəxsi hesab vərəqəsinə işlənilməsi alınanadək həmin vərəqədə vergilər üzrə 1.024.898,08 manat artıq ödəmənin olmasını nəzərə alaraq, MMCnin qeyd etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx xxxx 2020-ci il tarixli **********138298 saylı qərarı əsasında əsassız hesablanmış 1.478.740,26 manat əlavə vergi məbləğinin və əsassız tətbiq edilmiş 760.017,39 manat maliyyə sanksiyasının şəxsi hesab vərəqəsinə işlənilməsi səbəbindən yaranmış vergi borcunun dondurulmasına dair, eyni zamanda bundan sonra yuxarıda qeyd edilən artıq məbləğ qədər yaranacaq vergi borcunun alınmasına və ya dondurulmasına dair cavabdeh tərəfindən MMC-nin bank və ƏDV sub-uçot hesablarına göndərilmiş sərəncamların geri qaytarılması cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən, AR Konstitusiyasının 12 və 26-cı maddələrinə, AR Vergi Məcəlləsinin 15.1.7, 15.1.9, 15.2, 62.1, 62.2-ci maddələrinə, İPM-in 40, 41, 43-cü maddələrinə uyğun olaraq, məhkəmədən cavabdehin xx xxxx 2020-ci il tarixli **********188213 saylı “Səyyar vergi yoxlaması” aktına əsasən qəbul etdiyi xx xxxx 2020-ci il tarixli **********138298 saylı qərarı əsasında 1.478.740,26 manat əlavə vergi məbləği və tətbiq edilmiş 760.017,39 manat maliyyə sanksiyası məbləğinin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilməsi səbəbindən yaranmış vergi borcunun dondurulmasına dair, eyni zamanda bundan sonra yuxarıda qeyd edilən artıq məbləğə qədər yaranacaq vergi borcunun alınmasına və ya dondurulmasına dair cavabdeh tərəfindən MMC-nin bank və ƏDV sub-uçot hesablarına göndərilmiş sərəncamların geri qaytarılması barədə qərardad çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5701/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı MMC-nin “müvəqqəti xarakterli müdafiə barədə” ərizəsi qismən təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı MMCnin bank və ƏDV sub-uçot hesablarında vəsaitlərin mübahisələndirilən borc, yəni Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********138298 saylı qərarı əsasında hesablanmış 1.478.740,26 manat əlavə vergi və tətbiq edilmiş 760.017,39 manat maliyyə sanksiyası (ümumilikdə 2.238,457,65 manat) məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən vergi borcu və maliyyə sanksiyasının iddiaçıdan tələb edilməsi, onun tutulmasına yönələn hər hansı hərəkətin edilməsi cavabdehlər AR İN yanında Dövlət Vergi Xidmətinə və AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilmişdir. Ərizə qismən təmin olunsa da, iddiaçı tərəfindən qərardaddan apellyasiya şikayəti verilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad iddiaçının vergi öhdəliklərinin alınmasına maneə yaratmışdır. Belə ki, vergi borcunun dövlət büdcəsinə məcburi qaydada alınmasını cavabdehə qadağan edilməsindən sonra vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq, mülkiyyətində olan siyahıya alınmış əmlak barəsində hərəkətlər edilməsi qadağan edilmişdir.Məhkəmənin mübahisələndirilən qərardadından göründüyü kimi məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirmədən yalnız iddiaçının formal mülahizələri əsasında müvvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə iddiaçının direktoru Əlövsət Qocayev məhkəməyə ərizə ünvanlayaraq İddiaçı MMC-nin iddia tələbinə dair 2-1(103)- 2103/2020 saylı iş üzrə qərardaddan verilmiş iddiaya baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında qarşılıqlı razılaşmaya əsasən mübahisə həll olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, cavabdeh ilə aralarında mübahisə olmadığından iddia tələbini geri götürdüyünü bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında mübahisə olmadığından ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclası barədə məlumatlandırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iddiaçının ərizəsini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş iddiaçının iddia tələbinin geri götürülməsi barədə ərizəsinə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan İddiaçı Nizamnaməsinə əsasən Cəmiyyətin təsisçisi X3; Cəmiyyət Naxçıvan MR Ədliyyə Nazirliyində xx.xx.2006-cı il tarixdə, 1206-O4-185 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı hüquqi davamçısıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – İPM) müvafiq olaraq maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər (40.1.). Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər (40.3.). Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi (43.1.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmə tərəfindən tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbiri ilə iddiaçı tərəfindən irəli sürülmüş, yaxud irəli sürüləcək iddia tələbi arasında müəyyən bağlılıq mövcuddur. Bu iddiaçının hüquqlarına toxunan və onun mübahisələndirdiyi inzibati aktın icrasını dayandırılması, yaxud iddianın təmin edilməsinə yönəlmiş digər tədbirlərin görülməsi ilə bağlı ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi» iddia tələbini irəli sürmüş, daha sonra müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İddiaçının müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşin apellyasiya icraatı zamanı isə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh ilə aralarında heç bir mübahisənin qalmadığı qeyd etmiş, məhkəmə iclası zamanı isə iddia tələbindən imtina etdiyini bildirmişdir. Yuxarıda qeyd edilən prosessual normaların məzmunundan göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi ilə əlaqədar olduğundan və hazırkı iş üzrə iddiaçı iddia tələbindən imtina etməsi barədə məhkəməyə ərizə ünvanladığından məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddiaçının iddia tələbindən imtina barəsində ərizəsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ərizəyə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi tələb olunduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən ərizənin araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 40-44-cü, 90cı və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5701/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və qeyrisinə qarşı “aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi” tələbinə dair inzibati iş İddiaçı MMC-nin direktoru Əlövsət Qocayevin xx.xx.2020-ci il tarixli iddianın baxılmadan geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar