Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-374/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızının və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, onun vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqın ödənilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4896/2021 saylı, 18.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisinin 139 ş/h nömrəli 07.08.2020-ci il tarixli əmrinin ləğv olunması, onun əvvəlki xidmət yerinə bərpa olunması və ona 07.08.2020-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 04.01.2003-cü il tarixdə Dövlət Sərhəd Xidmətində işə qəbul olunmuş, 2013-cü ildən isə gizir rütbəsində hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Yaşlı atası və anası onun himayəsində yaşayır. Ailənin yeganə qazanc yeri onun işi idi. Lakin əvvəlcədən xidmət müqaviləsinin uzadılması barədə ondan ərizə alınsa da sonradan, kadrlar bölməsindən səbəbi izah edilmədən ona bu il müqavilənin müddətinin uzadılmayacağı bildirilmişdir. Bununla bağlı xidmət rəisinə ünvanladığı müraciətdən sonra 26.08.2020-ci il tarixdə Hərbi Hospitalın rəhbərliyi tərəfindən xidmət rəisinin göstərişinə əsasən xidmət müddətinin uzadılacağı ona bildirilmişdir. Onun son vəzifəsi həmin Xidmətin Hərbi hospitalında şüa-diaqnostika bölməsinin rentgen-laborantı idi. O, 17.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 139 ş/h nömrəli 07.08.2020-ci il tarixli əmri ilə səbəb bildirilmədən xidmətdən ehtiyata buraxılmışdır. İşdən azad olunma barədə əmr 07.08.2020-ci il tarixdə verilsə də, 17.09.2020-ci il tarixədək ona bu haqda bildirilməmiş, adi qaydada işə gəlib-getmiş, öz vəzifə öhdəliklərini yerinə yetirmiş, 17.09.2020- ci il tarixdə ona işə gələndə işdən azad olunduğu bildirilmişdir. O, işlədiyi müddət ərzində üzərinə düşən bütün xidməti öhdəliklərini lazımınca yerinə yetirmiş, hər hansı nöqsanlara və pozuntulara yol verməmiş, əksinə, nümunəvi xidmətinə görə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü, 2-ci və 1-ci dərəcəli” medallarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Sərhəd Mühafizəsinin 95 illiyi və 100 illiyi” yubiley medalları ilə təltif olunmuş, xidmət dövründə təşəkkürnamə və fəxri fərmanlara layiq görülmüş və heç vaxt intizam qaydasında töhmət və xəbərdarlıq almamışdır. Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.4-cü maddəsinin xidmət müddəti barədə müddəaları imperativ xarakter daşımır və həmin maddənin müddəalarına əsasən, xidmətdən ehtiyata buraxılma işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə olan halda işəgötürən onu xidmətdən ehtiyata buraxmaq əvəzinə qüsursuz xidməti dövründə nümunəvi xidmət aparmasını, xidmət müddətində heç bir intizam tənbeh tədbirinə məruz qalmamasını, habelə yaşlı ata və anasının onun himayəsində yaşamasını, ailənin yeganə qazanc yerinin onun işi olmasını, pandemiya dövründə işsiz qalmağın çətinliklərini nəzərə alaraq müqavilə müddətini uzada bilərdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.4-cü maddəsinə əsasən gizirlər üçün xidmət müddəti 5 il göstərilsə də sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin Qanunun 39.1.2-ci maddəsinə əsasən gizirlər üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi isə 45 yaş müəyyən edilmişdir. Lakin xidmətdən ehtiyata buraxılma barədə mübahisəli əmr verilərkən onun xx.xx.1983-cü il təvəllüdlü (38 yaş) olması və gizir rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmaması nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4896/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış xidmət müqaviləsinə xitam verilməsi barədə əmrin əsası (xidmət müddəinin başa çatması) qanunvericiliyə ziddir. Əmr qanunverijiliyin tələbləri kobud pozulmaqla çıxarılmışdır. Çünki, 03.06.2013-cü il tarixdə 5 il müddətinə öhdəlik ilə əlaqədar xidmətə qəbul edildiyindən onunla xidmət müqaviləsi 07.08.2020-ci il tarixdə, yəni 7 il sonra 03.06.2018-ci il tarixdə xitam olunmalı idi. Buradan tam aydın olur ki, onunla xidmət münasibətləri xidmət müqaviləsinin müddəti bitdikdən sonra 2 il 3 ay 14 gün davam etdirilmişdir. Odur ki, xidmət müqaviləsi xidmət müddətinin başa çatması əsası ilə xitam oluna bilməzdi. Belə ki, qüvvədə olan qanunverijiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Bu əsasla iddiaçı ilə bağlanmış müqavilə 03.06.2023-cü ilədək uzadılmış hesab olunmuşdur. Bundan əlavə «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 4.2-ci maddəsinə əsasən hərbi qulluqçu o cümlədən, döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. İddiaçı ilə bağlanmış xidmət müqaviləsinin 5 illlik müddəti bitdikdən sonra 2 il 3 ay 14 gün davam etdirmiş, əmək funksiyalarını qanunvericiliyə uyğun yerinə yetirmiş və işçiyə 17.09.2020-ci il tarixinədək əmək haqqı hesablanmışdır. Bu hal onunla bağlanmış xidmət müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə yəni 03.06.2023-jü ilədək uzadılmasını bir daha təsdiq edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun vəkili E.Abdullayev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Məmmədov iddiaçı ilə bağlanmış müqavilənin 5 illik xidmət müddəti müddəti 03.06.2018-ci ildə bitdikdən sonra, 03 iyun 2020-ci il tarixinədək uzadıldığını, daha sonra isə 07.08.2020-ci il tarixli əmrlə xidmət müdddəti bitdiyinə görə ehtiyata buraxıldığını bildirərək, xidmətə qəbu və uzadlma barədə arxiv arayışlarını məkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: «…36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla)... Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, 19 yaşından 40 yaşınadək gizir qadınlar, tərəflərin razılığı ilə ilk öncə, 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul edilir, həmin müddət bitdikdən sonra isə onlar son yaş həddi 40 yaşına çatanadək həqiqi hərbi xidmətdə olmanın müddəti 5 ilədək olan müddət çərçivəsində uzadılır, xidmət müddəti (istər uzadılmadan əvvəl, istərsə də uzadlma müddəti bitdikdən sonra) başa çatdığına görə onlar ehtiyata buraxılır. İş materiallarına əsasən, o cümlədən, hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arxiv arayışlarına əsasən müəyyən olunur ki iddiaçı (gizir) İddiaçı 5(beş) il gizir qismində xidmət etmək üçün öhdəlik verməsi ilə əlaqədar «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 36.1.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 03.06.2013-cü il tarixli 958ş/h №li əmri ilə Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilərək Şüa-diaqnostika bölməsinin rentgen laborantı vəzifəsinə təyin edilmişdir. Həmin beş illik xidmət müddəti bitdikdən sonra isə onun xidmət müddəti Dövlət Sərhəd Xidməti rəisinin birinci müavininin 08.06.2018-ci il tarixli 73 ş\h №-li əmri ilə həmin Qanunun 38.1.4-cü maddəsinə əsasən 03.06.2018-ci il tarixindən 03 iyun 2020-ci il tarixinədək (2 il) uzadılmışdır (İddiaçının iddia ərizəsinin qeyd olunan məzmunundan da göründüyü kimi, xidmət müddəti uzadılarkən ondan ərizə alınmışdır). Həmin uzadılma üzrə xidmət müddəti qurtardıqdan sonra isə cavabdehin 07.08.2020-ci il tarixli 139 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır Göründüyü kimi, iddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 36.1.3-cü və 38.1.4-cü maddələrinə müvafiq olaraq ilk öncə 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul olunmuş, həmin xidmət müddəti bitdikdən sonra isə onun xidmət müddəti daha 2 il də uzadılmış, bundan sonra o, Qanunun 41.0.1-ci maddəsinə müvafiq olaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçının həm xidmətə qəbul edilməsi, həm də ehtiyata buraxılması qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xidmətdən ehtiyata buraxılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını vurğulamaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə, həmin müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflər müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməli olduğunu mübahisələndirən, başqa sözlə, onun Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə uyğun olan əsaslandırıcı dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həm də bununla əlaqədar onu qeyd edir ki, Əmək Məcəlləsi 6cı maddəsinin “a” bəndinin tələbinə görə bu Məcəllə hərbi qulluqçulara şamil edilmir. Ən əazından bu baxımdan iddiaçının sözügedən dəlilləri ilə razılaşmaq mümkün deyil. İddiaçının apellyasiya şikayətinin məzmunundan belə anlaşılır ki, son 40 yaşı həddinə çatanadək xidmətdə olma müddəti uzadılmış hesab edilməli olduğunu və özünü Hərbi Qulluqçuların statusu haqqında“ Qanunun 4.2-ci maddəminə istinadən özünü xidmət başında hesab edərək, 40 yaşa çatdıqda, məhz xidmətdən azad edilə bilməsini mübahisələndirir. Görünür iddiaçı tərəfindən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0 - 41.0.1-ci maddəsi düzgün təfsir olunmur. Həmin normanın qeyd olunan məzmununa məhkəmə kollegiyası bir daha aydınlıq gətirərək qeyd edir ki, ehtiyatda olmağın son yaş həddinə çatmayan (o cümlədən, 40 yaşına çatmayan gizir qadınlar ) ehtiyatda olmağın son yaş həddinə çatanadək, onların xidmət müddəti (bağlaşmaya və uzadılmaya müvafiq olaraq) başa çatdığına görə onlar həqiqi hərbi xidmətdən ehtiyata buraxıla bilər. Yəni, burada qanunun - xidmətdən ehtiyata buraxılmanın iki halını nəzərdə tutur: 1. xidmətdə olma müddəti başa çatdığına görə; 2. son yaş (40) həddinə çatdığına görə. Konkret halda da, İddiaçı qanuna müvafiq olaraq xidmətdə olma müddəti (konkret halda uzadılma müddəti) başa çatdığına görə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının sözügedən dəlilləri də əsassızdır. Beləliklə, cavabdehin mübahisələndirilən əmrinin İPM-in 14.1-ci maddəsinə müvafiq olaraq qəbulunu zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, həmin əmr iddiaçının hüquqlarını poza bilməz. Sözügedən Məcəllənin 70.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4896/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4896/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-374/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-374/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver