Məhkəmə qərarları › İş №2-1(103)-374/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-374/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-374/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəmədə iddia qaldıraraq, onun 1981- 1993-cü illər üzrə iş stajına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1975-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki Pedaqoji Məktəbinə daxil olmuş, 1 il oxumuşdur. 1976-1978-ci illər ərzində hərbi xidmətdə olmuş, 1978-1981-ci illər ərzində qeyd edilən məktəbdə təhsilini davam etdirmişdir. Şəki Pedaqoji Məktəbində əyani təhsil almış, 1982-1987-ci illər ərzində M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) qiyabi təhsil almış, xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək fasiləsiz olaraq Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim işləmiş, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən Rayon Təhsil Şöbəsində saxlanılan və müvafiq qeydləri özündə əks etdirən əmək kitabçası rayonda qalmışdır. Məlum səbəbdən müvəqqəti olaraq işsiz qalmışdır. Məcburi köçkün və şəhid ailəsinin başçısıdır. xx.xx.1993-cü il tarixli, 12 nömrəli əmrlə Bakı Neft Qaz Mədən avadanlıqları zavodunun nəzdində fəaliyyət göstərən “Yapışdırıcı” kooperativində təchizatçı vəzifəsinə işə qəbul olunmuş, əmək kitabçası olmadığı üçün 05 may 1993-cü il tarixində onun adına ИТ-İ ******* nömrəli yeni əmək kitabçası açılıb. Yeni açılmış əmək kitabçasında Kəlbəcər rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 265 nömrəli arayışına əsasən 1981-1993-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (“xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon Çorman kəndində müəllim işləmiş, Kəlbəcər rayonunun işğalından sonra işsiz qalmışdır”) aparılmışdır. Onun qeyd edilən müddət ərzində Kəlbəcər rayon Çorman kənd orta məktəbində fasiləsiz olaraq müəllim işləməyini müəllim yoldaşları, dərs dediyi şagirdlər və onu tanıyan hər bir şəxs təsdiq edə bilər. O, xx.xx.2022-ci il tarixində təqaüd yaşına çatmışdır. Yaşa görə əmək pensiyasının hesablanması üçün DOST mərkəzinə əmək kitabçasından çıxarış, əyani təhsil haqqında arayış və tələb olunan digər sənədlər təqdim edilmişdir. DOST mərkəzi tərəfindən təyin edilmiş 495.74 manat təqaüd onu qane etmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyev tərəfindən xx.xx.2023-cü il tarixli, 317- 1/2-1- 28293/2023 №-li məktubla cavablandırılmışdır. Cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul olma və işdən azad olma əmrləri həmin müəssisənin möhürü ilə təsdiq edilməmişdir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının xx.xx.1981- ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-cimaddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 495,51 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixə kimi 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 51.057,57 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 495,74 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, 01,05.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 18 il 3 ay 16 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçının əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: 25 il x 306= 7.650 manat. 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalı aşağıda verilmiş cədvələ uyğun olaraq indeksləşdirilmişdir: SH= 141,17 (SH) + 354,57 (SH) = 495,74 manat. Burada, 141,17 manat - pensiyasının xx.xx.2006-cı il tarixinədək sığorta stajının əsasında hesablanmış sığorta hissəsi (25 il stajına uyğun olaraq 20328,06 /144), 354,57 manat - 01 10.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=51057,57/144=354,57 manat). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ddiaçı İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 03 ay 21 gündür: xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 18 il 3 ay 21 gün. - Elm və Təhsil Nazirliyi X2 Təhsil İdarəsi tərəfindən bildirilmişdir ki, Kəlbəcər rayonunun 31 avqust 1993-cü il tarixində keçmiş işğalı səbəbindən rayonun inzibati ərazisindən müvafiq təşkilati sənədlərin (əmr kitabı və.s) götürülməməsi ilə əlaqədar olaraq tərəfinizdən İddiaçı Kəlbəcər rayonu Çorman kənd orta məktəbdə işləməsi, tutduğu vəzifə və həmin müddətdə aldığı əməkhaqqı barəsində (1981-1993-cü illər) tələb edilən sənədlərin X2 Təhsil İdarəsi tərəfindən təqdim edilməsi imkan xaricindədir. - İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir: “xx.xx.2006-cı il tarixinə kimi 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 51.057,57 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 495,74 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 18 il 3 ay 16 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Bildiririk ki, əmək pensiyanızın məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınan kapital: 25 il x 306 = 7.650 manat, SH= 141,17 (SH) + 354,57 (SH) = 495,74 manat. Burada, 141,17 manat - pensiyanızın xx.xx.2006-cı il tarixinədək sığorta stajınız əsasında hesablanmış sığorta hissəsi (25 il stajına uyğun olaraq 20328,06 /144), 354,57 manat xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=51057,57/144=354,57 manat). Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 568,35 manata çatdırılmışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019- cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində işlədiyi dövr mübahisələndirilərək, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuş, yəni işə qəbul olma və işdən azad olma əmrləri həmin müəsissənin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal edilməsi səbəbindən əmək kitabçası itirilmişdir, iddiaçıya yeni açılmış əmək kitabçasında Kəlbəcər rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 265 nömrəli arayışına əsasən 1981-1993-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon Çorman kəndində müəllim işləməsi, Kəlbəcər rayonunun işğalından sonra işsiz qalmışdır) aparılmışdır. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin məktəbin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1981-xx.xx.1993) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar