Məhkəmə qərarları › İş №2-1(103)-374/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-374/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-374/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, İsmayılzadə Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər X3 və X7) qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2521/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsinə mərhum atası X13 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, arayışın (reyestrdən çıxarışın) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı bağ sahəsinin mərhum X15 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsi mərhum atası İddiaçıa Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 10 iyul 2006-cı ildə 16642 saylı müqavilə əsasında verilibdir. Atası 26 oktyabr 2013-cü ildə Bakı şəhərində vəfat edib və həmin bağ sahəsi artıq mirasdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciəti əsasında Bakı şəhəri 39 saylı Notariat Kontorunda vərəsəlik işi açılıb və miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət edilibdir. Müraciəti cavabdeh tərəfindən təmin edilməyib və cavabdehin 11 sentyabr 2023-cü il tarixli imtina məktubunda göstərilir ki, müraciətlə əlaqədar bildirilmişdir ki, yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzülərək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdehin imtina məktubunda göstərilən əsaslar miras qalan bağ sahəsində yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvasdın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqalarına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 319 nömrəli 10 oktyabr 2015ci il tarixli qərarının 7-bəndinin İİ hissəsinə əsasən Qanunun (Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında) 8- ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş bu əmlak barədə məlumatun dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin qərarın 7-ci bəndinin İ hissəsinə görə isə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adma tərtib edilmiş çıxarış verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsini 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı vərəsə kimi miras qoyanın vəfatından sonra miras əmlakına sahiblik etməyə və idarə etməyə faktiki başlamışdır. Bununla da Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə həmin miras əmlakına mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamının 2.2-ci bəndinə əsasən vətəndaşların qanuni istifadələrində olan bağ sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsinə mərhum atası X13 mülkiyyət hüququnun daşı nmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınması, arayışın (reyestrdən çıxarışın) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. İdarənin mütəxəsisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzələrək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə X4 və X2 müraciəti olmuşdur. Həmçinin bildirilmişdir ki, X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2647/2431 saylı 0,25 ha bağ sahəsinin Əziz-zadə X10 adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9525/2023 saylı sərəncamı İdarəyə daxil olmuşdur. Yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 və X7 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2521/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəsisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə X4 və X2 müraciəti olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 iddiaçı tərəfindən göstərilən əraziyə iddiasının olmadığını bildirirək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən digər üçüncü şəxs X7 iddiaçı tərəfindən göstərilən əraziyə iddiasının olmadığını bildirirək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və 3-cü şəxs X7 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və X9 ərazisindəki 2434 nömrəli bağın istifadəyə verilməsi haqqında 16642 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə istinad edərək, torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və X9 ərazisindəki 2434 nömrəli bağın istifadəyə verilməsi haqqında 16642 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi olan 2434 nömrəli bağ sahəsi X13 istifadəsinə verilmişdir. X13 xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023cü il tarixli məktubunda qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək sözügedən torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində o hallara istinad etmişdir ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə X4 və X2 müraciəti olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və X9 ərazisindəki 2434 nömrəli bağın istifadəyə verilməsi haqqında 16642 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi olan 2434 nömrəli bağ sahəsi X13 istifadəsinə verilmişdir. Bağın istifadəyə verilməsi haqqında müqaviləyə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, bundan başqa, sözügedən müqavilə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan müqavilə mötəbər sənəd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində müqavilənin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, “qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə 1 sıra mişar daşı düzülərək ayrılmış və qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir” dəlili imtinaya əsas ola bilməz. Belə ki, həmin qeyd edilən yerlə bağlı qonşu torpaq sahəsi reyestrdə qeydiyyatdan keçməmişdir, bu əsasla kiminsə torpaq sahəsindən hüquqları qeydiyyata alınmadan istifadə etməsi onun tərəfindən notarial razılıq ərizəsinin verilməsinə əsas verə bilməz. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinada qeyd olunan hallar haqqında məlumatın məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.2302 ha təşkil edir (üzərində tikili yoxdur.) Ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bir hissəsi 2433 saylı bağın ərazisinə düşür. Həmçinin, qonşu özəl 2436 saylı bağın yerləşməsinə əsasən 2435 saylı bağ sahəsinə yer az qalır. Bu səbəbdən hər iki bağla bağlı bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan başqa ərizəçi İddiaçı sahə ilə bağlı daha öncəki müraciətlərində fərqli konfiqurasiya ilə müraciət etmişdir. Sahənin fərqli hissələrinə digər fiziki şəxslərin ********** və ********** nömrəli müraciətləri olmuşdur (qeydiyyat aparılmayıb). Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X7 və X3 İddiaçı ilə qonşu olduqlarını və torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd etmişdirlər. Məhkəmə kollegiyası bağ sahələrinin vəziyyətini əks etdirən ortofoto çıxarışına əsasən müəyyən edir ki, 2434 saylı bağ sahəsi faktiki olaraq Ləhiş bağlar massivinə dair bağ sahələrinin bölgü sxemində əks olunmuş digər qeydə alınmış bağ sahələri (2436 saylı) ilə qonşuluqda yerləşir. Odur ki, hazırda bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan və mübahisəli olmayan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “torpaq sahəsinə X4 və X2 müraciəti olmuşdur” dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana məktub ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, iddiaçının iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2434 saylı bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilərək 2431, 2432, 2433, 2434, 2435 və 2436 saylı bağ sahələrinin faktiki olaraq naturada üst-üstə düşübdüşməməsi ilə bağlı müayinə aktının qısa müddətdə məhkəməyə təqdim edilməsi xahiş olunmuş, 13 dekabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bir hissəsi 2433 saylı bağın ərazisinə düşür. Həmçinin, qonşu özəl 2436 saylı bağın yerləşməsinə əsasən 2435 saylı bağ sahəsinə yer az qalır. Bu səbəbdən hər iki bağla bağlı bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan başqa ərizəçi İddiaçı sahə ilə bağlı daha öncəki müraciətlərində fərqli konfiqurasiya ilə müraciət etmişdir. Sahənin fərqli hissələrinə digər fiziki şəxslərin ********** və ********** nömrəli müraciətləri olmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatlar əks olunmuş sxemi məktuba əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza yoxdur, giriş sərbəstdir, tikili yoxdur. Yerli baxış zamanı İddiaçı və üçüncü şəxs X3 ilə sözü gedən əraziyə baxış keçirildi. Yerli baxış zamanı İddiaçı bağ sahəsinin döngə nöqtələrini göstərərək ona aid olduğunu bildirdi. X1 Bədəl Alim oğlunun göstərdiyi sahəyə heç bir iddiasının olmadığını bildirdi. X7 ilə telefon əlaqəsi saxlanıldı, o, yerli baxışda iştirak edə bilməyəcəyini söylədi, lakin İddiaçı iddia etdiyi torpaq sahəsinə heç bir iddiası olmadığını bildirdi. İddiaçı tərəfindən göstərilən sahənin faktiki koordinatları ərizəyə əlavə olundu. Bağ sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uyğundur. Müayinə aktından görünür ki, aktda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2434 saylı bağ sahəsinin 2431, 2432, 2433, 2434, 2435 və 2436 saylı bağ sahələri ilə faktiki olaraq naturada üst-üstə düşüb-düşməməsi qeyd olunmamış, həmçinin müqavilə üzrə bağ sahəsinin ölçüsü 0,25 hektar olsa da, müayinə aktında torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha olduğu qeyd olunmuşdur. Qeyd olunan halların aydınlaşdırılması ilə əlaqədar yerli baxışda iştirak etmiş mütəxəssis X14 məhkəmə kollegiyasının iclasına dəvət edilərək dindirilmiş, mütəxəssis izahatında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi bağların ərazisinə uyğun gəlir, həmin torpaq sahəsi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşmür, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə üçüncü şəxslər tərəfindən göstərilən torpaq sahələri üst-üstə düşmür, həmçinin xx.xx.2024-cü il tarixli müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün 0.12 ha, faktiki ölçüsünün 0.00 ha kimi qeyd olunması texniki yanlışlıq kimi nəzərə alınmalıdır, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,25 ha-dır, faktiki sahəsi isə 23.02 sotdur. Həmçinin yerli baxışda iştirak etmiş mütəxəssis X14 izahatında onu da qeyd etdi ki, iddiaçının əvvəllər göstərdiyi bağ sahəsi 0,25 ha olmaqla bağların sxematik xəritəsinə daha uyğun gəlirdi, hazırda göstərilən sahənin əksər hissəsi əvvəllər göstərilən sahə ilə uyğun gəlsə də ölçüsü bir qədər azalır və iddiaçının hüquqmüəyyənedici sənədlərinə əsasən bağın yerləşmə yeri nəzərə alındıqda 0,25 ha torpaq sahəsi yerində mövcuddur. Əvvəlki baxışlarla bağlı müayinə aktları da təqdim edildi. Mütəxəssis tərəfindən mübahisəli əraziyə dair ortofoto görüntülər məhkəməyə təqdim edilmişdir. Beləliklə, nə qədər ki, bağ sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması halı mövcud deyil, həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən müqavilə ləğv olunmamışdır və hazırda qüvvədədir, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifələrinə aiddir, cavabdeh inzibati orqanın qeyd edilən əsaslarla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı torpaq sahəsinin iddiaçının atası mərhum X15 məxsusluğu barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi torpaq sahəsinin mərhum X15 məxsus olmasına dair arayış almaq üçün qanunvericiliyə uyğun olaraq hüquq müəyyənedici sənədlər mövcuddur və inzibati orqana təqdim edilmişdir. Arayışın verilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X15 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı torpaq sahəsinə mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2521/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2521/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar