Məhkəmə qərarları › İş №2-1(103)-3741/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3741/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3741/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X3 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8365/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X3 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəllə-beyin travması, baş beyinin silkələnməsi, sol qaşın sıyrılmış yarası (qəlpə) və təpə nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulmuşdur. İddiaçı müharibə veteranıdır. Lakin cavabdeh tərəfindən iddiaçının iş fəaliyyəti, hansı istiqamətdə döyüşdüyü mövqesi düzgün qiymətləndirilməmişdir. Cavabdeh tərəf qərəzli olaraq iddiaçının aldığı travmaları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yox, X3 xidmətkeçmə dövrünə təsadüf olunduğunu bildirilib. İddiaçının əmək kitabçasında olan ümumillikdə 26 il 4 ay 3 günlük iş fəaliyyətinin, 3 il 3 ay müddəti (xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X1 (OMON) olan müddətə təsadüf edir. İddiaçı məhkəməyə əlavə olaraq, prosessual müddətin bərpası haqqında ərizə təqdim edərək, arayışın ona 2019-cu il tarixdə təqdim edildiyi, həmin dövrdə pandemiya və karantin olduğundan iddia qaldıra bilməməsini nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 1994-cü ilin mart ayının 18-dən aprel ayının 10-dək “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qulaq pərdəsinin deşilməsi, sol qaşın sıyrılmış yarası, başın təpə nahiyəsinin sıyrılmış yarası” diaqnozu ilə stasionar müalicədə olması barədə 3 nömrəli şəhər klinik xəstəxanasından verilmiş arayış əsasında XHK-nın xx.xx.2019-cu il tarixli 13 saylı qərarının dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsini tələb edir. Lakin, xəsarətin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatları zamanı xidməti vəzifəsinin icrası ilə bağlı olmasını əsaslandırmağa imkan verən sübut və sənədləri (yaralanma ilə bağlı xidməti təhqiqat, istintaq və məhkəmə araşdırması və s.) Xüsusi Həkim Komissiyasına təqdim etməmişdir Eləcə də, XHK-na təqdim etdiyi DİN-in Baş Kadrlar İdarəsinin iddiaçının sorğusuna cavab məktubunda onun 1992-ci ildə DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində Sədərək rayonunda gedən döyüş əməliyyatlarında iştirakına görə mükafatlandırılması barədə qeyd edilmiş, xəsarətin alındığı 1994-cü il ərzində döyüş bölgəsinə ezam olunması, döyüş əməliyyatlarında iştirakı və xəsarət alması barədə məlumat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Qərarının 7-ci bəndində hərbi xidmət və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin qiyabi müəyyən edilməsinin sənədlər əsasında aparılması qeyd olunur. Eləcə də, həmin Qərarın 7.3.-cü bəndində bildirilir ki, Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət (xidməti vəzifələrin) vəzifəsinin icrası ilə əlaqədar olub-olmaması göstərilir. Vətəndaş İddiaçı tərəfindən 1994-cü ildə baş vermiş xəsarətin xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə XHK-na xidməti təhqiqat aktı (baş vermiş hadisə ilə bağlı istintaq və ya məhkəmə materialı və s.) təqdim etmədiyindən xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8365/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 157 nömrəli qərarı aldıqda hüquqi cəhətdən həmin qərarı məhkəmə qaydasında mübahisələndirilməsinin 30 təqvim günü daxilində olduğunu bilməmişdir. Eyni zamanda, müharibə dövründə aldığı xəsarətlərlə bağlı səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq, vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Faktiki olaraq mübahisələndirdiyi məsələdə hüquqi cəhətdən haqlıdır. Belə ki, birinci Qarabağ müharibəsinin tərkib hissəsi olan Naxçıvan MR-in müdafiəsində DİN-in Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində vuruşmuş və Sədərək rayonunun erməni quldur dəstələrindən müdafiəsində başından yaralanmışdır. Bunu hazırda döyüş yoldaşları da şahid qismində təsdiqləyə bilər. Lakin formal cəhətdən sənədləşdirmə aparılarkən onun xidməti sənəd üzərində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözləri əvəzinə, “X3 xidmətkeçmə dövründə xəsarət almışdır” sözləri ilə əvəz edilmişdir. Bu isə onun vətən qarşısında xidmətlərini kiçildir. Prosessual olaraq üzrlü səbəblərdən (həm pandemiya dövrü, həm müharibə dövrünü nəzərə alsaq) müddəti ötürsə də, hesab edir ki, bir Vətən Müharibəsi veteranı olaraq bu prosessual pozuntunu üzrlü saymaq olar. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8365/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hal-hazırda onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 157 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından 2019-cu il tarixdə məlumatlı olmasına baxmayaraq, məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı əlavə olaraq məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arayış ona 2019-cu il tarixdə təqdim edilmiş, həmin dövrdə pandemiya və karantin olduğundan iddia qaldıra bilməmişdir. Məhkəmə iddiaçının yuxarıda göstərdiyi halları üzrlü səbəb kimi hesab etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasına qarşı “iddiaçıya verilən arayışda (qərarda) “X3 xidmətkeçmə dövründə xəsarət almışdır” sözünün “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır” sözü ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İddiaçının mübahisə açdığı inzibati akt xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var. İddiaçı həmin vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8365/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar