Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3742/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «metal köşkün bərpa olunması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-7550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «metal köşkün bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı RİH başçısının 20 sentyabr 1998-ci il tarixli 1829 saylı sərancamına əsasən Y/Günəşli qəsəbəsi,” A/В” Y/S ev 11”B”, mənzil 3-də yaşayan iddiaçının məhum atası X1 alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün metal köşkün qoyulmasına icazə verilmişdir. X2 9 aprel 2006-cı ildə vəfat etmişdir. Onun vərəsələri tərəfindən ərizə ilə Bakı şəhəri 37 saylı Notariat Ofisinə müraciət olunmuş, həmin qurumda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət olunaraq həmin sərəncamın ərxiv arayışı alınmışdır. Göstərilən sərəncam verilərkən ailənin vəziyyətinin qismən də olsa yaxşılaşdırılması, ailə başçılarının “Əmək veteranları” olması və represiyaya məruz qalmış ailə olması nəzərə alınmış və Bakı ŞİH-in 13 oktyabr 1998-ci il tarixli, 7- 332/67 saylı məktubu əsas götürülmüşdür. Daha sonra, metal köşkün qoyulmasına çox pul vəsaitin qoyulması nəzərə alınaraq, Bakı şəhəri Suraxanı RİH başçısının 13 mart 1999-cu il tarixli H-89 saylı məktubu ilə cizgi əsasında köşkün ölçüləri saxlanmaqla (2.9 m x 3.4 m) daşdan tikintisinə icazə verilmişdir. Yuxanda göstərilən sənədlərin və müvafiq icazələrin olmasına baxmayaraq, Bakı şəhəri Suraxanı RİH köşkü sökmüş, yararsız vəziyyətə salmış və köşkdən istifadəyə icazə verməmişdir. Göstərilən halların aradan qaldırılması köşkün bərpası və istifadəyə şəraitin yaradılması barədə ərizə ilə RİH-ə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı RİH M-29-149 saylı 11 mart 2022-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edərək tikitiyə icazə verilməsi üçün Azərbaycan Respublikası Şəhərsama və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə istinad edərək zəruri sənədlər təqdim edildikdən sonra məsələyə baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında hüquq münasibətləri 1998-ci ilidə baş vermiş və həmin vaxt Azərbaycan Respublikası Şəhərsama və Tikinti Məcəlləsi qəbul edilməmişdir. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 33.1, 33.2. 73.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Suraxanı RİH başçısının 20 sentyabr 1998-ci il tarixli 1829 saylı sərancamına əsasən məhum X1 alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmiş metal köşkün bərpa olunması öhdəyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq icazələrin olmasına baxmayaraq Bakı şəhəri Suraxanı RİH köşkü sökmüş yararsız vəziyyətə salmış və köşkdən istifadəyə icazə verilməmişdir. Bununla bağlı halların aradan qaldırlması üçün RİH-nə müraciət olunmuşdur. Lakin cavabdeh orqan imtina məktubu ilə cavab vermişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmiş, lakin məhkəmə iddianı mümkün saymamışdır. Buna baxmayaraq hesab edirik ki, iddia sırf formal tələblərə görə mumkünsüz sayılmışdır, bu səbəbdən də qərar qanunsuz hesab olunaraq ləgv edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. AR İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından aydındır ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİHnin üzərinə “metal köşkün bərpa olunması” ilə bağlı öhdəliyin qoyulmasını tələb edir. Göründüyü kimi, hazırki iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasına dair yekun nəticə onunla əsaslandırılmışdır ki, “... iddiaçının mərhum atası X1 tikilməsinə icazə verilmiş obyekt özü müvəqqəti quraşdırılmış bir tikili olmuşdur. RİH-in sərəncamına əsasən Gülağa Həsənova həmin obyektlə bağlı icazə onun “əmək veteranı” olması səbəbindən verilmişdir. Lakin həmin obyekt miras əmlak kimi İddiaçı aid ola bilməz.” Kollegiya bildirir ki, iddiaçının mərhum atası Gülağa Həsənova müvafiq obyektlə bağlı icazə 1998-ci ildə onun “əmək veteranı” olması səbəbindən verilmiş və müvəqqəti xarakter daşımışdır. İşdən görünür ki, G.Həsənov xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarından da aydın olduğu kimi, müvafiq obyekt ilə bağlı hüquqmüəyyənedici sənəd olan 1998-ci il tarixli sərəncam iddiaçının mərhum atası G.Həsənovun adına tərtib edilmiş və müvəqqəti icazənin yalnız ona verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, bərpa edilməsi tələb olunan (hazırda sökülmüş) köşk dövlət reyestrində qeydiyyatdan keçməmişdir və miras əmlakın kütləsinə daxil ola bilməz. Belə olan halda, iddiaçının cavabdehin üzərinə köşkün bərpası öhdəliyinin qoyulmasına dair subyektiv hüququnun olması da müəyyən edilmir. Bundan əlavə, yeni tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun aparılmalıdır. Cavabdeh də qeyd edilən normada nəzərdə tutulan sənədlər müvafiq qaydada təqdim edildikdən sonra qaldırılan məsələyə baxılacağını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarını pozan hərəkət və hərəkətsizliyə də yol verilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3742/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3742/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver