Məhkəmə qərarları › İş №2-1(103)-3742/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3742/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3742/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Binəqədi Rayon Bələdiyyəsi) «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Binəqədi Rayon Bələdiyyəsinin 471 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bununla əlaqədar olaraq Binəqədi rayon Bələdiyyəsi ilə aralarında617 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, eyni zamanda torpaq sahəsinin situasiya planı təsdiqlənmişdir. Həmin sənədlərin arxivə təqdim edilməsini təsdiq etmək üçün ərizə ilə Milli Arxiv İdarəsinə sorğu edilmiş və cavabında yuxarıda qeyd edilən sənədlərin arxivə təhvil verildiyi təsdiqini tapmışdır. Bundan əlavə, həmin sözügedən ünvanda yerləşən bina sakinləri torpaq sahəsinin İddiaçı və onun ailə üzvləri tərəfindən abadlaşdırılmasmı təsdiq edən akt imzalamışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü ü tarixli ərizə ilə cavabdehə müraciət etmiş, onun ərizəsinə cavab olaraq cavabdeh **********30 saylı xx.xx.2023-cü il tarixli bildiriş ilə qeydiyyatdan imtina etmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 471 nömrəli qərarı ilə ayrılsa da, müqavilədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 04 nömrəli qərarına istinad edilmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 172.0 kv.m təşkil edir. Faktiki gösərilən torpaq sahəsinin bir tərəfindən 10.0 metr məsafədən 9 mərtəbəli yaşayış binası, bir tərəfdən 6.0 metr məsafədən 5 mərtəbəli yaşayış binası mövcuddur. İdarənin elektron kadastr məlumatlarında faktiki göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrdə, perimetrik ölçü və konfiqurasiyada ciddi uyğunsuzluqlar mövcuddur. Həmçinin, torpaq sahəsi yolkənarı yaşıllıq ərazidə yerləşir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanında İddiaçı ayrılmış 209 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun aşağıdakılarla əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayənədəsi, Binəqədi rayon bələdiyyəsinə ayrılmış torpaq sahəsinin xəritəsini məhkəməyə təqdim edərək, iddiaçıya məxsus sahənin həmin xəritə çərçivəsində olduğunu və iddiaçının torpaq vergi ödəyicisinin kimi qeydiyyata alındığını bildirərərək, məhkəmənin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini əsaslı hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. X4 (Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısının) 1-ci hissəsinin 1-5-ci bəndlərinə əsasən Binəqədi bələdiyəi Binəqədi, Biləcəri, Xocahəsən, M.Ə.Rəsulzadə qəsəbələrinin aid olduğu müvafiq bələdiyyələrin əraziləri çıxılmaqla Binəqədi rayonu ərazisini əhatə edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialı tərəfindən 25 avqust 2023-cü il tarixli 3-48-2F/2-05915/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 471 a saylı xx.xx.2006-cı il tarixli sərəncamı, həmin sərəncam əsasında verlmiş yerləşmə cizgisi (stuasiya planı) və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqaviləyə əsasən müəyyən edilir ki, İddiaçı - Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, 15 saylı yaşayış binasının yanında istifadə etdiyi 209kv.m torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq alqı-satqı əsasında onun mülkiyyətinə verilmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh sonuncu tərəfindən iddiaçıya ayrılmış həmin torpaq sahəsinin qeydiyyata alınmasından imtina edərək mübahisələndirir ki, “DTXK” tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmiş, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 471 nömrəli qərarı ilə ayrılsa da, müqavilədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 04 nömrəli qərarına istinad edilmiş, torpaq sahəsinin faktiki ölçüsü 172.0 kv.m təşkil edir. Faktiki gösərilən torpaq sahəsinin bir tərəfindən 10.0 metr məsafədən 9 mərtəbəli yaşayış binası, bir tərəfdən 6.0 metr məsafədən 5 mərtəbəli yaşayış binası mövcuddur, idarənin elektron kadastr məlumatlarında faktiki göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrdə, perimetrik ölçü və konfiqurasiyada ciddi uyğunsuzluqlar mövcuddur, həmçinin, torpaq sahəsi yol kənarı yaşıllıq ərazidə yerləşir …” Məhkəmə kolleiyası aşağıdakıdar görə cavabdein qeyd olunan dəlilləri ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Mübahisəli ünvanda yerləşən torpaq sahəsinə dair iddiaçının adına bələdiyyə qərarı və həmin torpaq sahəsinin planı mövcuddur. Hazırkı mərəhələdə, üçüncü şəxs qismində işə cəlb edilmiş Binəqədi rayon bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim etdiyi 19 noyabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, bələdiyyyənin 30 dekabr 2006-cı il tarixli 471 saylı qərarı ilə vətəndaş İddiaçı ayrılmış 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 15 saylı binanın yanında 209 kv m torpaq sahəsi “Bələdiyyə torpaqlarının müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı şəhər İHB–nın 31 avqust 2000-ci il tarixli 809 nömrəli sərəncamına əsasən Binəqədi rayon bələdiyyəsinə ayrılmış torpaq sahələri çərçivəsndədir və iddiaçı həmin torpaq sahəsi üzrə vergi ödəyicisi kimi uçotdadır. Qeyd olunanlar həmin məktuba əlavə edilmiş Bakı şəhər İHB-nın sözügedən sərəncamı və iddiaçının torpaq sahəsi üzrə vergi uçotu haqqında bildirişdə təsbit olunuanlarla öz təsdiqini tapır. Belə ki, həmin sərəncamdan görünür ki, Binəqədi rayon bələdiyyəsinə ayrılan torpağın bir hisəsi də S.S.Axundov küçəsinin səkisi boyunca, yaşayış binalarının fasadlarından 10 m məsafədə 1260-cı keçidin səkisi boyunca ayrılmışdır. Mübahisələndirilən qərarla iddiaçıya 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 15 saylı binanın yanında torpaq sahəsi ayrıldığı nəzərə alınmaqla “Google Xəritə” ilə araşdırma aparıldıqda müəyyən olunur ki, 8-ci mikrorayon məhz S.S.Axundov küçəsinin səkisi boyunca yerləşir. Eyni zamanda işə əlavə olunmuş Binəqədi bələdiyyəsinin xəritəsindəndə görünür ki, həmin torpaq sahəsi bələdiyyə torpaqları çərçivəsində yerləşir (Mübahisəli torpaq sahəsinin yeri şərti işarələnmişdir) Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə verilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9777 nömrəli 19 mart 2024-cü il tarixli rəyindən də görünür ki, İddiaçı tərəfindən iddia olunan və baxış zamanı təqdim olunmuş, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi 15 saylı yaşayış binasının yanında yerləşən torpaq sahəsinin ölçülərinin, konfiqurasiyasının, əhatəsində olan tikililərin mövqelərinin Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 471 nömrəli qərarına əlavə olunmuş situasiya planına uyğun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia olunan və baxış zamanı təqdim olunmuş, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi 15 saylı yaşayış binasının yanında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqanın imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətində, habelə, onun mütəxəssisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə - vahid elektron kadastr məlumat bazasında bələdiyyə ərazisinin aşkar edilmədiyini bildirən dəlilləri əsassızdır. (Ümumiyyətlə, məhkəmə təcrübəsində cavabdeh orqana qarşı bu qəbildən olan çoxlu sayda məhkəmə mübahisələrində sonuncu tərəfindən “vahid elektron kadastr məlumat bazasında bələdiyyə torpağı olması aşkar edilmir” ifadəsinə mütəmadi rast gəlinir və bağlı inzibati icraat aparılmasından uzaq duran cavabdehin maraqlı şəxsin müraciəti ilə bağlı bütün imtinalarında, bu ifadə forması xroniki xarakter daşıyır.) Cavabdeh tərəfindən torpaq sahəsinin 209 kv.m deyil, faktiki olaraq 172 kv.m təşkil etdiyini mübahisələndirilməsinə gəldikdə, birincisi, həmin ölçü 209-dan azdır ki, çox deyil. Yəni, iddiaçı əlavə torpaq sahəsi zəbt etməmiş, mövcud sərhədlərini mübahisələndirmir. Belə olan halda da, faktiki ölçülər çərçivəsində torpağın plan-ölçüsınün tərtib edilməsi onu heç də narahat edən halı təşkil edə bilməz. Odur ki, məhkəmə kollegiyası, cavabdehin qeyd oulunan, habelə, torpaq sahəsinin perimetrik ölçülərini və yaşayış binalarından 10m və 6 m məsafədə, yolkənarı yaşılıqda yerləşdiyini mübahisələndirən formal xarakterli dəlillərini əsassız sayır. Cavabdehin aapellyasiya şikayətinin alqı-satqı müqaviləsində bələdiyyənin 11 aperel 2006-cı il tarixli 04 saylı qərarına istinad edilməsinə gəldikdə isə həin müqavilənin 2-ci abzaslarından və Vİİ hissəsindən görünür ki, həmin müqavilə 8-ci mkr., Ş.Məmmədov küç., ev 11 mənzil 41 ünvanında yaşayın “Alıcı İddiaçı” ilə bağlanmış və onun tərəfindən də imzalanmışdır. Qeyd olunanlar baxımından qeyd edilən ifadə texniki səhv olduğu aşkar görünür. igər tərəfdən də ən azından, bələdiyyənin nə qərarı, nə onunla bağlanmış sözügedən müqavilə, nə də torpaq sahəsini planı bu günə kimi geri çağırılmamış, ləğv olunmamış, öz qüvvəsini saxlamaqda davam edir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir k, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, cavabdeh onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin dəlilləri ilə bağlı ətraflı araşdırma aparılmadığını əsassız qərar çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar