Məhkəmə qərarları › İş №2-1(103)-3745/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3745/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3745/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7745/2023 nömrəli, 20 iyul 2023-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanında inzibati binada qeydiyyata alınmışdılar. Belə ki, yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmaları həmin vaxt ünvanın olmaması səbəbi ilə mümkün olmamışdır. Halhazırda iddiaçılara məlum olmuşdur ki, onları ünvan 2 ünvanında inzibati binadan qeydiyyatdan çıxarmışlar və bu barədə məlumat verməmişlər. Faktiki olaraq iddiaçılar heç bir ünvanda qeydiyyatda deyildirlər. Onları Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata almaları, əgər həmin ünvana qeydiyyata alınma mümkün deyilsə, inzibati binaya qeydiyyata almalarına dair Sabunçu Rayon Polis İdarəsinə xahişləri təmin olunmamışdır. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2023 nömrəli, 20 iyul 2023-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, ünvan 2 ünvanında inzibati binada qeydiyyata alınmışdılar. Belə ki, yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınmaları həmin vaxt ünvanın olmaması səbəbi ilə mümkün olmamışdır. Hal-hazırda iddiaçılara məlum olmuşdur ki, onları ünvan 2 ünvanında inzibati binadan qeydiyyatdan çıxarmışlar və bu barədə məlumat verməmişlər. Faktiki olaraq iddiaçılar heç bir ünvanda qeydiyyatda deyildirlər. Bu isə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun tələblərinə ziddir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçılar Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etdiklərini irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş materiallarında olan: -Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları üçün müraciəti təmin edilməmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs aşkar edilməmişdir. - -Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1986cı il təvəllüdlü X8 və İddiaçı2 Bakı şəhəri. ünvan 1 ünvanında yerləşən sənədsiz evdə 2003-cü il tarixdən qeydiyyatsız yaşayırlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Lenin rayon X9 İcraiyyə Komitəsinin Balaxanı qəsəbəsinin sakinləri üçün bostançılıq fəliyyəti üçün torpaq sahələri ayrılması barədə xx.xx.1989-cu il tarixli, 6/77 №-li qərarının arxiv çıxarışından görünür ki, X2 da daxil olmaqla, Balaxanı qəsəbəsi ərazisində 30 ailənin hər birinə bağçılıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Qərarın 1-ci bəndindən görünür ki, torpaq sahəsi kartof və digər tərəvəz məhsullarının (güllər və parnik istisna olmaqla) becərilməsi üçün ayrılmışdır. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, sahədə yaşayış evlərinin və təsərrüfat ərazilərinin tikintisi, sahələr arası arakəsmələrin, ağac əkilməsi və digər çoxillik bitkilərin əkilməsi qadağandır. - Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı protokolu əsasında icarəyəverən (Balaxanı bələdiyyəsi) tərəfindən bələdiyyə ərazisində 600 kvm. torpaq sahəsi təsərrüfatla məşğul olmaq üçün X1 15 illik icarəyə verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda qeyd olunan 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci bənddə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini vermək hüququ olan şəxsin iradə ifadəsi olduqda. İş materiallarından görünür ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmamış, həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyat aşkar edilməmişdir. Həmçinin iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün yuxarıda istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməmişlər. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların əsaslandığı Lenin Rayon X9nin İcraiyyə Komitəsinin X1 torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli 6/77 №-li qərarı onların həmin torpaq sahəsində inşa etdikləri tikiliyə hazırkı halda qeydiyyata alınmaları üçün hüquq vermir. Belə ki, qərardan göründüyü kimi, istinad edilən qərar torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün deyil, bostançılıq məqsədilə istifadəsini nəzərdə tutur, torpaq üzərində tikinti və digər işlərin aparılmasını qadağan edir. Balaxanı bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə də eyni qaydada, yəni fərdi yaşayış evinin tikintisi üçün deyil, təsərrüfatla məşğul olmaq üçün ayrılmışdır. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Odur ki, iddia tələbi əsassız olmaqla iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2023 nömrəli, 20 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar