Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3746/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(112)-9044/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı dələduzluq əməli törətmiş X1 törətdiyi əmələ uyğun hüquqi qiymət verməklə bağlı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və süründürməçiliyə yol verdiyinə görə cavabdehin barəsində xüsusi qərardad çıxarılması, araşdırılması və tədbir görülməsi üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə 02 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" Ticarət Mərkəzində ayaqqabı ticarət ilə məşğul olur. 2017-ci ilin sentyabrında adını sonradan bildiyi X3 mağazaya gəlmiş, o, Çin Xalq Respublikasından ayaqqabı gətirdiyini bildirərək iddiaçı üçün də oradan mal gətirə biləcəyini təklif etmişdir. O, bildirmişdir ki, Çin Xalq Respublikasının Vilnin şəhərində ofisi vardır və hər ayaqqabıya görə 1-2 yuyan (təxminən 40-80 qəpik) əlavə etməklə ona mal göndərə bilər. İddiaçı hazırda ehtiyac olmadığını, əgər lazım olarsa, ona deyəcəyini bildirmişdir. Etibar iddiaçının telefon nömrəsini götürərək öz telefon nömrəsini də ona vermiş və nə vaxt istəsə, ona mal göndərəcəyini bildirmişdir. Bir müddət sonra X3 ona zəng edərək qış malları istəyib-istəmədiyini soruşmuşdur. İddiaçı ona bildirmişdir ki, başqa adama mal sifariş vermişdir. O, iddiaçıya qış ayaqqabı modellərinin şəkillərini göndərmiş və bildirmişdir ki, xoşuna gəlirsə, iddiaçıya da göndərsin. İddiaçı ona bildirmişdir ki, mallar xoşuna gəlsə də, pulu yoxdur. O bildirmişdir ki, əgər mallar xoşuna gəlirsə, göndərsin pulunu sonra verər. Buna razı olaraq ona həmin mallardan göndərməyi xahiş etmiş, 2018ci ilin əvvələrində o, iddiaçıya 2000 (iki min) ABŞ dolları məbləğində ayaqqabı göndərmişdir. Həmin mallar 15 gün müddətində gəlib çatmış və iddiaçı malı aldıqdan iki gün sonra ona 2000 (İki min) ABŞ dolları ödəmişdir. 2018-ci ilin mart ayında o iddiaçı ilə yenidən əlaqə saxlamış və iddiaçıya yenə də mal göndərməyi təklif etmişdir. İddiaçı ayaqqabıların şəkillərinə baxıb bəyəndiyi malları ona bildirmişdir. Onun göndərdiyi şəkillər içərisindən seçdiyi malların qiyməti 8000 (səkkiz min) ABŞ dolları təşkil etmişdir. O iddiaçıya bildirmişdir ki, seçdiyi malların pulunu əvvəlcədən göndərməlidir və pulu göndərdikdən sonra malları bir həftəyə karqoya verəcəkdir. İddiaçı onunla razılaşıb pulu onun bank hesabına köçürtmüşdür. Təxminən bir həftə sonra iddiaçı Etibarla əlaqə saxlamış və iddiaçıya bildirmişdir ki, malları artıq karqoya vermişdir. İddiaçı mallarını tez göndərilməsini xahiş etmək üçün karqo ilə əlaqə saxlamışdır. Lakin iddiaçıya karqodan bildirmişlər ki, iddiaçının adına heç bir mal daxil olmamışdır. Buna görə də iddiaçı yenidən Etibarla əlaqə saxlamış və onun adına mal göndərilmədiyini ona bildirmişdir. O, belə şeyin ola bilməyəcəyini və malları göndərdiyini israrla bildirmişdir. Bu danışıqları iki gün çəkmiş və bundan sonra o, iddiaçının telefonuna cavab verməmiş və həmin vaxtdan onun nömrəsi artıq işləməmişdir. Təxminən bundan üç-dörd gün sonra iddiaçı onun Azərbaycan Respublikasında daima işlətdiyi nömrəsinə zəng vurmuşdur. Telefonu bir qadın götürmüş və iddiaçı salamlaşdıqdan sonra Etibarı telefona çağırmağı xahiş etmişdir. Həmin qadın bildirmişdir ki, Etibar Çindən təzə gəlmişdir. Həmin qadın iddiaçıdan kim olduğunu soruşmuş və iddiaçı özünü təqdim etmişdir. Həmin qadın bildirmiş ki, Etibar həyətə düşüb gələn kimi zəng etdiyini ona deyəcəkdir və Etibarın özü onunla əlaqə saxlayar. İddiaçı Etibarın ev telefonunu tapmışdır. Onun evinə zəng vurmuşdur və telefonu onun atası götürmüşdür. İddiaçı özünü təqdim edərək başına gələnləri ona danışmışdır. Atası bildirmişdir ki, belə şey ola bilməz və onun oğlu heç vaxt belə iş tutmaz. İddiaçı ona mallarının gəlmədiyini bir daha bildirdikdə o, karqoya gedib mallarıyla maraqlanmağını və bir daha zəng etməməyi bildirmişdir. Ona 8000 ABŞ dolları verdiyi vaxtdan kifayət qədər keçməsinə baxmayaraq Etibar hər dəfə vəd vermiş, pulunu qaytarmağa çalışdığını telefon danışıqlarında iddiaçıya bildirmişdir. Lakin iddiaçıya bu günlərdə aydın olmuşdur ki, onun əsl niyyəti əvvəldən iddiaçının etibarından sui-istifadə edərək iddiaçını aldatmaq və pulunu ələ keçirmək olmuşdur. Göründüyü kimi X3 iddiaçının etibarını qazanaraq ona heç bir ödəniş etmədən nisyə mal təklif etmiş və mal göndərməsi, onun məqsədinin əvvəlcədən də iddiaçını aldatmaq olduğu sonradan məlum olmuşdur. Bununla əlaqədar olaraq iddiaçı 102 xidmətinə zəng vurmuşdur. Lakin cavab əldə edə bilməmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə 02 noyabr 2024- cü il tarixdə yazdığı ərizəsi üzrə obyektiv araşdırma aparmaqla etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq əməli törətmiş X1 törətdiyi əmələ uyğun müvafiq cinayət məsuliyyətə cəlb edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Bundan əvvəl 04 avqust 2024-cü il tarixli və 05 oktyabr 2024-cü il tarixli yazdığı ərizələrinə cavab verilmədiyinə görə eyni məzmunlu ərizə ilə yenidən müraciət etmişdir. Lakin bu müddətdə ona heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(112)-9044/2025 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi onun cinayət işinin başlanması barədə ərizəsi üzrə cavabdehlərin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və bu çərçivədə yaranmış mübahisə inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin inzibati orqan olduğunu nəzərə almamış, bu inzibati orqanın onun yazdığı ərizəsinə qanunla nəzərdə tutulmuş müddət ərzində cavab verməli olduğunu, lakin vermədiyini nəzərə almayaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməklə səhv nəticəyə gəlmişdir. Təqdim etdiyi sənədlər əsasında yazdığı şikayət ərizəsi üzrə obyektiv araşdırma aparmaqla etibarından sui-istifadə edərək ona qarşı dələduzluq əməli törətmiş X1 törətdiyi əmələ uyğun hüquqi qiymət verməklə bağlı müraciətinə cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi və cavabdehin süründürməçiliyə yol verdiyinə görə barəsində xüsusi qərardad çıxarılmalı, araşdırılması və tədbir görülməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(112)-9044/2025 nömrəli qərardadı qüvvədə saxlanılmalıdır.. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İş materiallarında olan iddiaçının Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə xx.xx.2024-cü il tarixdə etdiyi müraciətdən görünür ki, o, etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq əməli törətmiş X2 törətdiyi əmələ uyğun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İddiaçı hazırda bu müraciətinə cavab verilmədiyini bildirərək, E.İsmayılovun əməlinə hüquqi qiymət verilməklə müraciətinin cavablandırılmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. -449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: -449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); -449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; -449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; -449.1.4. müstəntiqin; -449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. -449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: -449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; -449.3.2. tutma və həbsdə saxlanılması; -449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; -449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; -449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; -449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; -449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; -449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; -449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; -449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. -67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Yuxarıda adıçəkilən normaların tələblərindən aydın olur, iddiaçının hazırkı tələbi onun cinayət işinin başlanması barədə ərizəsi üzrə cavabdehlərin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və bu çərçivədə yaranmış mübahisə inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanların hərəkətsizliyi ilə bağlı iddiaçı və onlar arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər arasında inzibati mübahisə yoxdurBelə olan halda cavabdeh inzibati orqan olmuş olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Qaradağ rayon Polis İdarəsinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin tərəfindən iddiaçının iddia tələbində göstərilən şikayətlərin araşdırılması ilə bağlı həyata keçirilən fəaliyyətilə bağlı hüquq cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(112)-9044/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3746/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3746/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver