Məhkəmə qərarları › İş №2-1(103)-3747/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3747/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3747/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “qərarın qəbul edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə məxsus 734 saylı bağ sahəsinin 0.0735 ha torpaq sahəsinə bitişik 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi ilə bağlı Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə müraciət etmişdi. Cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsindən xx.xx.2023-cü il tarixli 09 saylı məktub ilə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh bu hərəkəti bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsinin dayandırıldığı, bu məsələnin bələdiyyənin səlahiyyəti xaricində olması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində iddiaçıya məxsus 734 saylı bağ sahəsinin daxilindəki 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Belə ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X3 AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsində torpaq sahəsi rəsmi sənədlər üzrə 735 kv.m. (0.0735 ha), faktiki torpaq sahəsi isə 1385 kv.m. təşkil edir. Artıq 7 ildir ki, ona məxsus 0,0735 ha torpaq sahəsinə bitişik olan 0,065 ha torpaq sahəsindən də istifadə edir, orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 0,065 ha torpaq sahəsi dörd tərəfdən orada yaşayan qonşular əhatə olunub, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməlidir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsini aldığı vaxtdan həmin 0.0650 ha sahəyə heç kimin torpaq iddiası olmamış və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının subyektiv hüququ уoxdur. Torpaq ilkin olaraq X5 ayrılıb və ilkin olaraq onun adına rəsmiləşdirilib. Bundan sonra alqı-satqı yolu ilə hazırki iş üzrə iddiaçı olan İddiaçı satılıb. Satılan torpaq sahəsinə bitişik 650 kv.m ilə bağlı yalnız X1 hüququ var. Hesab edirlər ki, həmin torpaq sahəsi üzərində yalnız Həsənov hüquq sahibidir. Əlavə olaraq qeyd edirlər ki, sxematik xəritəyə uyğun olaraq faktiki olaraq bələdiyyəyə təhvil verilməmiş və bələdiyyələrin torpaqayırma səlahiyyəti dayandırıldığından iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. Həmçinin bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, 1 qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı öz iddiasının əsası kimi ona məxsus 0,0735 ha torpaq sahəsinə bitişik olan 0,065 ha torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qanuna əsasən bələdiyyələrə məxsusdur. İddia ərizəsində göstərilən hal, yəni iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin üç tərəfdən orada yaşayan qonşularla əhatə olunması, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxışın olmaması (işıq dirəklərinin olması), küçəyə çıxmaq üçün iddiaçıya aid 0.0735 ha torpaq sahəsindən istifadə edilməli olması torpaq sahəsinin situasiya planına əsasən təsdiqini tapır. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha torpaq sahəsində iddiaçı 5 ildən çox yaşayır və torpaq sahəsinin situasiya planından da göründüyü kimi mülkiyyətə verilməsi tələb olunan torpaq sahəsinə iddiaçının inşa etdiyi evin bir hissəsi düşməklə bağ salınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinə münasibətdə (mülkiyyətə verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə uyğun olaraq “qanuni gözləntisi” var. Kollegiya birinci intansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Odur ki, belə nəticəyə gəlmək olur ki, hazırda (müvəqqəti olaraq) iddiaçının qaldırdığı məsələnin həlli ilə bağlı cavabdeh müvafiq səlahiyyətlərə malik deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar