Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3748/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X3) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6479/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X2 hazırda onun faktiki sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (X3 məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə 3-cü şəxs qismində işə cəlb olunmuşdur). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illərdir ki, qeydiyyatsız olmaqla yaşayır, bunu Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq arayışı (sənəd işə əlavə olunur) və kommunal xidmətlər üzrə müvafiq rəsmi ödəniş sənədlərindən də, aydın şəkildə görmək mümkündür. Yaşadığı fərdi yaşayış evi uzun müddətdir faktiki olaraq onun sahibliyindədir, babasından ona qalmışdır və fərdi yaşayış evini o, inşa etmiş, həmçinin, bu müddət ərzində fərdi yaşayış evində əsaslı təmir-tikinti işləri aparmışdır. X3 fərdi yaşayış evində qeydiyyatdadır (sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir). Bundan sonra ona müraciət edərək qeydiyyatdan çıxmasını xahiş etdikdə, o, qeydiyyatdan çıxmaqdan imtina etmişdir. O, ərizə ilə müraciət edərək X2 qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh imtina məktubu ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasının Xəzər RPİ QMB-nin səlahiyyətləri daxilində olmadığından inzibati məhkəməyə müraciət etməsini məqsədə müvafiq hesab etmişdir. Hesab edir ki, imtina əsassızdır. Həmin şəxsi qeydiyyata alan orqan kimi, cavabdeh həmin şəxsi də, qeydiyyatdan çıxarmalıdır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir...” İddiaçının, haırkı tələbi ilə bağlı məhkəməyə qədər cavabdehə ünvanlanmış müraciətinə sonuncu tərfindən xx.xx.2023 saylı 18/2-D-32705 nömrəli məktubu ilə verilən cavab məktubunda, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan əsasların mövcud olmadığından ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6479/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılması barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Buna baxmayaraq X3 həmin ünvanda qeydiyyatdadır. Həmçinin Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 2053/2023 saylı qərarına əsasən iddiaçı X1 ünvana məcburi köçürülməsinə dair iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Həmin məhkəmə icraatı zamanı da müəyyən edilmişdir ki,əmlak özbaşına tikilidir. Uzun illər, qeydiyyatsız olmaqla, həmin fərdi yaşayış evində yaşayır, bunu iş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq arayışı (sənəd işə əlavə olunur) və kommunal xidmətlər üzrə müvafiq rəsmi ödəniş sənədlərindən də aydın şəkildə görmək mümkündür. Yaşadığı fərdi yaşayış evi uzun müddətdir faktiki olaraq onun sahibliyindədir, babasından ona qalmışdır və bu müddət ərzində fərdi yaşayış evində əsaslı təmir-tikinti işləri aparmışdır. Yəni fərdi yaşayış evi sahibliyində və istifadəsindədir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən iş mahiyyəti üzrə araşdırılmamış, düzgün həll üçün əhəmiyyət kəsb edən faktiki hallara münasibət bildirilməmişdir. Yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-535/2023 nömrəli qərarı vardır. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, özbaşına tikili olduğu üçün üçüncü şəxslər qeydiyyatdan çıxarılmışdır...” Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, eyni zamanda göstərmişdir ki, ev babasının olub. Tamam sökülmüşdür. O, evi yenidən tikib. Onun özünün evə qeydiyyatı yoxdur. Bələdiyyədən sənəd var ki, orada yaşayır. Üçüncü şəxsin isə qeydiyyata necə düşdüyü bilinmir. Bələdiyyədən sənəd var ki, orada yaşayır. Evin sənədi yoxdur. 1990-cı ildə tikməyə başlamış. Torpağa dair sənədi yoxdur. Arxivdən axtarıb sənəd tapa bilməmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, İPMin 62-ci maddələsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün nə qanunvericiliyə uyğun qaydada torpaq ayrılmış, nə də ki, tikinti normalarına uyğun qaydada evin tikinti işləri aparılmışdır. Başqa sözlə, ev özbaşına tikilidir. İddiaçnın izahatından göründüyü kimi, evin üzərində tikildiyi torpağa dair, habelə evə dair heç bir sənəd mövcud deyil. Göründüyü kimi, iddiaçının sözügedən ünvanında yerləşən fərdi yaşayış evinin qanuni sahibi olduğunu təsdiq edən sənədi mövcud olmadığından, onun həmin evdən üçüncü şəxsin məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasını tələb etmək kimi subyektiv hüququ mövcud deyil. Ən azından, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış sahəsinə köçmək, 9-cu maddəsindəisə ondan çıxarılmasına əsas olan sənədlər konkret olaraq sadalanmışdır. Belə sənədlər sırasından isə iddiaçı tərəfindən mübahisəli ünvana dair hər hansı birinin mövcud olmadığı halda iddiaçı üçüncü şəxsin həmin evdən qediyyatdan çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən də onu da qeyd etmək lazımdır ki, həmin evlə bağlı iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisənin mövcudluğu da aydın görünür. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının üçüncü şəxsin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tələbinə dair hazırkı iddiasının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını və düzgün olmayan nəticəyə gəldiyini vurğulamaqla, qəbul etdiyi qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6479/2024 saylı xx.xx.2024-cü il tarixli həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6479/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3748/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3748/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver