Məhkəmə qərarları › İş №2-1(103)-375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-375/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-375/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı2, X1, iddiaçıların vəkili Vəkil Məhəmmməd oğlunun, cavabdeh Bakı Şəhəri Cavabdehin nümayəndəsi X2 iştirakı ilə sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mövsum oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Dmitriyevna, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Nərimanov RİH-ə qarşı (üçüncü şəxslər "xxxx" MTK və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27.12.2016-cı il tarixli 439 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişlər. İddianın əsaslanrına görə, Bakı şəhərinin bir neçə rayonunda köhnə yaşayış binalarının sökülməsi və yenilərin tikilməsi üzrə pilot layihələr həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25.02.2016-cı il tarixli Qəranının adından istifadə edərək artıq neçə aydır ki, Nərimanov RİH və heç bir inşaat tikinti işindən başı çıxmayan "xxxx" MTK (20.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçi Rəşad Əliyev) şəhərsalma və abadlıq adı altında sakinlərin hüquqlarını, AR Nazirlər Kabinetinin 86 nömrəli Qərarının və Azərbaycan Respublikası qanunlarının tələblərini kobud şəkildə pozurlar. Belə ki, 2017-ci ilin may ayından indiyədək "xxxx" MTK tərəfindən Ə.Əlizadə küçəsi 36 ünvanda yerləşən istismar müddəti bitmiş, bir mərtəbəli məhdud kommunal şəraitli evlərin söküntüsünə başlanmış, iyul ayından isə tikinti və şəhərsalma qaydaları pozularaq qanunazidd tikinti işləri aparılır. "xxxx" MTK Ə.Əlizadə küçəsi 36 ünvandan 8 mənzili köçürərək, tikinti faizi və tikinti sıxlığı göstəricilərinin yüksək olduğu ərazidə 14 mərtəbəli binanın tikintisini başlamaqla 150-dən çox mənzildə yaşayan ailələrin hüquqlarını pozur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanın həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. AR Nazirlər Kabinetinin 11 mart 2014 il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu hissəsi kobud şəkildə pozularaq, ara məsafə qaydalarına riayət olunmur. Onların binasının ətrafında onsuz da böyük sıxlıq var. Çünki bu ərazidə "xxxx" MTK tərəfindən inşa olunmuş onların yaşadığı 3 girişli 14-16 mərtəbəli yaşayış binası, Əliəşrəf Əlizadə 36A ünvanda 6 bloklu 5 mərtəbəli yaşayış binaları mövcuddur və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən icazə əsasında "xxxx" MTK tərəfindən 2 girişli 19 mərtəbəli yaşayış binasının inşası aparılır. Bu əraziyə demək olar ki, bu üçbucağın ortasına "xxxx" MTK tərəfindən pilot layihəsi adı ilə yeni bir 14 mərtəbəli yaşayış binasını pərçim edilməsi burada yuxarıda qeyd olunan pozuntularla birgə yolverilməz sıxlığ yaradır, insolyasiyaya və aerasiyaya ciddi maneə yaradır. Normativlərlə tələb olunan günəş işığının və şüasının, hava hərəkətinin qarşısını alır. Bu da onların sağlam həyat hüququnu kobud şəkildə pozur. 27.12.2016-cı il tarixli 439 nömrəli sərəncamda istinad edilən AR Nazirlər Kabinentinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən “mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsinədən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Cavabdeh tərəfindən həyata keçirilməlidir”. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti sahəsində dövlətin səlahiyyətləri təsbit edilmişdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri AR Fövqəladə Hallar Nazirliyi, AR Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə ki, “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” 27.12.2016-cı il tarixli 439 nömrəli Sərəncamının 4-cü bəndində sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri "xxxx" MTK tərəfındən tam yerinə yetirildikdən sonra AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilməsi "xxxx" MTK kimlərə isə çox arxayın olduğundan nəinki sərəncamın 1-ci və 2-ci bəndlərini yerinə yetirməmiş, hətta müvafiq qaydada razılaşdırılmaqla tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Nərimanov RİH isə sanki rayonda baş verənlərdən xəbərsiz olduğunu nümayiş etdirir, şikayət və ərizələrə cavab vermir, "xxxx" MTK-nın qanunsuz hərəkətlərinə şərait yaradır. Göründüyü kimi, tikinti şirkəti məhz qeyd edilən Qərardan dərhal sonra yaradılmışdır. Şirkət bu müddətdə heç bir tikinti işi aparmadığı, nizamnamə kapitalı 20 manat olduğu halda cavabdeh Nərimanov RİH məhz bu MTK-ya çoxmərtəbəli yaşayış binasının layihələndirilməsini həvalə etmişdir. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə yerli icra hakimiyyəti orqanları tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və AR Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətlə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə 5 gün müddətində rəy bildirilməlidir. Məcəllənin 75.6-cı maddəsi “Müvafiq icra hakimiyyəti orqanı layihəsi eskpertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində eskpertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna omaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərra qəbul edir. Hətta tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulduğu AR Dövlət Şəhərsalma və Arxitetktura Komitəsinin Nərimanov RİH başçısı A.Fərzəliyevə ünvanladığı məktubdan da bəlli olur. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab A.Ələsgərovun Nərimanov RİH başçısı A.Fərzəliyevə ünvanladığı 17 iyul 2017-ci il tarixli 02/05-1277 nömrəli məktubda ərazidə aparılan araşdırma zamanı məhəllənin mövcud vəziyyətinin dəqiq təhlil olunmadığı bildirilmiş və həmin ərazinin ərazi planlaşdırma eskizinin yenidən işlənməsi tapşırılmışdır. Tikinti faizinin və tikinti sıxlığı göstəricilərinin yüksək olması, torpaqdan istifadə planında yaşayış ərazisinin sahəsinin 1 hektardan az olması və digər səbəblərdən göstərilən həyətdə 14 mərtəbəli yaşayış binasının tikintisinin birmənalı olaraq məqsədəuyğun olmadığını bildirmişdir. Həmin Komitənin rəhbərliyinin Nərimanov RİH-ə və sakinlərə ünvanladığı 03 avqust 2017-ci il tarixli 02/06/-Kol-19-1382 nömrəli məktubla "xxxx" MTK tərəfindən aparılan tikintiyə hazırlıq və tikinti işləri zamanı tikinti normalarının pozulması hallarının “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq aparılmasının yerli səviyyədə araşdırılması və Nərimanov RİH tərəfindən qanunvericiliyin tələblərinin təmin olunması tövsiyə edilir. AR Şəhərsalma və Tikinti Məcəlləsində yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri nəzərdə tutulmuşdur. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Məcəllənin 69.5-ci maddəsinin tələbinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir. Tikilməsi planlaşdırılan 14 mərtəbəli binanın hündürlüyü 50 metr təşkil edəcəksə, həyətdə olan digər binalarla ara məsafəsi minimum hər tərəfdən 30 metr təşkil etməlidir. Hal-hazırda "xxxx" MTK tərəfindən inşa olunan bina ilə Əhməd bəy Ağa oğlu 12 nömrəli binanın divarı ilə ara məsafə cəmi 27 metr təşkil edir. X3 12 ünvanda olan bina 16 mərtəbəli yaşayış binasıdır və hündürlüyü 50 metrdən çoxdur. Bu halda ara məsafə iki bina arasında 60 metrdən çox olmalıdır. Bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014 il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl” Qaydaların 9-cu hissəsinin tələbləri kobud surətdə pozularaq ara məsafələr qaydalarına riayət olunmur. "xxxx" MTK baxmayaraq ki, tikintiyə 2017-ci ilin mayında başlamışdır, Nərimanov RİH tərəfindən təqdim olunan "xxxx" MTK və "xxxx" MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yalnız 12.10.2017 il tarixli 02/05-1759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Bu razılaşdırmada nəticə olaraq mübahisələndirilən sərəncamda AR Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 51 nömrəli 21.02.2014-cü il tarixli qərarının 4.13-cü maddəsində “Ərazi zonalarında yolverilən tikintinin miqyası çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün müəyyən edilmiş “Ərazinin tikinti əmsalı” və “Ərazinin tikinti sıxlığının əmsalı” nəzərə alınmır və kobud pozulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 10.04.2018 il tarixli 05/06-Kol-11-634 nömrəli məktubunda bildirmişdir ki, onların müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ərazidə Nərimanov RİH tərəfindən təsdiq edilmiş ərazi-planlaşdırma sənədində göstərilən qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı ŞİH başçısının müvafiq sərəncamları ilə "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin əsaslandırılması təsdiq edilərək, tikinti işlərinin başlanılması üçün icazə verilmişdir. Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırması baxımından biri-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılması üçün Komitə tərəfindən Nərimanov RİH-ə müvafiq müraciət edilmişdir. Qeyd olunanlar deməyə əsasən verir ki, Nərimanov RİH və "xxxx" MTK tərəfindən qanunun tələbləri yerinə yetirilməmiş, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, qeyd olunan ərazidə qanunsuz tikinti işləri aparılmasına icazə verilərək onların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurur. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ №-li Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 5-ci bəndinə əsasən bu qərar imzalandığı gündən qüvvəyə minmişdir və bu gün də qüvvədədir. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 27.12.2016-cı il tarixli 439 sərəncamı ilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,25 ha torpaq sahəsinin "xxxx" MTK-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan digər inzibati aktlar Nərimanov RİH başçısının 13.02.2017-ci il tarixli 75 nömrəli və 20.10.2017ci il tarixli 422 nömrəli sərəncamları, ayrıc aktı, Obyektin tikintisinə icazə (23.10.2017-ci il tarixli 13 nömrəli), tikintiyə icazə barədə Xüsusi nişan (13.04.2018-ci il tarixli 23 nömrəli) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə "xxxx" MTK arasında müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğdə kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. "xxxx" MTK tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərə aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov RİH-in 27.12.2016-cı il tarixli sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş aktdır, yəni əlverişli inzibati aktdır. Digər tərəfdən, mübahisələndirilən sərəncam ilə iddiaçılar onların maraqlarının pozulmasının nədən ibarət olmasını və hansı aspektdə özünü biruzə verməsini əsaslandıra bilməmişlər. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə sərəncamın bəndlərini qərara köçürərək, bu sərəncamın ilkin olaraq yalnız layihələndirmə üçün əsas olmasını göstərmişdir. Bu halda da məhkəmə sərəncamın verilməsinə əsas olmuş sənədləri müvafiq qurumdan tələb etməmiş və araşdırmamışdır. Həmçinin, sərəncama RİH başçısının deyil, onun müavininin imza etməsini, imza etməyə səlahiyyətli olmasını araşdırmamışdır. Məhkəmə Nərimanov RİH tərəfindən verilmiş 25/16 nömrəli ayrıc aktından Nərimanov RİH başçısının 27.12.2016-cı il tarixli 439 nömrəli sərəncamı ilə yaşayış binasının layihələndirilməsi üçün razılaşdırılmış Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsində 0,25 ha torpaq sahəsinin cizgisinin təsdiq olunmasını qeyd etmişdir. İşdə olan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 10.04.2018-ci il tarixli 05/06-kol-11-634 nömrəli məktubdan görünür ki, AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində Nərimanov RİH tərəfindən təqdim olunan "xxxx" MTK və "xxxx" MMC-nin birgə sifarişi ilə hazırlanmış Ə.Əlizadə, Ə.Dəmirçizadə, Qarabağ və Ə.Ağaoğlu küçələrinin əhatə etdiyi ərazinin planlaşdırma sənədi Komitənin 12.10.2017-ci il taixli 02/05-1759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ərazidə Nərimanov RİH tərəfindən təsdiq edilmiş ərazi planlaşdırma sənədində göstərilən qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin şəhərsalma əsaslandırılması təsdiq edilərək, tikinti işlərinin başlanılmasına icazə verilmişdir. Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırılması baxımından bir-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq aradan qaldırılması üçün komitə tərəfindən Nərimanov RİH-ə müvafiq müraciət edilmişdir. Məhkəmə isə qeyd olunan halları araşdırmadan, ərazilərin üst-üstə düşməsinə əhəmiyyət vermədən qərar qəbul edir. Məhkəmə mübahisələndirilən sərəncamın məzmununa əsasən bu sərəncamın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə” dair əlavə tədbirlər barədə Qərarının rəhbər tutularaq verilməsini qeyd etmişdir. Daha sonra isə məhkəmə işdə olan sənədlərə istinad edərək qeyd etmişdir ki, tikinti işləri aidiyyəti dövlət orqanlarının nəzarəti altında aparılmış və tikinti zamanı şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları çatşmazlıqların aradan qalldırılması istiqamətində addımlar atmışlar. Bu səbəblərdən də məhkəmə Nərimanov RİH-in sərəncamının qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati akt olmasını və bu aktın mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət etməsi, qanuni olması və onun ləğv edilməsi üçün əsas olmaması qənaətinə gəlmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılar və onların vəkili şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. Məhkəmə kollegiyası əvvəlcə bildirir ki, hazırkı iddia tələbi, yəni cavabdehin sərəncamının ləğvi tələbi, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin sərəncamı maddi-hüquqi baxımdan da qanunidir. Belə ki, AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alınmışdır ki:

1. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Cavabdeh, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3.828 nəfərin yaşadığı, 1.127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16.206 nəfərin yaşadığı 5.771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6.956 nəfərin yaşadığı 2.016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11.031 nəfərin yaşadığı 3.028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5.395 nəfərin yaşadığı 1.779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1.257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1.819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3.131 nəfərin yaşadığı 1.174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını; 1.4. tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını; 1.5. görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsinlər. Nərimanov RİH başçısının 27.12.2016-cı il tarixli 439 nömrəli sərəncamına görə, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi 26.12.2016-cı il tarixli U-2 nömrəli məktubu ilə RİH-ə müraciət edərək, rayonun Əliəşrəf Əlizadə küçəsi 36 ünvanda yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri "xxxx" MTK-nın vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə” dair əlavə tədbirlər barədə Qərarı ilə 5 il müddətinə RİH mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, rayonun Ə.Əlizadə küçəsi 36 ünvanda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanda 0,25 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədilə "xxxx" MTK-ya aşağıdakılar həvalə edilmişdir: 2.1 "xxxx" MTK-ya ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə "xxxx" MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə etsin; 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4. Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "xxxx" MTK-ya tapşırılsın. 2.6. Rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılama əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər. Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən yaşayış binaları sökülsün. Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MTK tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-nə müraciət edilsin. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Nərimanov RİH tərəfindən verilmiş 25/16 nömrəli ayrıc aktından görünür ki, Nərimanov RİH başçısının 439 nömrəli 27.12.2016-cı il tarixli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün razılaşdırılmış Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsində 0,25 ha torpaq sahəsinin cizgisi təsdiq olunmuşdur. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10.04.2018-ci il tarixli 05/06-kol- 11-634 nömrəli məktuba əsasən, Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsi 12 nömrəli və Əliəşrəf Əlizadə küçəsi 36A nömrəli yaşayış binalarının yerləşdiyi ərazidə "xxxx" MTK tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış müraciətə baxılmışdır. AR 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində Nərimanov RİH tərəfindən təqdim olunan "xxxx" MTK və "xxxx" MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazinin planlaşdırma sənədi Komitənin 12.10.2017-ci il tarixli 02/051759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən ərazidə Nərimanov RİH tərəfindən təsdiq edilmiş ərazi planlaşdırma sənədində göstərilən qeyriyaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı ŞİH başçısının müvafiq sərəncamları ilə "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin şəhərsalma əsaslandırılması təsdiq edilərək tikinti işlərinin başlanmasına icazə verilmişdir. Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırılması baxımından bir-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılması üçün Komitə tərəfindən Nərimanov RİH-ə müvafiq müraciət edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma dövründə ünvan 4 ünvanda "xxxx" MTK tərəfindən aparılan tikinti işlərinə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş müvafiq mütəxəssis rəyinin, eləcə də tədqiqat obyektinə dair təsdiq edilmiş memarlıq, işçi və insolyasiya hesabatı layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti sorğu əsasında AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq həmin Komitə tərəfindən ünvan 5 ünvanda "xxxx" MTK və "xxxx" MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarına dair sənədlərin surəti 31.08.2020-ci il tarixli 09/07-3478 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. Bakı ŞİH başçısının 324 nömrəli 18.07.2017-ci il tarixli sərəncamından görünür ki, "xxxx" MTK-nın 29.06.2017-ci il tarixli 28 nömrəli müraciətini, Bakı ŞİH-in 26.12.2014-cü il tarixli 642 nömrəli sərəncamını nəzərə alaraq, ünvan 6 ünvanda yaşayış binalarının (blok 1 və blok 2) tikintisi üçün "xxxx" MTK-ya icazə verilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş 37/34-01959 nömrəli 16.04.2019-cu il tarixli məktuba görə, "xxxx" MTK tərəfindən Nərimanov rayonu Ə.Əlizadə küçəsi 36 ünvanda inşa edilən yaşayış binasının tikintisində tikinti norma və qaydalarının tələblərinə riayət edilməsi ilə bağlı rəyin verilməsi barədə məktuba baxılmış və bildirilmişdir ki, qeyd edilən binanın tikintisində "xxxx" MTK tərəfindən layihədən kənarlaşmalara yol verildiyi üçün tərəfindən tikinti-quraşdırma işlərinin dayandırılması barədə 15.08.2018-ci il tarixli qərar verilmişdir. Binada tikintiquraşdırma işləri tam başa çatdırıldıqdan sonra müayinə edilərək müvafiq rəy veriləcəkdir. Bununla da, iddiaçıların mübahisələndirdiyi sərəncamdan məlum olur ki, bu sərəncam AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə” dair əlavə tədbirlər barədə Qərarı rəhbər tutularaq verilmişdir, sərəncam yuxarı inzibati orqanın hüquqi aktının icrasının təmin edilməsi məqsədilə qəbul edilmiş inzibati aktdır və sözügedən akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Sərəncam tikintiyə icazə ilə bağlı deyil, torpaq sahəsinin "xxxx" MTKnın icarəsinə ayrılması, ilkin olaraq yalnız yaşayış binasının layihələndirmə üçün nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə bağlı Nərimanov RİH ilə "xxxx" MTK arasında 27.12.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun olaraq ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin verilməsi), yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. "xxxx" MTK tərəfindən bu istiqamətdə işlər görülmüş və sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. İşdən göründüyü kimi, tikinti işləri aidiyyəti dövlət orqanlarının nəzarəti altında aparılmışdır və tikinti zamanı şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atmışlar. Bundan əlavə, cavabdehin mübahisəli sərəncamı AR Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli sərəncamında əks olunan bəndləri təkrarlayır, Nazirlər Kabinetinin sərəncamı isə hazırda da qüvvədədir. Həmçinin, iddianın faktiki əsası kimi irəli sürülən hallar cavabdehin mübahisəli sərəncamından sonra müvafiq səlahiyyətli qurumların fəaliyyətindən irəli gələn məsələlərlə bağlı olub, qərarın ləğvi üçün əsas deyil. Digər tərəfdən, tikintisinin layiləndirilməsinə icazə verilən əmlakın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlətə məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə görə, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. “İnzibati icraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş üzrə cavabdeh tərəfindən mübahisəli sərəncam qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması müəyyən olunmur. Bu mənada məhkəmə kolegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin mübahisələndirilən inzibati aktı qəbul etməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), qərar mövcud inzibati praktikaya uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1225/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı2 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar