Məhkəmə qərarları › İş №2-1(103)-375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-375/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-375/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2410/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 112665 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı ilkin olaraq 01 dekabr 2006-cı il tarixdə pensiya təyin edilmişdir. Daşkəsən rayon Məhkəməsinin 2(030)-47/2013 saylı 29.01.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə cəmi 21 il 2 ay əmək (sosial sığorta) stajının olması faktı müəyyən edilmişdir. Bundan sonra İddiaçı ona 1972-ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqısına uyğun olmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.04.1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışdır. Onun yaşamış olduğu Kəlbəcər rayonunun Seyidlər kəndində 1962- 1970-ci illərdə 8 illik natamam-orta təhsil alandan sonra təhsilini davam etdirməmiş, 1972ci ilin fevral ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işləmişdir. Qəflətən baş vermiş köçkünlüklə əlaqədar iş yerindən əmək kitabçasını alıb gətirə bilməmiş, onun 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə 21 il 2 ay əmək stajının olması faktı Daşkəsən rayon Məhkəməsinin 2(030)-47/2013 saylı 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Ona görə də ona pensiya təyin edilərkən Statistika Komitəsi tərəfindən müəyyən edilmiş müvafiq iş sahəsinə uyğun nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla təyinat aparılmalı idi. Yəni, konkret halda mədənçıxarma sahəsində işlədiyi üçün “iqtisadi fəaliyyət növlərinin təsnifatına” uyğun olaraq bölmə əsas götürülməli idi. Ümumi iş stajı və 10 ildən artıq ağır şəraitdə işlədiyi üçün 1 nömrəli siyahı üzrə güzəştli şərtlə yaşa görə pensiya təyinatı aparılarkən pensiyalar 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 29-cu maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. 01 yanvar 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərlə əlaqədar olaraq orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyətin götürülməsindən sonra, 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə uyğun bu qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunuvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu qanunun müddəalarına uyğun şərti çevrilməsi hesablanmalı idi. Bu zaman bu qanun qüvvəyə mindiyi günədək olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının baza hissəsi çıxdıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi hesablanmalı idi. Bundan başqa o, 2006-cı ildən güzəştli şərtlərlə pensiyaya çıxmalı idi. Bu qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər də cavabdeh tərəfindən ərizəsinə heç bir münasibət bildirilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2410/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, iddiaçının 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda fəhlə (civə emalçısı) kimi iş stajı nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, ona 01.12.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən İddiaçının 21 il 2 ay əmək stajı - 25 manat orta aylıq əmək haqqı nəzərə alınmışdır. Lakin bundan sonra 01.07.2011-ci il tarixində iddiaçının öz müraciəti əsasında onun pensiyası yenidən sığorta kapitalı əsasında hesablanmış, həmçinin, 01.02.2016-cı il tarixində də işdən çıxdığı nəzərə alınaraq öz müraciəti əsasında təkrar hesablama aparılmışdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.8ci maddəsinin məzmunundan göründüyü kimi, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-Ş QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01.01.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Hazırkı mübahisənin halları baxımından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 52 yaşdan əldə etmiş, həmin vaxt onun pensiyası əmək haqqı əsasında hesablanmış, lakin sonradan sığorta kapitalı əsasında hesablanması ilə bağlı müraciət etmişdir. Bu səbəbdən də, iddiaçının pensiyasının yenidən əvvəlki qanunvericilik əsasında hesablanması qeyri-mümkündür. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı bu barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı 20.06.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. İddiaçı iddia ilə məhkəməyə 30.10.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona 1972-ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqısına uyğun olmaqla pensiyasının yenidən hesablanması və 01.01.2008-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam və hərtərəfli araşdırılmamasına, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılmalı olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, ona ilkin olaraq 01 dekabr 2006-cı il tarixdə əmək haqqı nəzərə alınmaqla yaşa görə pensiya təyin edilmişdir. Sonradan Daşkəsən rayon Məhkəməsinin 2(030)-47/2013 saylı 29.01.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə cəmi 21 il 2 ay əmək (sosial sığorta) stajının olması faktı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-711/2016 saylı 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 28.06.1993cü ildən 16.10.1997-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi təsərrüfat hesablı Respublika maddi-texniki təchizat və mexanikləşdirmə İB-nin X1 işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi qərara alınmışdır. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya 01.12.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edildikdən sonra sonuncu işləməkdə davam etmiş, işdən 01.02.2016-cı il tarixdən azad olunduğu üçün pensiyasının üzərinə pensiya sığorta kapitalının hesablanıb əlavə edilməsini xahiş etmiş, bundan sonra cavabdeh 05.09.2019-cu il tarixdə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmiş və bu yenidən hesablamanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini göstərmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 10.03.2017-ci il tarixdə edilmiş dəyişikliklə bağlı əlavə olunmuş 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunmalıdır ki, hazırki işdə İddiaçı tələbi ona 1972-ci ilin aprel ayından 1993cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyinin nəzərə alınaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq pensiyasının yenidən hesablanması ilə bağlıdır. İddiaçıya məxsus pensiya işinin materiallarından iddiaçının qeyd olunan tələbi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı yenidən hesablamanın aparıldığı müəyyən olunmur. Həmin pensiya işinin materiallarında olan İddiaçı ünvanlanmış məktubun (i.v. 62) məzmunundan görünür ki, iddiaçının Statistika Komitəsinin Azərbaycan Respublikasında iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq nominal əmək haqqı ilə hesablanmasına dair ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək natamam ildəki iş stajı aylarının sayını mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. Bu səbəbdən də onun 26 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun olaraq 01.01.2018-ci il tarixdən pensiyanın sığorta hissəsi illik infilyasiya faizinə uyğun əmsallaşdırılaraq 276,08 manata çatdırılmış və aylar üzrə ödənilmişdir. Qeyd olunan səbəbdən təyin edilmiş əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qanuna ziddir. Bu məktubun iddiaçıya nə vaxt göndərilməsi, sonuncunun onu nə vaxt qəbul etməsini təsdiq edən hər hası sübut işdə mövcud deyildir. Həmçinin inzibati məhkəmə icraatları dövründə də cavabdeh inzibati orqan iddiaçının hazırki iddia ilə balı müraciətinə cavab verilməməsi məsələsini mübahisələndirməmiş, sözügedən məktubun iddiaçı tərəfindən alınmasını bildirməmişdir. Pensiya işinin materiallarında olan sözügedən məktub bir daha təsdiq edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən iddiaçının ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablayıb, onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə almaqla, 01.01.2018-ci il tarixdən iddiaçının əmək pensiyasının sığorta hissəsini illik infilyasiya faizinə uyğun əmsallaşdıraraq 276,08 manata çatdırmış və aylar üzrə ödəmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin məzmununda göstərmişdi ki, iddiaçıya 01.12.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən iddiaçının 21 il 2 ay əmək stajı - 25 manat orta aylıq əmək haqqı nəzərə alınmış, lakin 01.07.2011-ci il tarixdə iddiaçının öz müraciəti əsasında onun pensiyası yenidən sığorta kapitalı əsasında hesablanmışdır. İşdə olan iddiaçıya aid pensiya işinin materialları ilə iddiaçının 01.07.2011-ci il tarixdə onun pensiyasının sığorta kapitalı əsasında hesablanması ilə bağlı müraciət etməsi faktı təsdiq olunmur. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının 01.12.2006-cı il tarixdə əmək haqqı nəzərə alınmaqla təyin olunduğu halda, sonradan belə təyinatın dəyişdirilərək, sığorta kapitalı əsasında pensiyanın hesablanmasının səbəbləri məlum deyil. Digər tərəfdən, iddiaçının 01.02.2016-cı il tarixdə işdən çıxması ilə bağlı öz müraciəti əsasında pensiyasının yenidən hesablanması barədə müraciət etməsinə münasibətdə qeyd olunmalıdır ki, pensiya işinin materiallarında iddiaçının DSMF-nun Sumqayıt şəhər Şöbəsinə ünvanladığı məktubdan görünür ki, (i.v. 55) iddiaçı həmin müraciətində onun 01.02.2016-cı il tarixdən işdən azad olunduğu üçün pensiyasının üzərinə pensiya sığorta kapitalının hesablanıb əlavə olunmasını xahiş etmişdir ki, bu da əmək haqqı nəzərə alınmaqla ona yaşa görə təyin olunmuş pensiyanın dəyişdirilərək sığorta kapitalı əsasında hesablanmasını tələb etməsi anlamına gəlmir. Cavabdehin apellyasiya şikayətindəki dəlili ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-Ş QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01.01.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Hazırkı mübahisənin halları baxımından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 52 yaşdan əldə etmiş, həmin vaxt onun pensiyası əmək haqqı əsasında hesablanmış, lakin sonradan sığorta kapitalı əsasında hesablanması ilə bağlı müraciət etmişdir. Bu səbəbdən də, iddiaçının pensiyasının yenidən əvvəlki qanunvericilik əsasında hesablanması qeyri-mümkündür. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçıya 01.12.2006-cı il tarixdə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi halda, “Əmək pensiyaları haqqında” Qanuna sonradan edilmiş dəyişikliklərə görə qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası təsbit olunsa da, bu hal iddiaçının vəziyyətini dəyişmir, ona şamil oluna bilməz. Belə ki, burada söhbət ona təyin edlmiş pensiyanın onun razılığı olmadan dəyişdirilməsininin mümkünlüyündən gedir. İddiaçının qeyd olunan Qanuna edilmiş dəyişikliyə qədər qazanılmış pensiya hüququ olduğu üçün sonradan Qanuna edilmiş dəyişikliklə bağlı yeni hesablama qaydasının müəyyən edilməsi ona əmək haqqı nəzərə alınmaqla təyin edilmiş pensiyasının dəyişdirilərək sığorta kapitalından hesablanması üçün və bununla da qanunla qorunan sosial təminat hüququnun, həmçinin “qazanılmış hüququ”nun pozuntusu üçün əsas vermir. Nəzərə alınmalıdır ki, iddiaçının ona əmək haqqı nəzərə alınmaqla təyin edilmiş pensiyasının sonradan sığorta kapitalından hesablanması ilə bağlı inzibati orqana bir müraciəti olmamışdır. Hazırda iddiaçının tələbi yuxarıda da qeyd olunduğu kimi, onun 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyi dövrdə Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq pensiyasının yenidən hesablanması ilə bağlıdır. Həmin tələblə bağlı iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətinə sonuncu tərəfindən rəsmi münasibət bildirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının müraciəti ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından məhkəmə kollegiyası hazırki vəziyyətdə iddianın təmin edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, həmin müraciəti cavabdeh inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hazırki vəziyyətdə iddiaçının cavabdeh inzibati orqana müraciəti ilə bağlı inzibati icraatın aparılmaması və zəruri araşdırmaya ehtiyac olduğunu nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, bu hallar hazırki vəziyyətdə iddiaçının tələbinə uyğun qərar qəbul edilməsini, başqa sözlə, iddiaçının iddiasının təmin olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilərək, iddiaçının “pensiyasının yenidən hesablanması” məqsədilə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas vermir, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2410/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2410/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar