Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3751/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: sərəncamın ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1 və üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (X11 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10225/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və xx.xx.2024-cü il təvəllədlü X4 adının əvvəlki “Rəşad” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəşilik Komissiyasının əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz edilməsini və iddia tələbinin “Bakı şəhər Cavabdeh xx.xx.2024-cü il tarixli sərəncamının ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Cavabdehin və iddia tələbinin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Payızlı (Babayeva) Leyla Anar qızının birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X10 doğulmuş və müvafiq qaydada xx.xx.2024-cü il tarixdə AZ-İV seriyalı, 996799 saylı doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə tərəflər arasındakı nikah qeydinə xitam verilmişdir. Tərəflər arasındakı nikahın ləğvindən sonra Payızlı (Babayeva) Leyla Anar qızının müraciətinə əsasən, İddiaçı uşağın atası olaraq heç bir razılığı alınmadan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 216 saylı sərəncamı ilə xx.xx.2024-cü il tarixdə X5 adı “Rəşad” adından “Aslan” olaraq dəyişdirilmişdir. Bununla bağlı adı çəkilən quruma edilmiş müraciətlər heç bir nəticə verməmiş, həm xx.xx.2024-cü il tarixli, 5-15/2-6- B-73-164/2024 saylı məktubla, həm də xx.xx.2025-ci il tarixli, 5-15/2-6-B-8-164/2025 saylı məktubla adın təkrarən əvvəlki versiyasına qaytarılmasından imtina olunmuş, ailə qanunvericiliyin bu barədə olan normaları kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Qanunvericiliyin tələblərindən də göründüyü kimi 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və digər valideynin rəyini almaqla yol verilir və bu haldan istisnaya yalnız yuxarıda göstərilən hallarda yol verilir. Hazırki mübahisə üzrə də həmin halların heç biri mövcud deyil. Bundan əlavə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda da ailə qanunvericiliyinin yetkinlik yaşına çatmayan uşağın adının dəyişdirilməsi ilə bağlı valideynlərin birgə xahişinin mövcud olmasını şərtləndirən norma qeyd olunsa da, nəticə etibarilə cavabdehin verdiyi sərəncamın onlar üçün qeydiyyata əsas olduğu bildirilmişdir. Nəticədə yetkinlik yaşına çatmayan övladının adının onun xəbəri olmadan və heç bir razılığı alınmadan dəyişdirilməsi nəticəsində iddiaçı qismində İddiaçı qanunla qorunan mənafeləri kobudcasına pozulmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nəsimi RİH başçısının xx.xx.2024-cü il tarixli. 216 nömrəli Sərəncamı Azərbaycan Respublikası Ailə Məclisinin 53.3 cü və 54.1 ci maddələri (53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 54.1 Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsi uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.) nəzərə alınaraq, azyaşlı - xx.xx.2024-cü il təvəllüdlü X5 adının Rəşad adından Aslan adına dəyişdirilməsi “Qəyyumluq və Himayəçilik Komissiyası” tərəfidən azyaşlının mənafeinə uyğun hesab olunmuşdur. Yuxarda qeyd olunanları nəzərə alaraq, Nəsimi RİH başçısının xx.xx.2024-cü il tarixli. 216 nömrəli Sərəncamının ləğvi məqsədə uyğun hesab olunmur.
6. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X11 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(112)-10225/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
8. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil1 (Məlkiova) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
18. X12 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər).
19. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3cü maddəsinə əsasən, qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.
20. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. AZ-İV 996799 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X10 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r.
23. AZ-İ 496427 nömrəli Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X11 arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
24. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-15/2-1965/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X8 Bakı şəhəri Cavabdeh Başçsının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komisiyasına daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən azyaşlı-xx.xx.2024-cü il təvəllüdlü X5 adının dəyişdirilməsi barədə 216 saylı, 16 avqust 2024-cü il tarixli Sərəncam verilmişdir. X8 ərizəsində uşağın atası İddiaçı yaşadığı və ya qeydiyyatda olduğu ünvan qeyd edilmədiyi üçün komissiyanın iclas tarixi barədə ona rəsmi dəvət məktubunun göndərilməsi mümkün olmamışdır. Bu səbəbdən İddiaçı ilə telefon (*** *** ** **) əlaqəsi saxlanılmış və komissiyanın iclasında iştirak etməsi xahiş olunmuşdur. Lakin İddiaçı komissiyanın iclasında iştirak etməmiş və əlaqə zamanı bildirmişdir ki, o uşağın adını dəyişdirilməsinə etiraz edir. Bu səbəbdən atasının iştirakı olmadan komissiyanın iclasının keçirilməsi mümkün olmuşdur və müvafiq sərəncam verilmişdir. Qeyd edilən hallar komisiyyanın xx.xx.2024-cü il tarixli iclasının protokolunda da öz əksini tapmışdır.
25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-477/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir.
26. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
27. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
29. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir.
30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli, 216 nömrəli Sərəncamına əsasən yetkinlik yaşına çatmayan -xx.xx.2024-cü il təvəllüdlü X5 adının “Rəşad” adından “Aslan” adına dəyişdirilməsinə icazə verilmişdir.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müvafiq sərəncamın qəbul edilməsindən (xx.xx.2024-cü il tarixindən) təxminən 08 ay 19 gün sonra məhkəməyə şikayət etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs və iddiaçı arasında daimi ailə mübahisələri mövcud olmuşdur və nəticədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı övladının adının “Aslan” kimi dəyişdirilməsi barədə məlumatlı olmuşdur. Belə ki, digər sübutlarla yanaşı həmçinin iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-477/2025 nömrəli qətnaməsindən də göründüyü kimi, İddiaçı cavabdeh X9 qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman övladının (uşağının) adının “Aslan” olmasından məlumatlı olmuşdur.
33. Odur ki, İddiaçı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli 216 nömrəli Sərəncamından məlumatlı olduğu iş materialları ilə təsdiqlənir.
34. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
35. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
36. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 37.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2-1(112)-10225/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışınski Məmməd Məmmədov