Məhkəmə qərarları › İş №2-1(103)-3753/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3753/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3753/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs X3 işə cəlb edilməklə) “qərarın etibarsızlığının tanınması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs X3 işə cəlb edilməklə) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu, sağ istiqamətində, 1839 nömrəli neft-qaz quyusunun mühafizə zonasında, 39 T 394017,34; 4465723,28 coğrafi koordinatlarda yerləşən 0.6 ha-dan ibarət sənaye təyinatlı torpaq sahəsinn, sahibkarlıqla məşğul olmaq üçün X2 ayrılması barədə Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu, sağ istiqamətində, 39 T 394017,34; 4465723,28 koordinatlarda yerləşən 0,6 ha-dan ibarət bir hissəsi Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə sahibkarlıqla məşğul olmaq üçün X2 ayrılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli **********04 reyestr və ********** qeydiyyat nömrəli olan elektron çıxarış verilmişdir. Lökbatan Bələdiyyəsi tərəfindən 3-cü şəxsə ayrılmış həmin torpaq sahəsinin 546 m2 -dən ibarət hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı (Lökbatan sahəsi) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Həmin torpaq sahəsi 1839 nömrəli neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Həmçinin, Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Belə ki, ləğv olunmuş neft-qaz quyularından yaşayış binalarına və fərdi yaşayış evlərinə qədər 75 metr, ictimai binalara qədər 125 metr, sənaye və kənd təsərrüfatı obyektlərinə isə 25 metr minimum məsafələr mühafizə zonaları kimi təyin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9704/2023 nömrəli qərardadını ləğv edib işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarı hal-hazıra qədər “Azneft” İB-yə verilməmişdir və yalnız belə qərarın mövcudluğu Bakı İnzibati Məhkəməsində mübahisəyə baxılarkən məlum olmuşdur. Lakin məhkəmə mübahisə predmeti olan Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli qərarının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə istinad edərək, iddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Lökbatan Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Həmin torpaq sahəsi 1839 saylı neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Qərarla bağlı ikinci məqam da ondan ibarətdir ki, məqsədli təyinatı və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi sahibkarlıqla məşğul olmaq məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Bakı şəhəri Qaradağ Rayon Lökbatan Bələdiyyəsinə aid olmamışdır. Qaradağ rayon Lökbatan Bələdiyyəsinin 08 may 2007-ci il tarixli, 06 nömrəli “sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq, qəbul edildiyi andan etibarsız hesab edilir. Etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidiarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı inzibati akt xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Mübahisələndirilən dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar