Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3754/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, X1nun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindəki texniki səhvlərin aradan qaldırılaraq çıxarışda və digər təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 nömrəli, 23 iyul 2024cü il tarixli qərardadından X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrində düzəlişlər edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsindəki 12 nömrəli fərdi yaşayış evində X5 və onun paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət reyestrində (MH seriyalı, ******* saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışda və RX seriyalı ******* saylı xx.xx.2015-ci il qeydiyyat tarilxi çıxarışda) B tikilisi y/s 17.3 kv.m kimi buraxılan texniki səhvlərin aradan qaldırılaraq həmin fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/6 hissədən “V” tikilisi, y/s 22.4 kv.m kimi X5 adına çıxarışda və onun adına olan çıxarışda və digər təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2764/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsindəki 12 nömrəli fərdi yaşayış evində X5 və İddiaçı paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət reyestrində (MH seriyalı ******* saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışda və RX seriyalı ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışda) B tikilisi y/s 17.3 kv.m kimi buraxılan texniki səhvləri aradan qaldıraraq həmin fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/6 hissədən “V” tikilisi, ümumi sahəsi 22,4 kv.m kimi X5 adına və İddiaçı adına olan çıxarışlarda, eləcə də fərdi yaşayış evinə dair tərtib edilmiş digər sənədlərdə müvafiq qeydlərin aparılması və dövlət reyestrinə daxil edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmiş, icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, məhkəmə qərarı sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilərək bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-31359/2023 **********59 nömrəli məktubla məlumat verilmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2764/2023 saylı qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı düzəliş tələb etdiyi “V” yaşayış sahəsi əslində ona məxsusdur. İddiaçının yaşayış sahəsi əslində “B” yaşayış sahəsidir. İddiaçının yaşayış sahələrinin yerlərinin səhv düşməsi iddiası da əsassızdır. Belə ki, ümumi sahənin texniki pasportunda “B” və “V” yaşayış sahələrinin yeri aydın görünür. Odur ki, qəbul edilmiş qərar onun maraqlarına toxunur və bu qərardan bir neçə gün öncə məlumatı olmuşdur. Bu səbəbdən də sözügedən qərar ləğv olunmalı və işə yenidən baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-2764/2023 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan X1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2764/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsindəki 12 nömrəli fərdi yaşayış evində X5 və İddiaçı paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı dövlət reyestrində (MH seriyalı ******* saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışda və RX seriyalı ******* saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışda) “B” tikilisi y/s 17,3 kv.m kimi buraxılan texniki səhvləri aradan qaldıraraq həmin fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 1/6 hissədən “V” tikilisi, ümumi sahəsi 22,4 kv.m kimi X5 adına və İddiaçı adına olan çıxarışlarda, eləcə də fərdi yaşayış evinə dair tərtib edilmiş digər sənədlərdə müvafiq qeydlərin aparılması və dövlət reyestrinə daxil edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sözügedən qərar maraqlarına toxunduğundan, tərəfindən ərizə ilə məhkəməyə müraciət olunaraq, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi üzrə qəbul edilmiş 2-1(112)-2764/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və işin icraatının təzələnərək yenidən baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsassız və qanunsuzdur, bu səbəbdən ləğv olunmalıdır. Belə ki, iddiaçı X3 düzəliş tələb etdiyi “V” yaşayış sahəsi əslində ona məxsusdur. İddiaçının yaşayış sahəsi əslində “B” yaşayış sahəsidir. İddiaçının yaşayış sahələrinin yerlərinin səhv düşməsi iddiası da əsassızdır. Belə ki, ümumi sahənin texniki pasportunda “B” və “V” yaşayış sahələrinin yeri aydın görünür. Odur ki, qəbul edilmiş qərar onun maraqlarına toxunur və bu qərardan bir neçə gün qabaq məlumatı olmuşdur. Bu səbəbdən sözügedən qərar ləğv olunmalı və işə yenidən baxılmalıdır. Bununla bağlı, ərizəyə çıxarışların surətlərini, texniki pasportun surətini və ekspertiza rəyinin surətini əlavə etrmişdir. Həmin ekspertiza rəyində “V” tikilisinin sənəd üzrə 22,4 kv.m, lakin faktiki 29,56 kv.m olduğu, onun istifadəsində olan sahədə yerləşdiyi, həmin sahənin digər sahələrdən sərhəd hasarı ilə təcrid olunduğu və onlara aidiyyəti olmadığı qeyd edilmişdir. Lakin məhkəmə bununla bağlı heç bir araşdırma aparmadan, mübahisəli mənzilə baxış keçirmədən qərardad qəbul etmişdir. Qərardada nəzər yetirdikdə, qərardadın demək olar ki, ancaq maddələr toplusundan ibarət olduğunu görmək olar. Məhkəmə yalnız bir ümumi cümlə yazaraq işə laqeyd yanaşmış, işin obyektiv araşdırmasına səy belə göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qərarı işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasında iştirak edən X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.
36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.
37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.
52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı: 1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı paylı mülkiyyət hüququ üzrə ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmışdır (o cümlədən həmin evin 1/6 hissədən V tikilisi ümumi sahəsi 22,4 kv.m hissəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Ərizəçi mübahisə predmeti təşkil edən yaşayış sahəsinin ona məxsus olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları, eləcə də həmin yaşayış sahəsinə dair hər hansı hüququnun mövcud olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi. Belə olan halda hazırkı mübahisənin ərizəçinin hər hansı bir hüququna, qanunla qorunan maraqlarına toxunması ehtimalı belə mövcud deyildir. Eyni zamanda buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin iş materialları ilə ərizəçinin cəlb edilməsi üçün hər hansı bir zərurət müəyyən edilməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməli olduğu hal müəyyən edilmir, ərizəçinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2764/2023 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.