Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3756/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdehin nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2000/2023 nömrəli, 31 may 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2018 və 01 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın tətbiq edilərək, artan pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, dövlət qulluqçusu kimi əmək pensiyası alır. Dövlət qulluqçularının vəzifə maaşının artırılması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanmasına 25 iyun 2018-ci il tarixli Fərmanın tətbiq edilməsi onun pensiya məbləğinin tamamilə az məbləğdə artırılmasına səbəb olur və nəticədə onun pensiya hüququ məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi “Mülki qanunvericiliyin zamana görə qüvvəsi” adlanır və həmin maddənin 7.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2-ci maddəyə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki Məcəllənin 7.3-cü maddəsində isə dəqiqliklə göstərilir ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Qanunun 7.3-cü maddəsi iddiaçının pensiya məbləğinin yenidən hesablanması barədə mübahisəyə tətbiq edilsə, məlum olur ki, 25 iyun 2018-ci ildə qəbul edilmiş Qaydalar onun pensiya hüquqlarını məhdudlaşdırdığı üçün, pensiya məbləğinin yenidən hesablanmasına həmin qayda deyil, 07 fevral 2005-ci il tarixli Fərmanla təsdiq edilmiş “Qaydalar” tətbiq edilməlidir. Çünki “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası” onun pensiya məbləğinin yenidən hesablanmasına tətbiq edilərkən pensiya məbləği çox az məbləğdə artmış olur. Lakin 07 fevral 2005-ci il tarixli Fərmanla təsdiq edilmiş qaydaları onun pensiya məbləğinin yenidən hesablanmasına tətbiq etdikdə isə pensiya məbləği daha əlverişli məbləğdə artmış olur. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” tətbiq edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2000/2023 nömrəli, 31 may 2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2005-ci il 7 fevral 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, “Dövlət qulluqçularının pensiyasınınyenidən hesablanması Qaydaları”na əsasən aprtımlar tamamilə başqa qaydada hesablanırdı. Məhkəmə qərarında heç bir əsas olmadan bildirir ki, bu Qayda - xx.xx.2023-cü ilədək qüvvədə olub. Əvvəla məhkəmə hansı əsasla belə hesab edir ki, 194 nömrəli 2005-ci il 02 fevral tarixliFərmanla təsdiq edilmiş yuxarıda adıçəkilən “Qaydalar”ləğv edilib məlumdeyil. Həmin “Qaydalar”indi də qüvvədədir. Digər tərəfdən məhkəmə iddianı təmin etməyərək bildirir ki, əmək haqlarının artırılması ilə əlaqədar onun əmək pensiyasının yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” tətbiq edilməlidir və məhkəmə həmin Qaydaların 1.1-ci bəndinə istinad edir və bildirir ki, Qaydaların 1.1-ci bəndinə əsasən Bu “Qayda” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-cimaddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Məhkəmə fərqinə də varmadan onun haqlı olduğunu təsdiq edir. Belə ki, 2018-ci 25 iyun tarixli 142 saylı Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” o pensiyaçılara tətbiq edilir ki, onlara pensiyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilib. Ona isə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilib. Deməli, ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmədiyi üçün, yəni o, 2005-ci ildən hazırkı vaxta qədər pensiya aldığı üçün, əmək haqlarının artımı ilə əlaqədar onun pensiya məbləğinin yenidən hesablanmasına 2018-ci il tarixli 142 saylı Fərmanla təsdiq edilmiş “Qaydalar” deyil, 2005-ci il 02 fevral 194 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Qaydalar” tətbiq edilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddianın təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”na əsasən: -bənd 1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. - bənd 2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. - bənd 3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. - bənd 4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır. - bənd 5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olan “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. - Bənd 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. - Bənd 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: - 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, pensiyasının dövlət qulluqçusu kimi hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 1798 saylı qərarından görünür ki, iddiaçının 7 il 1 ay dövlət qulluğu stajına əsasən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2005-ci il tarixədək qüvvədə olan 6.1-ci maddəsinə əsasən (6.1.Pensiya dövlət qulluğunda xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1.dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 60 faizi miqdarında) iddiaçıya xx.xx.2005-ci il tarixdən ömürlük dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)- 1432/2015 saylı qərarından görünür ki, həmin qərarla iddiaçının tələbi təmin edilərək, onun əmək pensiyasının məbləğinin dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə ödənilən əlavələr nəzərə alınmaqla, habelə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən yenidən hesablanaraq artırılması və yaranmış fərqin birdəfəlik iddiaçıya ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmiş, həmin qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. xx.xx.2018-ci il tarixdən tətbiq edilən “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli 3787 saylı Sərəncamına əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılmaqla həmin Sərəncamla təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə uyğun müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1268 saylı Sərəncamına əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşları yenidən artırılmış və həmin Sərəncamla təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə uyğun müəyyən edilmişdir. İddiaçı iddia tələbində və apellyasiya şikayətinin dəlillərində 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın deyil, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın tətbiq edilməli olmasını bildirir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2005ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” qəbul edilən dövrdə qüvvədə olan qanunvericilik dövlət qulluqçusunun pensiya məbləğinin dövlət qulluğunda xidmət illərindən asılı olaraq aldığı dövlət məvacibinin müvafiq faizi miqdarında müəyyən edilməsini təsbit edirdi. Bu Qayda isə həmin qanunvericiliyə uyğun olaraq fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği artırıldıqda, dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin də artırılmış dövlət məvacibin müvafiq faizi miqdarında hesablanmasını təsbit edirdi. İşdən görünür ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı 513,97 manata artırılmış, buna görə də iddiaçının əmək pensiyası orta aylıq əmək haqqının (513,97 manat) 60 faizi, yəni 308,38 manat məbləğində hesablanmışdır. 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı 724,63 manat olduğundan bu artıma əsasən iddiaçının əmək pensiyası həmin məbləğin (724,63 manat) 60 faizi, yəni 434,78 manat məbləğində hesablanmışdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanuna əsasən bu hesablamaya dəyişiklik edildi. Belə ki, həmin Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsi aşağıdakı redaksiyada verildi: “26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1352 saylı Fərmanının 1.2-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edildi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edildi. Beləliklə, həmin Qaydanın qəbul edilməsi ilə dövlət qulluqçusunun aylıq əmək haqqı artırıldıqda 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiyaların, müəyyən edilmiş yeni əmək haqqının müvafiq faizi məbləğində hesablanması deyil, minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsinin (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulması nəticəsində əldə edilmiş məbləğ qədər artırılması nəzərdə tutuldu. Buna görə də 01 mart 2018-ci il tarixində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı iddiaçının pensiyasının məbləği onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə 1 mart 2018-ci il tarixinədək orta aylıq əmək haqqı (724,63 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (791,05 manat) arasındakı fərq məbləğinin (66,42 manat) 23,61 faizi, yəni 15,68 manat qədər artırılmış və həmin tarixədək aldığı pensiya (434,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 450,46 manat məbləğində hesablanmışdır (burada 23,61 faiz = (85 ay (yəni 7 il 1 ay) x 50% / 180 ay (yəni 15 il)). 1 sentyabr 2019-cu il tarixindən isə həmin tarixədək orta aylıq əmək haqqı (791,05 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1159,07 manat) arasındakı fərq məbləğinin (368,02 manat) 23,61 faizi-86,89 manat qədər artırılmaqla aldığı pensiyanın (450,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 537,35 manat məbləğinə çatdırılmışdır. İddiaçı hazırkı qeyd edilən hesablama ilə razılaşmayaraq onun pensiyasının Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” ilə hesablanmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi haqlı olaraq iddianı əsassız hesab etmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: -maddə 1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğu). - maddə 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. - maddə 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. - maddə 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. - maddə 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. - maddə 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. - maddə 0.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. - maddə 11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir; 11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” eyni dövlət orqanı tərəfindən qəbul edilmiş eyni münasibətləri tənzimləyən aktlar olduğundan, burada Konstitusiya Qanununun 10.5-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda isə aydın olur ki, 2017-ci il iyulun 1-dək təyin edilmiş dövlət qulluqçularının əmək pensiyasının, o cümlədən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması sonradan qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən həyata keçirilməli olduğundan iddiaçının tələbi əsassız, cavabdehin imtinası isə əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1903 saylı Fərmanı ilə həm “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə 2-ci hissəsi, həm də “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ləğv edilmiş, bununla da dövlət qulluqçularına təyin edilən əmək pensiyasının əməkhaqqındakı sonrakı artımlara əsasən yenidən hesablanması qaydası aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2000/2023 nömrəli, 31 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2-1(103)-3756/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3756/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver