Məhkəmə qərarları › İş №2-1(103)-3759/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3759/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3759/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “kameral yoxlamanın nəticələrinə dair qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 23.xx.xx.2024-cü il tarixli **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarnın ləğv edilməsini xahiş etmişdir (İPM m. 32.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, 22 **********3800 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7.390,06 manat mədən vergisi hesablanmışdır. Cavabdehə dəqiqləşmiş bəyannamə təqdim etsə də cavabdeh xx.xx.2024-cü il tarixli **********88000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında ona 2022-ci ilin iyun ayı üçün 7.390,06 manat mədən vergisi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bununla əlaqədar cavabdehə müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Araşdırma zamanı xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan edildiyi müəyyən edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş elektron qaiməfakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********934400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun ayı mədən vergisi üzrə 7390,06 manat vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********388000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar vergi ödəyicisinə göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı tədim edilən elektron qaimə fakturaları əlaqəli məlumat kimi qəbul edərək onun mədən vergisi üzrə təqdim etdiyi bəyannamədə 0,0 kub m həcmində tikinti qumu, çınqıl hammalı hasilatı bəyan etməsini vergidən yayınma kimi qəbul etmişdir. İddiaçı bunun əksini sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmiş, satıdığı malları hansı qaydada əldə etdiyini əsaslandırmamışdır. Məhkəmənin qeyd oolunan mövqeyi əsassızdır. Belə ki, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq qərar qəbul etmiş, bununla bağlı müraciətləri qanunvericiliyə uyğun araşdırılmamışdır. Belə ki, cavabdeh qərarı əsaslındırmaq üçün e-qaimə sənədələrinə deyil, hasilatla bağlı sübutlardan istifadə etməli idi. Burada müəssisənin 6 aylıq dövr üzrə işıq sərfiyyatına nəzər yetirdikdə 2021-ci ilin yanvar-noyabr aylarında əsas işıq sərfiiyyatı etməklə, Quba r.Vəlvələçay yatağının karyer ərazisində fəaliyyət göstərmişdir. Lakin sonrakı 2021-ci ilin noyabr–dekabr və 2022-ci ilin 1anvar-sentyabr aylaırında ümumiyyətlə fəaliyyəti olmamış və elektrik enerjisi sərfiyyat göstəriciləri bunu təsdiq edir. Belə ki, 24 maydan 21 iyunadək 7 kvt, 21-22 iyun tarixlərində isə 8 kvt enerji sərf edilmişdir. Bütün bunlar göstərir ki, 2022-ci ildə sahibkar işləməmişdir. Qum-çınqıl qalığı xx.xx.2021-ci il tarixinədək işlədiyi dövrün toplanmış qalığıdır. Həmin mal qalığından da məhz, 2022-ci ilin iyun ayında e-qaimə ilə satış olmuşdur ki, bu da hasilat demək deyil. Odur ki, cavabdeh tərəfindən xx.xx.2022-01.017.2022 dövrə görə iyun 2022-ci il üçün mədən vergisi hesablanması qanunsuzdur...” Cavabdeh iddiaçının apellyasiya şikayətinə etirazında iddia ərizəsinə etirazına uyğun olaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasya şikayətinə uyğun izahat verərək, 2021-ci ildə hasilata görə iddiaçı tərəfindən mədən vergisinin ödənildiyinə dair sübutlar işə əlavə edildiyini, sonrakı ildə isə yalnız iki epizodda 1anvar və may aylarında satış olduğunu, buna görə də mədən vergisi hesablanmasının əsassız olduğunu bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi ilə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Cavabdehin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********183500 saylı 27 sentyabr 2023-cü-ci il tarixli qərarı ilə 2022-ci ilin iyun ayı üçün ona 7.390,06 manat məbləğində mədən vergisi hesablanmışdır. İddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, cavabdehin kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi həmin qərarla hesablanmış mədən vergisinin hesablanması vergi qanunvericiliyinin tələbilərinə ziddir. Çünki, 2022-ci ildə iddiaçı hasilatla məşğul olmamış, həmin ildə 2021-ci ildə hasil olnumuş qum-çınqılın 2022-ci ilə keçmiş qalığından yalnız satış həyata keçirilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşır. Azərbaycan Respublikasının 216.2-ci maddəsinə əsasən 216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır: Qeyri-filiz faydalı qazıntıları: ...çınqıl xammalı 1,0 manat; ...tikinti qumları 1,0 manat... Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən kec olmayaraq vergi orqanına mədən vergisinin bəyannaməsini verirlər. Vergi qanunvericiliyinin qeyd olunan tələblərindən göründüü kimi, mədən vergisi faydalı qazıntıların çıxarılmasına, yəni hasilatına görə verilir və həm də hər ay hesabat ayından sonrakı ayın 20-dək həmin vergi bəyannaməsi vergi ödəyicisi tərəfindən təqdim edilməlidir. Cavabdehin mübahisələndirilən qərarına, iddia ərizəsinə etirazının dəlillərinə əsasən müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2022 dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı və 600,00 kub metr tikinti qumu təqdim edildiyi halda, vergi orqanına təqdim etdiyi bəyannamələrinində onları “0,0” kub m həcmində göstərdiyi nəzərə alınmaqla, ona kameral yoxlama ilə 2022-ci ilin iyun ayı üçün ona 7.390,06 manat mədən vergisi hesablanmışdır. Halbuki, işdən görünür ki, digər şəxslərlə bağlanmış müqavilələr əsasında iddiaçı, 2022-ci ilin yanvar ayında xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X2, xx.xx.2022-ci il tarixli eqaimə faktura ilə "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X3 qum-çınqıl satışları həyata keçirmişdir. Qeyd olunanlardan göründüyü kimi, birincisi iyun ayında iddiaçının qum-çınqıl satışı mövcud olmamışdır. İkincisi, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, satılan qum çınqıl xammalının hasilatı 2021-ci ildə hasil edilən xammal qalığından həyata keçirildiyi bildirilərək bunu onunla əsaslandırılır ki, 2021-ci ilin noyabr–dekabr və 2022-ci ilin 1anvar-sentyabr aylaırında hasilatla bağlı fəaliyyəti olmamışdır ki, bu da müəssisənin elektrik enerjisi sərfiyyatının göstəriciləri ilə təsdiq olunur. İddiaçı tərəfindən verilmiş sübutlar araşdırıldıqda həqiqətən də müəyyən olunur ki, onun tərəfindən məhkəəyə təqdim olunmuş elektrik enerjisinin sərfiyyatı cədvəlində həqiqətən də 2022-ci ilin iyn ayında sərfiyyatın məbləği cəmi 84 manat təşkil etmişdir ki, bu da 2021ci ilin sərfiyyatına münasibətdə təxminən 20 dəfə azdır. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Quba rayonu Talıbıqışlaq bələdiyyəsinin 103 saylı 22 oktyabr 2024-cü il tarixli arayışına və həmin bələdiyyənin “avtomatlaşdırılmış məlumat ssistemi”ndən çıxarışa əsasən müəyyən ounur ki, iddiaçı tərəfindən 2021-ci ildə qum-çınqıl karxanasının fəaliyyəti nəticəsində 1180 manat mədən vergisi bələdiyyənin hesabına köçürülmüşdür. Qeyd edilməlidir ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8.1.3-cü maddəsi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi) ləğv edilmişdir. (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) Başqa sözlə, 2022-ci ildən etibarən mədən vergisi müstəsna olaraq yalnız 6.1.8-ci maddəsinə müvafiq olaraq dövlət vergilərinə aid olmaqla, üzərində nəzarət dövlət vergi orqanları tərəfindən həyata keçirilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin qərarı ilə iddiaçıya 2021-ci ildə hasil olunmuş, 2022-ci ildə isə satışı həyata keçirilmiş, həm də 2022-ci ilin iyun ayında belə bir satış da mövcud olmadığı, həm də qum-çınqıl xammalının qazılması, yəni hasilatı sübuta yetirilmədiyi halda, mübahisələndirilən qərarla 2022-ci ilin iyun ayı üçün ona, 2021-ci ildə hasilata görə bələdiyyə orqanına mədən vergisi ödənilməsinə baxmayaraq, həmin ilin hasilatından 2022-ci ilə keçən qalığından həyata keçirilmiş satışına görə, təkrarən, iddiaçıya mədən vergisi hesablanmışdır. Halbuki, Vergii Məcəlləsinin 3.5-ci madəsinin tələbinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Beləliklə də, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğu cavabdeh tərəfindən sübuta yetirilmədiyi halda, o, vergi qanunvericiliyinin pozuntusunda təqsiri müəyyən oluna bilməz. Vergi Məcəlləsinin də tələbidir ki, o cümlədən: 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmamasına; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmamasına görə - vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, ümumiyyətlə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, əsassız olaraq iddiaçının tələbi rədd edilmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, cavabdehin 23.xx.xx.2024-cü il tarixli, **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarnın ləğv olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23.xx.xx.2024-cü il tarixli **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar