Məhkəmə qərarları › İş №2-1(103)-376/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-376/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-376/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imtinasının əsassız hesab edilməsi, “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “BMW X- 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL28650 nömrəli, ağ rəngli avtomobili satın almışdır. Həmin avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Babək prospektində idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı avtomobil əzilmişdir. Bu səbəbdən də müəyyən müddət avtomobili təmirdə olmuşdur. Təmir zamanı avtomobilin ban nömrəsi olan hissə ətrafında qaynaq işləri aparılmışdır. Bu işlərə səbəb həmin hissəsin əzilərək deformasiyaya uğraması olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsində aparılmış araşdırma zamanı, “BMW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ -in X1 Sistemi üzrə oğurlanmış və qaçırdılmış avtonəqliyyat vasitələrinin uçotunda olmaması aşkar edilmişdir. Həmçinin, avtomobilin üzərində həbs və məhdudiyyət aşkar olunmamışdır. “BMW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı AR DİN Baş X5 İdarəsinə müraciət olunmuş, AR DİN BDYPİ-nin 07 fevral 2023-cü il tarixli 3- 13-16/2M-11900/11 saylı məktubu ilə nəqliyyat vasitəsinə dair DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul ediləcəyi təqdirdə mümkün ola biləcəyi qeyd edilmiş və hüququn rəsmiləşdirilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qeyd olunan ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması ilə bağlı AR DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırlma aparılmış, “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmaması aşkar olunmuş, həmçinin qaynaq işlərinin həmin avtomobilin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Babək prospektində iddiaçı tərəfindən idarə olunarkən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı avtomobil əzilmiş, ona görə avtomobilin ban nömrəsi olan ban hissə ətrafında qaynaq işləri aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ilkin olaraq məhkəmədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imtinasının əsassız hesab edilməsi, cavabdeh orqan tərəfindən, “BMW X - 6” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia qaldırılsa da, sonradan məhkəmənin təkidi ilə iddiaçı tərəfindən iddia ərizəsi digər formada təqdim edilmişdir - cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imtinasının əsassız hesab edilməsi, “BMW X - 6” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin. Bakı İnzibati Məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin tələbləri aşkar şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən həm inzibati qanunvericiliyin, həmçinin də Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən normaların tələbləri pozulmuşdur. Belə ki, iddiaçı olaraq ona məhkəmə tərəfindən hər hansı bir hüquqi yardım göstərilməmiş, əksinə olaraq düzgün şəkildə qaldırdığı iddianın dəyişdirilməsi tələb olunmuşdur ki, nəticədə məhkəmə tərəfindən onun əleyhinə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi öz qərarında Azərbaycan Respublikal Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə istinad etməklə qəbul etməsi qanunsuzdur. Belə ki, onun iddiasının mahiyyətindən də görünür ki, ona məxsus avtonəqliyyat vasitəsinin üzərində məhdudiyyət qoyulması səbəbindən qeydiyyatdan keçirə bilməmiş, lakin məhkəmə səhv qənaətə gərərək tərəfindən qaydaların pozulması və bu səbəbdən də ona imtina verilməsini əsaslandırmışdır ki, bu xüsusat da qanunvericiliyin tələblərinə ziddir və yuxarı instansiya məhkəməsi bu məsələni zəruri şəkildə araşdırmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair DİN Baş X5 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması üçün müraciət etmiş, cavabdeh tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən müraciətin müsbət həll edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imtinasının əsassız hesab edilməsi, “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi əsasında iddia tələbi cavabdeh Baş X5 İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən “BMW X6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması kimi dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurətinin əvvəlcədən BDYPİ-yə bildirilməməsinə, bu faktın lazımi qaydada sənədləşdirilməməsinə, avtomobilin qeyd edilən vəziyyətdə fotoşəkilləri təqdim edilməklə təmir müəssisəsi (servis) tərəfindən ban nömrəsi ətrafında qaynaq işlərinin aparılmasını zəruri edən sənədləşmənin mövcud olmamasına, Nizami rayon polis idarəsi tərəfindən maşının sadəcə təmirinin həyata keçirilməsinə icazə xarakterli arayış verməsinə (ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı deyil) istinad edərək iddia tələbinin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən “BW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X5 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. - Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin rəis müavininə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeydiyyat işinin aparılması məqsədilə xx.xx.2022-ci ildə BDYPİ Qİİ-də texniki müayinə zamanı İddiaçı məxsus olan “BMW X-6” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL286503 nömrəli, 2010-cu il buraxışlı, ağ rəngli avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması və birkasız olması faktına dair material araşdırma aparılması üçün Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməklə icraatına daxil olmuşdur. “BMW X-6” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəricildəri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Avtomobilə baxış zamanı ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində Babək prospektində idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi zamanı avtomobil əzilmiş, ona görə avtomobil təmirə dayanmış və təmir zamanı avtomobilin ban nömrəsi olan ban hissə ətrafında qaynaq işləri aparılmışdır. Odur ki, nəqliyyat vasitəsinin qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmir. - Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ekspert rəyinə əsasən İddiaçı sağ qaşüstü nahiyəsinin əzilmiş yarası, sağ göz qapaqlarının, sol alın nahiyəsinin və sağ əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdə DİNnin 102 xidmətindən məlumat daxil olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Nizami rayonu Babək pr-də saat 23:53 radələrində YNH-si baş vermiş, xəsarət alanlar vardır. Daxil olmuş məlumat Nizami RPİ-də «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 21 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2022-ci il tarixdən icratına qəbul edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında vətəndaş İddiaçı məxsus “BMW X6 E 71” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmirinə icazə verilmişdir. - Nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövcudluğu barədə məlumata əsasən **-MS-*** dövlət nömrə nişanlı “BMW X6” minik markalı, 2010-cu buraxılış ili olan nəqliyyat vasitəsi üzərində məhdudiyyət qoyulmuşdur, ban nömrəsində qaynaq işləri aparılaraq müdaxilə olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3381/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-trasoloji ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “BMW X-6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL286503 nömrəli avtomobilin təmiri zamanı qaynaq işləri ban nömrəsində, yoxsa ondan kənarında aparılmışdır? Qaynaq işləri ban nömrəsindən kənarda aparılmışdırsa həmin qaynaq işlərinin ban nömrəsinə təsiri olmuşdurmu? Ətrafında qaynaq işləri aparılan ban nömrəsi, həmin avtomobilin digər yerlərində olan ban nömrələri ilə eynilik təşkil edirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş “BMW X-6” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “WBAFG8104BL286503” ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir, birka isə zavod üsulu ilə yapışdırılmışdır. Lakin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində qaynaq izi müşahidə edilir. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir. Eyni zamanda, avtomobilin həkk edilmiş ban nömrəsi və digər yerində olan birkanın üzərinə yazılmış ban nömrəsi ilə həmin avtomobilə məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrələri uyğunluq təşkil edir. Təqdim edilmiş avtomobilin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində olan qaynaq izi həmin ban nömrələrinə hər hansı təsiri olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir. Beləliklə işdən müəyyən olunur ki, İddiaçı tərəfindən özünə məxsus olan “BMW X- 6” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, ban WBAFG8104BL286503 nömrəli, 2010-cu il buraxışlı, ağ rəngli avtomobil təmin etdirilərkən ban nömrəsi ətrafında aparılan qaynaq işlərinin həmin ban nömrələrinə hər hansı təsiri olmamışdır. Belə olan halda cavabdeh iddiaçının avtomobilinin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılmasına istinad edərək onun müraciətinin təmin edilməsindən imtina edərkən haqlı olmamışdır. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyqun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyqunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Qeyd olunan Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Həmin Qanunun 18-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 küb.santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarım qoşqularını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. “Nəqliyyat vasitələrinin qeydiyyatı” haqqında normativ sənədin 2.2-ci bəndinə əsasən fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyta olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan avtomobilin ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmiş, birka zavod üsulu ilə yapışdırılmış, lakin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində qaynaq izi müşahidə edilir. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir. Eyni zamanda, avtomobilin həkk edilmiş ban nömrəsi və digər yerində olan birkanın üzərinə yazılmış ban nömrəsi ilə həmin avtomobilə məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrələri uyğunluq təşkil edir. Təqdim edilmiş avtomobilin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində olan qaynaq izi həmin ban nömrələrinə hər hansı təsiri olmamışdır. Beləliklə işdən göründüyü kimi iddiaçıya məxsus olan nəqliyyat vasitəsi üzərinə cavabdeh inzibati orqan tərəfindən buna heç bir tutarlı əsas olmadan məhdudiyyət qoyulmuş, nəticədə iddiaçının avtomobilin qanuni sahibi kimi hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi isə işin hallarını tam araşdırmayaraq, iddianın təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7425/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imtinası qanunsuz hesab edilsin. Cavabdeh tərəfindən “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılsın. “BMW X - 6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi (qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar