Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-376/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Muxtarov Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər "xxxx" ASC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1364/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinə (üçüncü şəxs "xxxx" ASC göstərilməklə) qarşı məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 2009-2010-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq hesabatlar dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim olunmasını, dəqiqləşdirilmiş hesabatlar əsasında əmək pensiyası yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyasının məbləği ilə hazırkı əmək pensiyasının məbləği arasında yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" ASC üçüncü şəxslər qismində məhkəmə icraatında cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2022ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək müqaviləsi əsasında Bankın Neftçala rayon Filialının müdiri vəzifəsində çalışmışdır. Təxminən 2 il əvvəl yaşa görə əmək pensiyasına çıxmışdır və ona xx.xx.2021-ci il tarixli 983400 nömrəli pensiya işi təyin olunub. İşlədiyi dövrlər ərzində aldığı əmək haqqına münasibətdə məcburi dövlət sosial sığorta haqları və digər icbari ödənişlər tam həcmdə ödənilmişdir. Lakin, 2009-2010-cu illər ərzində Bankda struktur dəyişiklikləri baş verdiyi üçün sənədləşmə işləri ilə əlaqədar ləngimələr (çatışmazlıqlar) baş vermişdir. Nəticədə, 2009-2010-cu illər dövrü üzrə onun xeyrinə qanunla təqdim edilməsi icbari olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) tam və dəqiqliklə təqdim olunmamışdır. Halbuki, həmin dövr ərzində də digər illərdə olduğu kimi Bankda işləmiş, razılaşdırılmış əmək haqqını almış və əmək fəaliyyətində heç bir fasiləyə yol verməmişdir. Lakin, müvafiq hesabatların düzgün təqdim edilməməsi nəticəsində hazırda ona ödənilməli olan əmək pensiyasını tam olaraq ala bilmir. Məsələ ilə bağlı dəfələrlə həm Banka, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciətləri olsa da, məsələ öz həllini tapmayıb, DSMFdən ona verilən məlumata əsasən həmin dövrlər üzrə Bankın sığortaolunanlar üzrə hesabatlarında əlavə pul vəsaiti görünür, lakin bu pul vəsaitinin Bankın hansı işçisinin xeyrinə hesablandığı və ödənildiyi müəyyən oluna bilmir. Bunun səbəbi isə Bank tərəfindən sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta hesabatlarının boş verilməsi və ya verilməməsidir. Bank tərəfindən onlara təqdim olunan cavablara əsasən isə 2009- 2010-cu illər üzrə zəruri sənədlər aşkar edilməmişdir və buna görə də həmin dövr üzrə hesabatların (surətlərinin) DSMF-ə (yenidən) təqdim edilməsi mümkün olmamışdır. İddia ərizəsinə əlavə olunan Qoşma 3-dən də göründüyü kimi, 2009-2010-cu illər üzrə Bank tərəfindən təqdim edilməli olan məlumatlar mövcud deyil. Halbuki Qoşma 2-dən göründüyü kimi 2009-2010-cu illər üzrə dövr də daxil olmaqla xx.xx.2007-ci il tarixindən – xx.xx.2022-ci il tarixinədək Bankın Neftçala rayon Filialının müdiri vəzifəsində fasiləsiz olaraq çalışmışdır və onunla bağlanılmış əmək müqaviləsi ilə razılaşdırılmış miqdarda aylıq əmək haqqı almışdır. Bununla belə, hazırda digər bütün illər üzrə onun xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında görünsə də, 2009-2010-cu illər üzrə dövr üzrə heç bir ödəniş görünmür. Buna görə də, 2009-2010-cu illər üzrə müvafiq hesabatlar dəqiqləşdirilməlidir (və ya yenidən təqdim edilməlidir). Beləliklə, məcburi dövlət sosial sığorta haqları üzrə 2009-2010-cu illər üzrə müvafiq məlumatların düzgün (və vaxtında) təqdim edilməməsi nəticəsində hazırda ona təyin olunmuş əmək pensiyasının məbləği ona ödənilməli olan əmək pensiyasının məbləğindən azdır. Bununla da, onun sosial təminat hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunan qanunların tələblərindən irəli gələrək, DSMF fərdi şəxsi hesabına daxil edilməli olan məlumatların dəqiqliyinə müntəzəm şəkildə nəzarət etməlidir. Həmçinin, qeyd olunan Qanunların tələblərinə müvafiq olaraq, Bank sığortaedən olaraq məcburi dövlət sosial sığorta haqları üzrə hesabatı vaxtında və düzgün təqdim etməyə məsul olan şəxsdir. Hesabatların dəqiqləşdirilməsi barədə verilə biləcək qərarın Bankın maraqlarına toxuna biləcəyini nəzərə alaraq və mübahisənin düzgün həll edilməsi üçün Bankın işə cəlb edilməsi zəruridir. Hesab edir ki, 2009-2010-cu illər üzrə məcburi sosial sığorta haqları üzrə hesabatlar Bank tərəfindən dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim edilməli və həmin dəqiqləşmələr əsasında DSMF tərəfindən onun xeyrinə müəyyən olunan əmək pensiyası yenidən hesablanmalı, habelə yaranmış fərq ödənilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 2009-2010cu illərdə Kapital Bank ASC-nın Neftçala rayon filialında çalışdığını, lakin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapmadığını bildirmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta altsıstemində "xxxx" ASC-nin 2009-2010-cu illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı (SUN: **********7) (bundan sonra - sığortaedən) tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı (FİN: xxxxxxx; SSN: **********193) və digər sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilmiş fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin aparılması ilə bağlı 2022-ci il 26 oktyabr tarixli **********4 nömrəli “Tədbirlər Planı”na uyğun olaraq 2009-2010-cu illər üzrə İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının fərdi şəxsi hesablarına işlənilməsi məsələsinə yoxlanılmasına zərurət yaranan sənədlər (sığortaolunanların əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surətləri, əmək haqlarına dair imza və möhürlə təsdiq olunmuş arayışlar (aylar üzrə göstərilməklə) və həmin illər üzrə bank hesablarından çıxarışların surətləri) sığortaedən tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün deyildir. Üçüncü şəxs "xxxx" ASC məhkəməyə ünvanlandığı məlumatında qeyd etmişdir ki, iş üzrə əlavə arxiv sənədlərinin əldə olunması üçün yenidən araşdırma aparılmış, mübahisələndirilən dövrə aid əmrlər kitabının Neftçala rayon filialında olduğu müəyyən edilmiş və həmin kitabın təhvil alınması üçün müraciət edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan kitaba əsasən əməkdaşların hansı ayda hansı məbləğdə əmək haqqı almasına dair məlumatlar yoxdur. Həmçinin filial əməkdaşlarının şifahi bildiriyi məlumata əsasən filialda mövcud olan arxiv sənədləri iddiaçı tərəfindən arixvə təhvil verilmədən yandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1364/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta altsıstemində "xxxx" ASC-nin 2009-2010-cu illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı (SUN: **********7) (bundan sonra - sığortaedən) tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı (FİN: xxxxxxx; SSN: **********193) və digər sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, iddia tələbinə dəqiqləşdirmə verərək əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyasının məbləği ilə hazırkı əmək pensiyasının məbləği arasında yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi, ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxs "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; ... 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanununqüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; ... Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. ... Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. ... Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; ... məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; ... Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir;
məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır: ... 3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək; “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Hazırki inzibati işin araşdırılması nəticəsində işin mübahisəsiz hallarına görə, iddiaçı 2009-2010-cu illərdə tarixədək Kapital Bank ASC-nin Neftçala rayon filialında əmək fəaliyyəti ilə məşğul olmuş, əməkhaqqı almış və onun əməkhaqqından işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Həmin hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, eləcə də apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən dövr üzrə iddiaçının işəgötürəni tərəfindən onun əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş, bu səbəbdən də mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı vəsait qeydə alınmamışdır. Yəni,sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesablarında əks olunmamışdır. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (Forma B3) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir. Birinci instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına ödənilməməsinin iddiaçının deyil, məhz işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qurumun qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının ödədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması onun pensiya hüququnu pozmuş olur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi və fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Mübahisəli dövrdə qüvvədə olan və yuxarıda göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin – sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2183/2024 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-1653/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2598/2023 nömrəli, xx.xx.2022ci il tarixli 2-1(102)-668/2022 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi və fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1364/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova