Məhkəmə qərarları › İş №2-1(103)-3760/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3760/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3760/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X3 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6591/2025 nömrəli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində toplanmış 94.217,76 manat pensiya kapitalı 156-ya (65 il – 58 il = 84 ay + (144 ay – 72 ay)) bölünməklə) 1166,54 (562,58+603,96) manat müəyyən edilmişdir. İşləyən əmək pensiyaçısı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından iddiaçının müraciətinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə, iddiaçının pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində sonradan qeydə alınan pensiya kapitalı 156-ya (65 il – 58 il = 84 ay + (144 ay – 72 ay)) bölünməklə) və xx.xx.2025-ci il tarixdən indeksləşdirilərək 1265,33 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yenidən hesablanmış pensiya məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla 1871,16 manat müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3- 21250/2024 nomrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilib və “Əmək Pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilməməklə ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1115/2023 nömrəli qərarı ilə ona 52 yaşdan, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən sonra o, fasiləsiz olaraq 6 il (72 ay) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu gün də əmək fəaliyyətini davam etdirir. Əmək pensiyaları haqqında Qanunun 37-ci maddəsinə əsasən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanunun tələbindən görsənir ki, onun pensiyası xx.xx.2024-cü il tarixdə yenidən avtomatlaşdırılmış qaydada hesablanmalı olduğu halda o, müraciət edənədək cavabdeh bunu hesablamamışdır. xx.xx.2024-cü il tarixdə onun müraciətindən sonra hesablansa da düzgün hesablanmamışdır. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Onun pensiyaya çıxdığı gündən sonrakı 6 ilin (72 ayın) tamamı düvründə onun yığdığı və Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi şəxsi hesabın sığorta hissəsinin 90% nəzərə alındıqdan sonra onun pensiya hesablanmalı olan kapitalının məbləği 94217,76 manat təşkil edir. Qanunun 37.3.1-ci maddəsinin tələbinə əsasən onun pensiya kapitalı (94217,76 manat) 72 aya bölünməklə (144-72=72) ona əlavə pensiya hesablanmalı idi. - 94217,76 / 72 = 1308,58 manat pensiyanın üzərinə gəlməklə hesablanmalı idi. Lakin cavabdeh qanunun tələblərini kobud şəkildə pozaraq 603,96 manat hesablamaqla hüquqlarını pozmuşdur. Qanuni əsaslarla ona pensiya təyin ediləcəyi təqdirdə o xx.xx.2024-cü il tarixdə 1871,16 manat (562,58+1308,58=1871,16) pensiya təyin edilməli idi. Cavabdeh Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası qanunun qüvvədən düşmüş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli qanunla qüvvədən düşüb) maddəsini (45-ci maddənin 2-ci cümləsini) tətbiq etməklə ciddi səhvə yol vermişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-3047/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edimişdir. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-857/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-3047/2022 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən müvafiq qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1115/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(103)-857/2023 nömrəli qərarı ləğv edilmiş və İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edimişdir. Sözügedən qərar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilmiş və iddaçı İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023-cu il tarixində kişilərə münasibətdə pensiya yaş həddi 65 il) arasındakı ayların sayı qədər artırılır. İddiaçı 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunduğuna görə, əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 94217,76 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il - 58 il =84 ay+(144 ay-72 ay)) bölünməklə 603,96 manat (94217,76:156) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 16 oktyabr 2024-cü il tarixdən 562,58 manatdan 1166,54 manata (562,58+603,96) artırılmışdır. Qeyd edilənlərə əsasən İddiaçı keçmiş dövr üzrə 915,68 manat fərq məbləği hesablanmışdır. Həmin 915,68 manat fərq məbləği 2025-ci ilin yanvar ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək (hər ay 457,84 manatmanat) pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 2.2ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçı ona təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən hesablanmasını istəyir. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2018-cı il tarixdə (Qanun qüvvəyə mindiyi günədək) təyin edildiyi üçün ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanununun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6591/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-21250/2024 saylı qərarı ləğv edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra sonrakı dövr üzrə qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilmədən yenidən hesablanması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” alt sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddiaçı pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunduğuna görə, əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 94217,76 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il - 58 il =84 ay+(144 ay-72 ay)) bölünməklə 603,96 manat (94217,76:156) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 16 oktyabr 2024-cü il tarixdən 562,58 manatdan 1166,54 manata (562,58+603,96) artırılmışdır. Qeyd edilənlərə əsasən İddiaçı keçmiş dövr üzrə 915,68 manat fərq məbləği hesablanmışdır. Həmin 915,68 manat fərq məbləği 2025-ci ilin yanvar ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək (hər ay 457,84 manatmanat) pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuşdur və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Qanunvericiliyə edilmiş dəyişiklikdən də göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərda tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Göründüyü kimi qanunverici yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, 13 may 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyqun qaydada yenidən hesablanmışdır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli və xx.xx.2025ci il tarixli qərarların ləğv edilməsi və “Əmək Pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilməməklə ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın qeyd edilən məzmunda dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarix, 2-1(112)-1115/2023 №-li qərarından müəyyən olunur ki, iddiaçı 52 yaşdan (xx.xx.2015-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18141/2023 №-li qərarından müəyyən olunur ki, İddiaçı “Əmək pensiyları haqqında” Qanunun 9.8-ci maddəsinə xx.xx.2018-ci il tarixdən əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-21250/2024 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əmək pensiyası “Əmək pensiyları haqqında” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) yenidən hesablanmışdır. Hazırkı pensiya məbləği: 562 manat, 58 qəp. Yenidən hesablanmış pensiya məbləği: 1166 manat, 54 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-3326/2025 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əmək pensiyası “Əmək pensiyları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixə kimi 6 illik sonradan qeydə alınan MDSS-lərə görə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1166 manat, 54 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1265 manat, 33 qəpik. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ona 29 iyun 2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə, əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 94217,76 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1.-ci maddəsinin 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il = 84 ay + (144 ay – 72 ay)) bölünməklə 603,96 manat (94217,76:156) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləğinin 16 oktyabr 2024-cü il tarixindən 562,58 manatdan 1166,54 manata (562,58 + 603,96) artırılıb. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, keçid müddəa xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Baxmayaraq ki, iddiaçının əmək pensiyası hüququ xx.xx.2018-ci ildən yaranmışdır, onun pensiyasının yenidən hesablanması hüququ xx.xx.2024-cü ildən sonra yarandığından, qanunun yuxarıda qeyd olunan “keçid müddəa”nın tələbləri ona şamil oluna bilməz və deməli, iddiaçıya qüvvədən düşmüş norma deyil pensiyasının yenidən hesablanması hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində toplanmış 94.217,76 manat pensiya kapitalı 156-ya (65 il – 58 il = 84 ay + (144 ay – 72 ay)) bölünməklə) 1166,54 (562,58+603,96) manat müəyyən edilmişdir. İşləyən əmək pensiyaçısı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından iddiaçının müraciətinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə, iddiaçının pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanaraq (fərdi hesabının sığorta hissəsində sonradan qeydə alınan pensiya kapitalı 156-ya (65 il – 58 il = 84 ay + (144 ay – 72 ay)) bölünməklə) və xx.xx.2025-ci il tarixdən indeksləşdirilərək 1265,33 manat müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə qeyd edilmiş qərarların ləğv edilməsini xahiş edir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə görə (Keçid müddəa) istinadən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 156 aya bölünməklə hesablanmalıdır. Məhkəmə kollegiyası tərəfindən ilkin olaraq araşdırılmalı məsələ sözügedən Keçid müddəanın iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmamasıdır. Məhkəmə kollegiyası işin göstərilən hallarını hallarını nəzərə alaraq, qeyd edir ki, ƏPQ-nin: - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2024-cü tarixdən yenidən hesablamış, bu zaman ƏPQ-nin 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etməli olduğu halda, xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X2 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə kollegiyası cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı iddianın dəyişdirilməsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya icraatı zamanı iddiaçı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-3326/2025 nömrəli qərarının da ləğv edilməsini xahiş etmişdir. Hazırkı yeni iddia tələbinin qəbul edilməsi ona görə yolverilən, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə qanuni və əsaslı olan qərarının ləğvinə əsas verməyən və cavabdehin apellyasiya tələbi həddindən kənara çıxmayan kimi hesab edilməlidir ki, həmin xx.xx.2025-ci il tarixli qərar məzmun etibarilə və qəbul edilməsinin əsası baxımından (fərdi hesabının sığorta hissəsində sonradan qeydə alınan pensiya kapitalının 156-ya bölünməsi) birinci instansiya məhkəməsinin baxış predmeti olan xx.xx.2024-cü il tarixli qərardan fərqlənmir və hər iki qərarın qanunsuz sayılması və ləğv edilməsinin əsasları eynidir. Sadəcə ikinci qərar iddiaçının fərdi hesabının sığorta hissəsində həmin 6 illik dövr üzrə sonradan qeydə alınan məcburi dövlət sosial sığorta haqları və indekləşmə ilə bağlıdır. Bu qərar iddiaçının pensiyasının məbləğində əhəmiyyətli fərq yaratmasa da, qüvvədə qaldığı halda gələcəkdə məhkəmə qərarının icrasında və iddiaçının pensiyasının hesablanmasında çətinlik yarada bilər. (Bu cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir.) Digər tərəfdən, cavabdeh inzibati orqanda anlaşılmayan məsələ qalmaması üçün izah olunur ki, indeksləşmənin aparılması onun vəzifəsidir və gələcəkdə məhkəmə qərarının icrası ilə əlaqədar pensiya yenidən hesablanarkən ləğv olunduğu üçün hazırkı iddiaçı barəsində indeksləşmə yenidən aparılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6591/2025 nömrəli qərarı qanuni və əsaslı olduğu üçün (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-3326/2025 nömrəli qərarı da ləğv edilməklə) dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6591/2025 nömrəli qərarı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-3326/2025 nömrəli qərarı da ləğv edilməklə) dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar