Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3762/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və əmək pensiyasından artıq tutulmanın geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9122/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-2255/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və iddiaçının əmək pensiyasından artıq tutulmanın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını toplamışdır. Məhz bu səbəbdən cavabdeh orqan tərəfindən ona xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, 2023-cü ilin mart ayından iddiaçıya heç bir məlumat verilmədən, Azərbaycan Respublikasə İPM-nin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmaqla iddiaçıya xəbəri və məlumatı olmadan güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmaı barədə qərar qəbul edilmiş, lakin bu günədək həmin qərar iddiaçıya verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozan cavabdeh orqan iddiaçıya hər hansı bir qərara təqdim etmədən, onun əmək pensiyasını azaltmış və əsassız olaraq ona sonrakı qanunvericiliyə istinad etməklə ona əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiyasını sığorta kapitalına əsasən təyin olunmalı qənaətinə gələrək son 3 il üzrə 78562,47 manat pul vəsaitinin artıq ödənildiyini müəyyən etmişlər. Bundan sonra isə cavabdeh orqan 78562,47 manatın 871.91 manat hissəini xx.xx.2023-xx.xx.2024 cü il ərzində əmək pensiyasından tutmuş, qalıq 77690.56 manat pul vəsaitini isə hər ay 67,07 manat olmaqla hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa etməyi qərarlaşdırmışdır. Qərarın təqdim olunması və bu qanunsuz qərarın ləğv olunması, hesablanmanın dayandırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərə görə 55 yaşdan əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana yazılı müraciət olunmuşdur. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 745,83 manat təşkil edir. Lakin cavabdeh orqan bu günədək qəbul etdiyi qərarı təqdim etməmişdir. Cavabdeh orqanın bu mövqeyi ilə razılaşmır hesab edir ki, cavabdeh orqan qanunsuz və əsassız olaraq iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh orqanın qərarını qanunsuz və əsassız hesab edir. Qərar isə bizə təqdim olunmadığı üçün həmin qərarın tarixi və nömrəsini göstərə bilmir. Belə ki, yuxarıda qeyd olunan məlumatlar əsasında da müəyyən olunur ki, xx.xx.1997-ci il tarixdə iddiaçı ümumi 28 il 11 ay iş stajına malik olmuş və həmin stajın 24 il 7 aydan artıq müddətini güzəştli iş stajı təşkil etmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4770,72 manat sığorta kapitalına uyğun İddiaçı əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 4770,72 manat sığorta kapitalı Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144-72) bölünməklə 66,26 manat (4470,72:72) qanuni əmək pensiyasının (268,70 manat) üzərinə əlavə edilərək 334,96 manat (268,70+66,26) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 670,71 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləği səhvən 1635,60 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023- cü il tarixinə 3256,37 manat)) artırılmaqla ona ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 78428,33 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 78428,33 manat pul vəsaiti 2023-cü ilin aprel ayından etibarən hissə-hissə (67,07 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Aqasəf Xalfeyevin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 745,83 manat təşkil edir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9122/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, araşdırma zamanı, X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq ona 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanıb: İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 35 il 9 ay 20 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 42,27 manat (35,80 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 65,50 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11141,28 manat sığorta kapitalına uyğun 77,37 manat (11141,28:144) və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 217,87 manat (65,50+77,37+75,00) (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 268,70 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixindən 1051,12 manat (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 1513,09 manat) əmək pensiyası təyin edilərək İddiaçı ödənilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Araşdırma zamanı, xx.xx.2014-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4770,72 manat sığorta kapitalına uyğun İddiaçı əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 4770,72 manat sığorta kapitalı Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144-72) bölünməklə 66,26 manat (4470,72:72) qanuni əmək pensiyasının (268,70 manat) üzərinə əlavə edilərək 334,96 manat (268,70+66,26) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 670,71 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləği səhvən 1635,60 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 3256,37 manat)) artırılmaqla ona ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 78428,33 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 78428,33 manat pul vəsaiti 2023-cü ilin aprel ayından etibarən hissəhissə (67,07 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Aqasəf Xalfeyevin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 745,83 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da həmin qərarın iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-2255/2023 nömrəli qərarın iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-2255/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 55-dən 57-yə çəkilməklə yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində pensiyanın məbləği 670 manat 71 qəpik müəyyən edilmişdir. Yenidən hesablamaya qədər əmək pensiyasının məbləği 3256 manat 37 qəpik təşkil etmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmaların cavabdehə qadağan edilməsi və iddiaçının əmək pensiyasından artıq tutulmanın geri qaytarılması təşkil edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndi üzrə 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Beləliklə, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 57 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq iddiaçının mülahizələri dinlənilmiş və əmək pensiyası yenidən hesablanmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını və qanunsuz qərar ləğv edilməklə, qanuni qərar qəbul edildiyini iddia edir. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi 57 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə qeyd edilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi stajı və əmək şəraiti zərərli və ağır olan digər işlərdə 12 il 6 ay stajının olması ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçının təhsil aldığı dövrlər də daxil olmaqla 1.08.1997-ci il tarixə qədər onun ümumi stajı 29 il, 4 ay, 24 gün təşkil edir. İddiaçı həmin dövrün 24 il, 6 ay, 23 gününu (xx.xx.1973-xx.xx.1997- ci illər) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş güzəştli peşələrdə çalışmışdır. Cavabdeh də bu halı, yəni iddiaçının xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi və güzəştli stajını mübahisələndirmir. Həmçinin, qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə (iddiaçının pensiya hüququ xx.xx.2008-ci il tarixdən yaranmışdır) pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Məhkəmə kollegiyası həmçinin, oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur ( Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı) Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Qanunvericiliyin tələblərindən aydın olduğu kimi, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (25 ildən artıq ümümi əmək stajı və 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 55 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 55 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir. Cavabdeh tərəfindən bildirilir ki, son üç il üzrə İddiaçı 78428,33 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 78428,33 manat pul vəsaiti 2023-cü ilin aprel ayından etibarən hissə hissə (67,07 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının tutulma ilə bağlı razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır. Yuxarıda qeyd edilən əsaslandırma isə əmək pensiyasından tutulmanın maddi hüquq normalarına zidd olduğunu qeyd etməyə əsas verir. Odur ki, əmək pensiyasından tutulmaların aparılmasının cavabdehə qadağan edilməsi və İddiaçı əmək pensiyasından artıq tutulmuş pul vəsaitinin geri qaytarılması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9122/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3762/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3762/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver