Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3763/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8421/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 20 yanvar 2025ci il ildən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci ildən xx.xx.1989-cu il tarixinədək ayrı-ayrı təşkilatlarda fəhlə işləmişdir. 25 iyul 1989-cu ildən Bakı maşınqayırma zavodunun (keçmiş S.M.Kirov adına maşınqayırma zavodunun) “Dəmirçitermiki” emal sexində isti və zərərli peşə sayılan termist peşəsində əmək fəaliyyətinə başlamışdır. O, güzəştli şərtlərlə pensiya hüququ verən termist peşəsində 25 iyul 1989-cu ildən 05 yanvar 2010-cu ilədək 21 (iyirmi bir) ildən çox işləmişdir. xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində yenə də isti və zərərli əmək şəraitində termist peşəsində işləmişdir. Hal-hazırda həmin peşədə işləməkdə davam edir. 01 yanvar 2006-cı ilədək yəni “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minən günədək hərbi xidmət müddəti daxil edilməklə 21 ildən artıq əmək stajı vardır. Əgər xx.xx.2006-cı ilədək onun əmək stajı 25 il olsaydı o, əvvəllər qüvvədə olmuş qanunun müddəalarına uyğun olaraq 52 yaşda pensiyaya çıxa bilərdi. Lakin tələb olunan əmək stajı olmadığına görə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərara uyğun olaraq 60 yaş tamam olanda güzəştli şərtlərlə pensiyaya çıxmalıdır. O, xx xxxxxx 1965-ci ildə doğulmuş və 60 yaşı 20 yanvar 2025-ci ildə tamam olmuşdur. Ona görə də o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 13 fevral 2025-ci il tarixli 3-17-112-N-33315/2025 nömrəli məktubla əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının olmamasını və güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmadığını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtinanın əsası qanunsuzdur və ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki,... “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa, görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçı H.X5 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 20 yanvar 2025-ci il tarixədək ümumi iş stajı 38 il 7 ay 8 gün (xx.xx.2006- cı il tarixədək 22 il 4 ay 8 gün əmək stajı (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 3 ay) təşkil edir. İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya sığorta kapitalı 23021,77 manat, xx.xx.2006-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 18973,79 manat olmaqla cəmi pensiya sığorta kapitalı 41995,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8421/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçinin zərərli peşələrdə işləməsi müəssisə tərəfindən təqdim olunan arayış əsasında təsdiq olunur. Belə ki, sözügedən arayışın təqdim olunmadığı təqdirdə şəxsə münasibətdə onun güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını müəyyən etmək həm məhkəmə, həm də inzibati orqan tərəfindən mümkün görünmür. İndiki halda icraat materiallarına əsasən görünür ki, iddiaçı tərəfindən zərərli peşədə çalışdığını təsdiqləyəcək hər hansı sənəd təqdim edilə bilmədiyindən, işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı vəzifəyə tam olaraq uyğun gəldiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edirlər ki, iddiaçı tərəfindən təqdim olunan arxiv arayışları onun güzəştli stajını təsdiq etmək üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli arayışın formasına uyğun olmamaqla bərabər güzəştli stajı təsdiqedici sənəd kimi də qəbul edilməz. Məhkəmə qərarında toxunulan digər bir məsələ isə iddiaçının ümumi stajı ilə bağlıdır. İş materiallarına əsasən iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək hərbi xidmət keçmiş və sözügedən dövrlər tərəflərindən iddiaçıya münasibətdə ümumi staja hesablanmışdır. Sözügedən dövrlər sığorta stajına daxil edilməklə iddiaçının ümumi stajı 38 il 7 ay 8 gün hesablanmışdır. Bildirilmişdir ki, sözügedən dövrlər məhkəmə qərarında iddiaçının xeyrinə yenidən hesablanaraq ümumilikdə 40 il 8 ay 4 gün nəzərə alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya sığorta kapitalı 23021,77 manat, xx.xx.2006-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 18973,79 manat olmaqla cəmi pensiya sığorta kapitalı 41995,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli iş stajı və kifayət qədər kapitalı olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinin 1N may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin 1N may 2022-ci il tarixdən sonrakı 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Həmin Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu şərt təmin olunmadığı halda azı 25 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.
İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır.
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X8 0N may 1983-cü il tarixdə hərbi hissəyə qəbul edilmiş, N iyun 1985-ci il tarixdə isə tərxis olunmuşdur. İddiaçıya məxsus ПТ-İ ******* nömrəli əmək kitabçasında (notarial qaydada tərcümə təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, Zəngəzur Elektrik şəbəkəsində xx.xx.1985-ci il tarixdə əsaslı tikinti üçün 3-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. (iş stajı: 03 il, 01 ay, 05 gün); “S.M.Kirov adına maşınqayırma zavodu”nda xx.xx.1989-cu il tarixdə dəmirçi-termik sexinə 2-ci dərəcəli termist qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə İİİ dərəcə, xx.xx.1992-ci il tarixdə termistə İV dərəcə, xx.xx.1993-cü il tarixdə V dərəcə (termik sahə), xx.xx.1994-cü il tarixdə Vİ dərəcəli termist peşəsi, xx.xx.1995-ci il tarixdə termiki sahəyə Vİ dərəcəli termist peşəsi verilmiş, xx.xx.2010-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (iş stajı: 20 il, 05 ay, 09 gün); "xxxx"nda xx.xx.2010-cu il tarixdə dəmirçi-termiki emal və qazan-qaynar sexinə 6-cı dərəcə ilə termist peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (iş stajı: 08 ay, 10 gün); "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2010-cu il tarixdə mexaniki emal sexində termist peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə gözətçi peşəsinə, xx.xx.2024-cü il tarixdə MESnə termist peşəsinə keçirilmişdir (pensiya hüququ yarandığı xx.xx.2025-ci il tarixədək iş stajı: 14 il, 04 ay, 05 gün). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin iddiaçıya ünvanladığı 3-48-DA/2-N01650/2023 №-li, xx.xx.2023-cü il tarixli “Arxiv arayışı”nda göstərilmişdir ki, “S.M.Kirov adına maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən 2010-cu ilə dair işdən azad olunan işçilərin şəxsi kartoçkalarında və şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr Nə 558/k, 26 iyul 1989-cu il) Dəmirçi sexinin termiki sahəsinə isti iş şəraiti ilə 2-ci dərəcəli termist peşəsinə işə təyin edildiyi; (əmr № 481/k, 12 iyun 1990-cı il) 3-cü dərəcəli termist peşəsi verildiyi; (əmr № 458/k, 30 iyul 1992ci il) isti iş şəraiti ilə 4-cü dərəcəli termist peşəsi verildiyi; (əmr № 620/k, 15 noyabr 1993cü il) isti iş şəraiti ilə 5-ci dərəcəli termist peşəsi verildiyi; (əmr № 456/k, 26 sentyabr 1994cüi il) 6-cı dərəcəli termist peşəsi verildiyi; (əmr № 113/k, 13 mart 1995-ci il) termiki sahəyə 6-cı dərəcəli termist peşəsi verildiyi; (əmr № 188/k, 30 iyun 2000-ci il) zərəli iş şəraiti ilə 6cı dərəcəli termist (işəmuzd İ kat.) peşəsinə keçirildiyi; (əmr № 09/k, 05 yanvar 2010-cu il) Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edildiyi qeyd olunur. İddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.
İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.
Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin soruğusuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 151 №-li arayışda göstərilmişdir ki, X3 "xxxx" ASC-də xx.xx.2010-cu il tarixindən (Əmr № 11/k) Mexaniki emal sexində termist peşəsinə işə başlayıb, xx.xx.2015-ci il tarixdən (Əmr № 08/k) gözətçi peşəsinə keşirilib və xx.xx.2024-cü il tarixindən (Əmr № 49/k) Mexaniki emal sexinə termist peşəsinə keçirilmişdir. Hal hazırda da Mexaniki emal sexində isti və zərərli əmək şəraitində termist peşəsində işləyir. Cavabdeh inzibati orqan iddiaçının “S.M.Kirov adına maşınqayırma” zavodunda, "xxxx"nda və "xxxx" ASC-də “termist” peşələrində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan arxiv arayışları onun güzəştli stajını təsdiq etmək üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli arayışın formasına uyğun olmamaqla bərabər güzəştli stajı təsdiqedici sənəd kimi də qəbul edilməz. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə münasibətdə "xxxx" MMC-yə müvafiq sorğu ünvanlayaraq iddiaçının “S.M.Kirov adına maşınqayırma zavodu”nda işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmamasını təsdiq edən güzəştli arayışın əldə edilməsi mümkün olmadığından, göstərilən işin obyektiv araşdırılması məqsədi ilə qeyd edilən “S.M.Kirov adına maşınqayırma zavodu”nun fəaliyyəti ilə Bakı Neft Maşınqayırma zavodunun fəaliyyət istiqamətinin oxşar olması barədə müvafiq sənədlərin, fəaliyyət istiqamətləri oxşar olduğu təqdirdə xx.xx.1965-ci il təvəlüddlü İddiaçı işlədiyi termist vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan 18 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı Soltan oğlunun işlədiyi dövrə aid sənədləri Milli Arxiv İdarəsinə göndərdikləri üçün digər məlumatları təqdim edə bilmirlər. Eyni zamanda "xxxx" ASC-yə sorğu ünvanlanaraq bildirilmişdir ki, müəssisə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 151 nömrəli arayışda İddiaçı mexaniki emal sexində isti və zərərli əmək şəraitində termist peşəsində işlədiyi qeyd edilmişdir. Lakin müvafiq vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması barədə məlumat, həmçinin peşənin kodları göstərilməklə güzəştli arayış təqdim edilməmişdir. Hazırda “S.M.Kirov adına maşınqayırma zavodu”ndan iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmamasını təsdiq edən güzəştli arayışın əldə edilməsi mümkün olmadığından, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həm “S.M.Kirov adına maşınqayırma zavodu”nda və həmçinin Azərbaycan Respublikası "xxxx" ASC-də işlədiyi termist vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilən 71 nömrəli 09 fevral 2026-cı il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixli 11/K nömrəli əmrinə əsasən mexaniki emal sexinə termist vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2015-ci il tarixli 08/K nömrəli əmrinə əsasən gözətçi vəzifəsinə, xx.xx.2024-cü il tarixli 49/K nömrəli əmrinə əsasən mexaniki emal sexinə termist vəzifəsinə keçirilmişdir. Hal-hazırda da həmin vəzifədə işləməkdədir. Cəmi iş stajı: xx.xx.2010-cı il tarixdən - bu günədək - 15 il 4 ay 21 gün. İddiaçı çalışdığı termist, gözətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1110300a- 19100 bəndində isti işlərdə sobaların yanında daim məşğul olan termistlər kodunda çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. Beləliklə, işəgötürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi müəssisə və peşə barədə ətraflı izah verilmişdir. Məhkəmə kollegiyası iddiaçının sözügedən ASC-də işlədiyi gözətçi vəzifəsinə dair qeyd edilən fikirlərə tənqidi yanaşsa da, sorğuya cavab məktubundan görünür ki, iddiaçının işlədiyi termist peşəsinin (xx.xx.2010-xx.xx.2015-ci və xx.xx.2024- xx.xx.2025-ci illər üzrə 4 il 9 ay) məhz Siyahıda nəzərdə tutulmuş müvafiq koda uyğunlaşdırılması düzgün olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının peşəsi termist olmuş, əmək kitabçası açılan vaxtdan müxtəlif yerlərdə-zavodlarda termist kimi fəaliyyət göstərmişdir. İddiaçının “S.M.Kirov adına maşınqayırma” zavodunda, "xxxx"nda işlədiyi termist peşəsi ilə bağlı həmin müəssisələrdən arayışın tələbi mümkünsüzdür. Qeyd edilən dövrlərə münasibətdə güzəştli arayış şərtinə gəldikdə isə diqqətə çatdırılır ki, iddiaçının "xxxx" ASC-dən əvvəl “S.M.Kirov adına maşınqayırma” zavodunda, "xxxx"nda da (xx.xx.1989-xx.xx.2010-cu illər üzrə – azı 20 il) eyni peşə üzrə fəaliyyət göstərmiş və sonuncu təqdim edilən güzəştli arayış həmin dövrlər üzrə fəaliyyətinə münasibətdə də oxşar müəssisədən verilən güzəştli arayış kimi qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC-nin SM-10/86 saylı 28 avqust 2025-ci il tarixli məktubundan da aydın olur ki, 2010-cu ildə “Səttərxan adına Maşınqayırma Zavodu” və digər zavodlar birləşərək "xxxx" yaranmışdır. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, iddiaçı həmin müəssisələrdə də məhz termik sahədə isti iş şəraiti ilə termist peşəsində işləmiş və həmin müəssisələrin də fəaliyyət istiqaməti iddiaçının sonuncu çalışdığı müəssisənin fəaliyyət istiqaməti ilə eynilik təşkil etmişdir. Belə olan halda eyni bir vəzifədə əvvəlki dövrlərə dair (hansı ki, müəssisə hazırda mövcud deyil) güzəştli arayışın tələbi məntiqi sayıla bilməz. Bu onu deməyə əsas verir ki, iddiaçının tələb olunan 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1110300a-19100 bəndində qeyd olunan isti işlərdə sobaların yanında daim məşğul olan termistlər peşəsinə uyğun vəzifələrdə iş stajı olmuşdur. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2025-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8421/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli