Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3768/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1783/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyul 2021-ci il tarixli, xxxxxxx0008 saylı və 25 iyun 2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarlarının ləğv edilməsi və iddiaçıya 06 iyul 2021-ci ildən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərbi xidmətlərdə aldığı xəsarətlərlə bağlı müxtəlif vaxtlarda müalicə və müayinə olunsa da, heç bir nəticəsi olmamış, toplanmış sənədlər əsasında 5 saylı Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2003-cü ildə ona əllik dərəcəsi verilmişdir. Ondan sonrakı müddətdə hər il Komissiya tərəfindən müayinə olunmuş, onun ikinci dərəcəli əlilliyi təyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı ildə ona 5 il müddətinə əlillik təyin edilmiş, bu müddət bitdikdən sonrakı müddətdə təkrarən Komissiyaya müraciət etsə də, xx.xx.2021-ci ildə ona imtina edilmiş, eləcə də 2022 və 2023-cü illərdə dəfələrlə müraciət etsə də, hər dəfə bir bəhanə ilə ona imtina edilmiş, əsas kimi müalicə və müayinələrin davam etdirilməli olmasına istinad edilmişdir. Hesab edir ki, cavabdehin imtinası və iddiaçının müraciətləri ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassız olmaqla onun hüquqlarını məhdudlaşdırır. Belə ki, 1992-1997-ci illərdə döyüşlərdə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində 2003-cü ildə əlillik təyin edilmiş və hər il mütəmadi müayinələrə cəlb edilmiş şəxsin birdənbirə məhz 2021-ci ilin sonlarında sağalması ağlabatan deyil və gülünc imtinadır. Halbuki məhz müharibə dövründə gedən döyüşlərdə aldığı xəsarətlərdən xəstəlik tapmış, hazırki vəziyyətdə isə bu xəstəliklər daha da şiddətlənmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan hər dəfə bir bəhanə ilə ona və onun kimi bir çox şəxslərə əlillik təyin etməkdən imtina edir, bunu müxtəlif bəhanələrlə izah etməyə çalışırlar. Bundan əlavə, Mərkəzi Hərbi Poliklinikanın verdiyi xx.xx.2003-cü il tarixli məktubundan müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyası tərəfindən xx.xx.1992-ci ildə keçirilmiş qapalı kəllə beyin travması nəticəsində mülayim vegetativ-damar pozulması nəticəsində diaqnozu ilə SSRİ MN-nin o vaxt qüvvədə olmuş 1987-ci il tarixli 260 saylı əmrinin İ qrafasının 12-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmiş və xəstəliyə görə 60 gün müddətində 07.10- xx.xx.1992-ci ildək məzuniyyətə ehtiyacı var, travma “Azərbaycan Respublikasının müdafiəsində alınmışdır” rəyi 1704 saylı 12 formalı tibbi arayış verilmişdir. AR Müdafiə Nazirliyi Baş Klinik Hospitalın xx.xx.2021-ci il tarixli 9559 saylı arayışından müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1992-ci ildən Baş Klinik Hospitalda stasionar müalicə və müayinə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1783/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1783/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab edib işə mahiyyəti üzrə baxarkən iddia tələbinin mümkünlüyü ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik təyin edilməsindən imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının iddiaçıya hansı tarixdə verilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir, prosessual müddətin ötürülməsi qənaətinə gəlmək üçün ilk öncə müddətin axımının başlanması anını müəyyən etmək lazımdır, cavabdeh isə həmin qərarı iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut təqdim edə bilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubuna istinadən qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Əlilliyin müəyyən edilməsinə dair iddialar da məcburetmə növündə iddia olmaqla iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir. (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilibedilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır. İş materiallarından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya. mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2011-ci il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya.mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.tea-tea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir, Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri (1992-ci il). Digər neqativ pozğunluqlar, Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə.Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya.Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının **********7 nömrəli 28 dekabr 2021-ci il tarixli Qərarın mətnindən aydın görünür ki, iddiaçı Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında inzibati orqanın xx.xx.2021-ci il tarixli imtina qərarından məlumatlı olmuş, inzibati orqanın bu qərarından inzibati qaydada şikayət vermiş və xx.xx.2021-ci il tarixdə əyani müayinəyə cəlb edilmişdir. Həmin Qərardan da görünür ki, inzibati şikayət nəticəsində əyani müayinə zamanı da şəxsdə olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərara gəlinmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hətta inzibati orqanın ilkin xx.xx.2021ci il tarixli imtina qərarı iddiaçıya nə zaman çatdırılması barədə məlumat mövcud olmasa da, iddiaçı həmin nəticə barədə ən geci inzibati qaydada şikayət verdiyi xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, hətta həmin tarixdən sonra da qanunvericiliklə tələb olunan nə 30 günlük, nə də ki, İnzibati icraat haqqında Qanunda göstərilmiş 6 aylıq müddətə riayət etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etmişdir. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd edilən normalardan çıxış edərək məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iş materiallarına əsasən müddətin buraxılmasından 1 il keçdiyindən iddiaçıya məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımın göstərilərək, iddia ərizəsinin verilməsinə dair qanunla müəyyən edilmiş müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsinin təklif olunmasına zərurət görülməmişdir. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı yeni göndəriş əsasında hazırki diaqnozları (ağırlaşmaları) ətraflı göstərilməklə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda imtina qərarını müvafiq inzibati məhkəmədə mübahisələndirərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1783/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1783/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3768/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3768/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver