Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-377/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X9 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması öhdəliynin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə (bundan sonra mətndə - BDYPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, BYDPİnin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, “Ford Transit yük” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobildə mövcud olan ban nömrəsi üzrə, mühərrikin nömrəsiz olduğuna dair qeydlərin alınması və bu barədə yeni texniki pasportunda göstərməklə yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə “Ford Transit” markalı, ağ rəngli **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili satın alıb mülkiyyətçisi olmuşdur. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlandığına görə avtomobili etibarnamə ilə idarə edən X4 tərəfindən xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə ərizə ilə müraciət edilmişdir. Bölmədə isə işə baxaraq müəyyən istintaq tədbirləri görülmüş, buna aid iddiaçıya xx.xx.2023-cü il tarixli BDYPİ-nə təqdim etmək üçün arayış verilmişdir. İstintaq müddəti ərzində avtomobilin hissələrindəki bəzi detallar korroziyaya uğradığına görə həyat yoldaşı X6 tərəfindən yeni detallarla əvəz edilmişdir. Belə ki, avtomobilin SFALXXBDVLRY30660 ban nömrələri pilkanın vurulduğu ayaqaltı hissəsindəki detal korroziyaya məruz qaldığına görə dəyişdirilmişdir. Detalın üzərindən çıxarılan ban nömrəli pilka da, yeni detalın üzərinə vurulmaq üzrə saxlanılmış və istintaqa təhvil verilmişdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində yerləşən SFALXXBDVLRY30660 şassi nömrəsi istintaq tərəfindən aşkar edilib qanuni şəkildə avtomobilə məxsus olduğu təsdiqlənmişdir. Beləliklə, təmir zamanı avtomobildən çıxarılan SFALXXBDVLRY30660 ban nömrəsi ilə avtomobilin qabaq ön şüşəsinin altında yerləşən SFALXXBDVLRY30660 dövlət qeydiyyat nişanının eyniliyi, istintaq tərəfindən təsdiqlənmişdir. Bu da onu göstərir ki, avtomobilin üzərində qeyri-qanuni heç bir işlər aparılmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ford Tranzit yük markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki nömrəsizdir və silinmişdir. İddiaçı bildirir ki, xx.xx.2018-ci il tarixli DİN BDYP idarəsi tərəfindən mənə verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrikin nömrəsi və ya hər hansı nömrə qeyd edilməmiş və boş buraxılmışdır, avtomobilin ondan öncəki mülkiyyəçisində də qeydiyyat şəhadətnaməsin də avtomobilin mühərrikinin nömrəsi qeyd edilməmişdir. Buna görə məsuliyyət Qeydiyyat şəhadətnaməsini verən DİN BDYP-nin üzərinə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -İddiaçının hazırkı tələbi üzrə müraciətinə cavabdeh BDYPİ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubda bildirilmişdir ki, "Ford Transit yük" markalı **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması və mühərrikin silinmə-nömrəsiz olması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüquququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. -Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1991-ci il təvəllüdlü X2 etibarnamə ilə idarə etdiyi tranzit yük markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilinə məxsus “nəqliyyat vasitəsinin qeydiyyat” şəhadətnaməsinin naməlum şəraitdə oğurlanması ilə əlaqədar xx.xx.2022 il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət etmişdir. Arayış DYPİ-nə təqdim etmək üçün verilmişdir. -AR DİN BDYPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** NT *** nömrəli qeydiyyat nişanlı, FORD TRASİT yük markalı, 1995-ci il buraxılışlı, ağ rəngli, SFALXXBDVLRY30660 şassi nömrəli nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. Qeydiyyat şəhadətnaməsində mühərrik və ban nömrəsi qrafası boş saxlanılmışdır. - BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixloi məktubla “Ford Transit” markalı, 99-NT656 dövlət qeydiyyat nişanlı avtomobili texniki müayinədən keçirən zaman mühərrik nömrəsinin nömrəsiz silinmə olması və ban nömrəsinin korroziyaya uğraması barədə Qeydiyyat-İmtahan İdarəsinin raportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYP-nin Qİİ-nə üvanlanan xx.xx.2024-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: “21 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında qeydiyyatda olan X3 etibarnamə əsasında idarə etdiyi «Ford Transit» yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı, vaqon tipli, SFALXXBDVLRY30660 şassi nömrəli, ağ rəngli, 1995-ci il buraxılışlı avtomobilin ban nömrəsinin korroziyaya uğraması və mühərrikin silinmənömrəsiz olması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma mənə həvalə edilmiş və material üzrə tərəfimdən araşdırma aparılmışdır. X6 izahatında göstərmişdir ki, «Ford Transit» yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı, vaqon tipli, SFALXXBDVLRY30660 şassi nömrəli, ağ rəngli, 1995-ci il buraxılışlı avtomobil özünə məxsusdur. Həmin avtomobili 2018-ci ilin avqust ayında alıb həyat yoldaşı İddiaçı adına qeydiyyat etdirmişdir. Özü də avtomobili həyat yoldaşı tərəfindən ona verilmiş mülki etibarnamə əsasında idarə edir. Avtomobili ondan başqa X1 da etibarnamə əsasında idarə edir. 19 dekabr 2022-ci il tarixdə avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmışdır. Bu səbəbdən də Binəqədi rayonu 40-cı Polis Bölməsinə ərizə ilə müraciət olunmuşdur. Avtomobilin qeydiyyat şəhadətnaməsinin oğurlanması barədə 40-cı PB-dən arayış verilmişdir. 20 noyabr 2023-cü il tarixdə avtomobilə yeni qeydiyyat şəhadətnaməsi alınması üçün avtomobil BDYPİ-nə texniki baxışa təqdim olunmuşdur. Orada avtomobilə baxış keçirilən zamanı ban nömrəsi yazılan sahənin korroziyaya uğraması və mühərrik nömrəsinin silinmə-nömrəsiz olması aşkar edilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobildə olan qüsur avtomobili alana qədər olmuşdur. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 29 noyabr 2023-cü il tarixli 23/461 a nömrəli tədqiqat haqqında arayışından görünür ki, «Ford Transit» yük markalı, üzərində **-NT-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə ilkin həkk edilmiş ban nömrəsinin hərf və rəqəm göstəriciləri aşkar edilmədi, yoxdur. Avtomobildə zavod lövhəsi (birka) aşkar edilmədi, yoxdur. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissədə yapışqan kağız üzərində ban nömrəsini göstərən «SFALXXBDVLRY30660» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsini göstərən hərf və rəqəm göstəriciləri müşahidə edilmədi, yoxdur. Mühərrik nömrəsinin hərf və rəqəm göstəriciləri kustar üsulla silinmişdir. Tədqiqata avtomobilə baxış zamanı əlavə olaraq təqdim edilmiş təxminən 70x165 mm ölçüdə metal lövhə üzərində həkk edilmiş «*S17ALXXBDVLRY30660*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlə xarakterikdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, «Ford Transit» yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı, vaqon tipli. SFALXXBDVLRY30660 şassi nömrəli, ağ rəngli, 1995-ci il buraxılış avtomobilin mühərriki silinmə nömrəsizdir. Bununla belə avtomobildə ban nömrəsi yoxdur. Həmçinin avtomobilin təkrarlayıcı zavod lövhəsi yerində olmadığı üçün eyniləşdirmə aparmaq mümkün olmamışdır. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 simvol göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «Ford Transit» yük markalı, 99-NT656 dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışh avtomobilin ban nömrəsi yoxdur. Mühərrikin nömrəsi isə silinmişdir. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/461 a nömrəli tədqiqat haqqında arayışda aşağıdakılar bildirilmişdir: “Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13-5/2-21135/2023 №li 23 noyabr 2023-cü il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə «Ford Transit» yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısıda aşağıdakı sual qoyulmuşdur: 1.Təqdim edilən «Ford Transit» yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? «Ford Transit» yük markalı, baxış zamanı üzərində **-NT-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o ağ boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə (qabaq sağ qapının ayaqaltı hissəsinə) baxış keçirildi. Baxış zamanı həmin hissədə ilkin həkk edilmiş ban nömrəsini göstərən hərf və rəqəm göstəriciləri aşkar edilmədi, yoxdur. Avtomobilin zavod lövhəsi (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə birka aşkar edilmədi, yoxdur. Sonra avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissəyə baxış zamanı həmin hissədə yapışqan kağız üzərində ban nömrəsini göstərən «SFALXXBDVLRY30660» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, qabaq ön şüşəsinin alt hissəsində yapışqan kağız üzərində olan «SFALXXBDVLRY30660» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fənər vasitəsilə baxış zamanı həmin hissədə həkk edilmiş mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri müşahidə edilmədi, yoxdur. Həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, həmin hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri kustar üsulla silinmişdir. Tədqiqata avtomobilə baxış zamanı əlavə olaraq təxminən 70x165 mm ölçüdə metal lövhə təqdim edildi. Həmin metal lövhənin üzərində ştamp üsulu ilə həkk edilmiş «*SFALXXBDVLRY30660*» hərf və rəqəmlər aşkar edildi. Həmin hərf və rəqəmlər 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı metal lövhənin üzərində həkk edilmiş hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Tədqiqata nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə məlumatların çıxarılmış surəti təqdim edilmişdir. Qeydiyyat şəhadətnaməsi üzrə məlumatlarda nömrə nişanı: **- NT-***, şəhadətnamə: AD317844, marka: Ford Transit yük, buraxılış ili: 1995, rəngi: ağ, şassi:SFALXXBDVLRY30660 və digər texniki göstəricilər, avtomobil sahibi haqqında məlumatlar vardır. «Ford Transit» yük markalı, üzərində **-NT-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: «Ford Transit» yük markalı, üzərində **-NT-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə ilkin həkk edilmiş ban nömrəsinin hərf və rəqəm göstəriciləri aşkar edilmədi, yoxdur. Avtomobildə zavod lövhəsi (birka) aşkar edilmədi, yoxdur. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissədə yapışqan kağız üzərində ban nömrəsini göstərən «SFALXXBDVLRY30660» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsini göstərən hərf və ya rəqəm göstəriciləri müşahidə edilmədi, yoxdur. Mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri kustar üsulla silinmişdir. Tədqiqata avtomobilə baxış zamanı əlavə olaraq təqdim edilmiş təxminən 70x165mm ölçüdə metal lövhə üzərində həkk edilmiş «*SFALXXBDVLRY30660*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir”. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: -4-cü maddəsinin 18-i və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. -27-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -27-ci maddənin XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Həmin Əsasnamənin 2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı. Əsasnamənin 13-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Əsasnamənin 14-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı “Ford Transit yük” markalı, 90- NT-565 dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı avtomobilin mövcud vəziyyətdə qeydiyyata alınması və bu barədə müvafiq qeydlər aparmaqla yeni texniki pasport verilməsi üçün cavabdeh BDYPİ-yə müraciət etmişdir. BDYPİ isə avtomobilin ban nömrəsinin korroziyaya uğraması və mühərrikin silinmə-nömrəsiz olması səbəbindən məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qanunvericilik nəqliyyat vasitəsinin dövlət qeydiyyatını nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitəsinə dair dair təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildiyi təqdirdə qeyd olunan çatışmazlıqların aradan qaldırılmasından sonra aparılmalı olması ilə şərtləndirir və dövlət qeydiyyatının məqsədlərini müəyyən edir. Qanunverici nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün tələblərdən biri kimi həm də nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrinin təqdim edilməsini tələb edir. Hazırkı mübahisədə isə iddiaçıya məxsus nəqliyyat vasitəsinin mühərrik nömrəsinin olmadığı müəyyən edildiyindən və bu işin mübahisəsiz halı olduğundan nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması ilə bağlı qanunda nəzərdə tutulmuş şərtlər ödənilməmişdir. Cavabdeh inzibati orqanda aparılan araşdırma zamanı qeyd olunan avtomobilin gövdəsi və avtomobildə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən fakt müəyyən edilməsə də, nəqliyyat vasitəsinin mühərrik nömrəsinin silindiyi və bu halın nəzərə alınmasının zəruri olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin imtinası qanunauyğun olmuşdur və bu imtina “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması məqsədlərinə xidmət edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən normalardan göründüyü kimi, qanunvericiliyin nəqliyyat vasitəsinin qeydiyyatı ilə bağlı göstərişləri konkretdir. Yalnız qanunda göstərilmiş sənədlər təqdim edildiyi halda qeydiyyat hərəkətləri aparıla bilər. İnzibati orqanlar isə qanunun tələblərinə riayət etməyə borcludurlar və qanunauyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Bu “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2). Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-377/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-377/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver