Məhkəmə qərarları › İş №2-1(103)-3775/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3775/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3775/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılmasına dair rəy verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC tərəfindən artıq ödənilmiş 166528,51 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək AR Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MMC tərəfindən artıq ödəmə olmuşdur. MMC-nin hesabında olan artıq ödənilmiş vəsaitin yaranmasına səbəb müəssisənin xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixləri arasında elektron qaimə əsasında müxtəlif malların alınmasına görə həmin mallara görə müəssisələrə malın dəyərinin ödənilməsi zamanı ödənilən Əlavə dəyər vergisinin və həmin ödənilən məbləğin əvəzləşdirilərək müəssisənin şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranmasına səbəb olmuşdur. Müəssisə qeyd olunan dövr ərzində aldığı malları müqavilə əsasında xx.xx.2018-ci il tarixindən - xx.xx.2019 cu il tarixləri arasında AZMANN GmBH şirkətinə ixrac etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1053/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə hazırki cavabdehin əassasız vergi sanksiyasına dair qərarının ləğv edilmiş, cavabdeh artıq ödəmə yaranmasını təsbit etmişdir. Hazırda artıq ödəmə 166528,51 manat təşkil edir. MMC-yə aid şəxsi vərəqədə də bu öz əksini tapmışdır. Tərəflərindən təsbit edilmiş artıq ödənişin qaytarılmasına dair cavabdehə müraciət etsələr də, cavabdeh heç bir əsas olmadan müraciətlərinə müsbət cavab verməyərək əsassız olaraq araşdırma aparıldığını bildirmişdir. Halbuki hər hansı bir araşdırma yoxdur, bundan əlavə yuxarıda qeyd edilən məhkəmə baxışları zamanı artıq ödəmələrin yaranma səbəbləri uzun müddətli araşdırma mövzusu olmuşdur. Bir sözlə, yuxarıda qeyd edilənlər və digər xüsusatları nəzərə alaraq dəfələrlə müraciət etməklərinə baxmayaraq cavabdeh buna dair hər hansı bir tədbir görməmiş və artıq ödənilmiş vəsaitin qaytarılmasını təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və iş üzrə məhkəmə qərarı qəbul edilən günədək, yəni xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Həmçinin iddiaçıda apelyasiya şikayəti verərək qərarın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, tərəflərin izahatları: Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə cavab verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan məhkəməyə, e- 2-1(112)-8895/2024 saylı iş üzrə iddianın mümkün sayılmaması barədə vəsatət verilmişdir. Qeyd olunanlara baxmayaraq, məhkəmə görüldüyü kimi, qeyd olunan Plenum qərarına tam əks mövqe izləyərək iddiaçının elektron müraciətini əsaslı saymış, cavabdehin vəsatətinə əsaslı fikir bildirmədən iddiaçının müraciətinə verilmiş cavabı imtina kimi qiymətləndirmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsi vermiş olduqları iddianı qismən təmin edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və iş üzrə məhkəmə qərarı qəbul edilən günədək, yəni xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarmışdır. Həmin qərarın gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iş üzrə məhkəmə qərarı qəbul edilən günədək, yəni xx.xx.2024-cü il tarixədək qaytarılması hissəsində məhkəmə qərarı əsassızdır. Gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsait qərar icra edilən günədək hesablanmalı və qaytarılmalıdır. Məcəllənin normasına əsasən gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğin ödənilməsini tələb etmək hüququ, vergi orqanı tərəfindən iddiaçının müraciətinə vaxtında reaksiya verməsi və artıq ödəmənin qaytarılmasın vaxtında qaytarılmamasına görə, vergi ödəyicisnin uğradığı itkilərin kompensasiyası, eyni zamanda cavabdehin qanunsuz hərəkətinə qanunveriliyin tətbiqi etdiyi cərimə məbləğidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətlərini müdafiə edərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 166.528,51 manat artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, "... Sizin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinizə (AVİS qeydiyyatı:xx.xx.2024 tarixli, **********00300 nömrəli) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsinin Vergi və sosial sığorta ödənişlərinin təhlili şöbəsi tərəfindən baxılır. Müraciətinizlə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab veriləcəkdir”. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin qismən təmin edilməsi ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə təmin edilən hissədə razılaşsada, təmin edilməyən hissəyə münasibətdə hesab edir ki, qərar dəyişdirilərək tam təmin edilməlidir. İlk növbədə Kollegiya aşağıdakı normalara diqqət çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. - 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Qeyd olunan normalardan da göründüyü kimi, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə rəy tərtib etmək vergi orqanının səlahiyyətləri çərçivəsindədir. Hazırda iddiaçının tələbidə məhz 166.528,51 manat pul vəsaitinin geri qaytarılması və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsidir . Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə cavab verilməmişdir. Qeyd edilən dəlili əsassız sayan Kollegiya bildirir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə cavab verərək müraciətinin araşdırıldığını bildirmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, lakin həmin tarixdən apelyasiya baxışına qədər olan müddət ərzində cavabdeh tərəfindən iddiaçının müraciətindəki tələbinə münasibət bildirilməmişdir. Göründüyü kimi, iddiaçının müraciətindən 6 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh araşdırma aparılması adı ilə formal mülahizəyə istinad edərək iddiaçının müraciətini təmin etməkdən yayınır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə bu halı cavabdehin artıq ödəmənin qaytarılmasından imtina hərəkəti kimi qəbul edir və məhz bu əsasla iddianın mümkün sayılmaması barədə cavabdehin dəlilini əsassız hesab edir. Beləliklə, iş materiallarındakı sübutları və qanunvericiliyin hazırkı işə münasibətdə tətbiq olunmalı normaları nəzərə alan Kollegiya birinci instansiya məhkəməsi ilə “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması ilə razılaşsa da, 01 faiz pulun hansı vaxtadək hesablanmalı olması hissəsində razılaşmır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “...nəzərə alınmalıdır ki, dövlət büdcəsinin formalaşamasının əsas mənbəyi vergi tutulmaları hesabına yaranır. Odur ki, məhkəmə 0.1 faiz məbləğinin tutulması hissəsində iddianın qismən təmin edilməsi və həmin məbləğin məhkəmə qərarı çıxarılan dövrə qədər tutulması qənaətinə gəlir. Məhkəmə qərarından sonra qeyri müəyyyən zamanda qaytarılacaq məbləğlə bağlı qeyri müəyyən məbləğdə tələbin təmin edilməsini əsaslı hesab etmir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının yuxarda qeyd edilən normalarından açıq-aydın görünür ki, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. “Dövlət büdcəsinin əlavə itkilərə məruz qalması” ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Odur ki, qanununvericliyin tələblərinin təmin edilməsi nəticəsində büdcədə əlavə xərclərin yaranması məhkəmələri qanunun tətbiqindən yayındırmamlıdır. Digər tərəfdən qeyd etmək lazımdır ki, hazırkı halda dövlət büdcəsinin əlavə itkilərə məruz qalmasının səbəbkarı iddiaçının artıq ödəmənin geri qaytarılması ilə bağlı haqlı tələbini icra etməyərək, gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməli olmasına şərait yaradan cavabdeh inzibati orqandır. AR İPM-in 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti formal mülahizələrə əsaslandığından təmin edilməməli, iddiaçının apelyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi e-2-1(112)-8895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilərək, iddia tələbi tam təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar