Məhkəmə qərarları › İş №2-1(103)-3775/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3775/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3775/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X8 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X19 Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11104/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X19 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx xxxxxxx 1957-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. 15 avqust 1978-ci il tarixindən Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış, rayon işğal edilənə kimi həmin məktəbdə çalışmışdır. İşğal dövründə orta aylıq əmək haqqı ilə 2006-ci ilə qədər pedaqoji fəaliyyəti dayanıb. 1 oktyabr 2006-cı il tarixindən 2010-cu ilədək Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində, 2010-2019-cu illərdə Bakı Avropa Liseyində eyni vəzifə üzrə çalışmışdır. 1 sentyabr 2020ci il tarixindən 23 avqust 2021-ci ilədək İdrak liseyi Bakı filialında kafedra müdiri, sonuncu tarixdən 28 iyun 2022-ci ilədək İdrak liseyi Sumqayıt filialında icraçı direktor vəzifəsində çalışmışdır. Qeyd olunmuş tarixlər üzrə müvafiq məlumatlar əmək kitabçasında da qeyd olunmuşdur. 20 oktyabr 2022-ci il tarixindən etibarən pensiyaçıdır. Lakin cavabdeh qurum qeyd olunmuş uzun müddətli əmək fəaliyyətini nəzərə almadan ona əvvəlcə cəmi 382,94 manat pensiya təyin etmiş, sonradan müvafiq indeksləşdirilmə nəticəsində pensiya məbləği 527,99 manata çatdırılmışdır. Uzun müddətli əmək fəaliyyətini və pensiya kapitalını nəzərə alaraq hesab edir ki, ona təxminən 1000 manat məbləğində əmək pensiyası təyin edilməlidir. Əmək pensiyasının yenidən hesablanaraq ona ödənilməsi barədə cavabdeh quruma müraciət etsə də, həmin qurum xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək çalışdığı müddətin əmək kitabçasında onun doldurulma qaydasına uyğun doldurulmaması əsası ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh qurumun həmin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Cəbrayıl rayonu 1993-cü ildə işğal olunduğundan, ona məxsus əmək kitabçası da həmin rayonda qalmışdır. Məhz bu səbəbdən hazırda təqdim edilmiş əmək kitabçasında bu məlumat sadə formada qeyd olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, həmin dövr - yəni xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan müddət üzrə əmək fəaliyyətində olmağı işin mübahisəsiz halıdır. Cavabdehin ona 12 may 2025-ci il tarixində təqdim edilmiş 7 aprel 2025-ci il tarixli imtina məktubunda da onun həmin dövr üzrə əmək fəaliyyəti mübahisələndirilməyərək imtinanın əsası kimi yalnız əmək kitabçasının qanunvericiliyə uyğun doldurulmamasına istinad edilmişdir. Halbuki, Cəbrayıl rayonunun işğal olunması və ona məxsus əmək kitabçasının həmin rayonda qalması onun təqsirindən baş verməmişdir. Eyni zamanda, əmək pensiyasının hesablanması üçün nəzərə alınmamış həmin dövr üzrə əmək fəaliyyəti digər əsaslarla da sübut edilir. Belə ki, Cəbrayıl rayon X14 İcraiyyə Komitəsinin Xalq Təhsili Şöbəsinin 6 oktyabr 1994-cü il tarixli 215 nömrəli arayışı və Cəbrayıl rayon Dövlət Arxivinin 5 mart 2025-ci il tarixli məktubu ilə onun xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan müddət üzrə Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində çalışmağı təsdiq edilir. Bununla yanaşı, əmək fəaliyyətinə başladığı vaxt həmin məktəbdə çalışan X5, X6 ilə, X11 və X9 hazırda əlaqələri mövcuddur və həmin şəxslərin məhkəmə iclasına şahid qismində dəvət ediləcəyi halda bu faktı təsdiq edəcəklərinə əmindir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-11104/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayonu Minbaşlı kənd orta məktəbdə işlədiyi dövrün sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X19 Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli qərarı ilə xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayonu Minbaşlı kənd orta məktəbdə işlədiyi dövrün sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X19 Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17- 1/2-A-74111/2025 nömrəli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən Qanunun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 16 il 2 ay 11 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 36323 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 393,42 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 439,23 manata, xx.xx.2024-cü il tarixindən 488,43 manata, xx.xx.2025-ci il tarixindən 527,99 manata çatdırılmışdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. ‘‘İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə’’ Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993cü il tarixinədək (Cəbrayıl rayonu işğal olunduğu tarixədək) olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilməyib, eyni zamanda möhürlə təsdiqlənməyib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34813,00 manat nəzərə alınmalı olduğu halda, 35550,77 manat nəzərə alınmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Məhkəmənin əsassız mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı məxsus 040587 nömrəli əmək kitabçası xx.xx.2006-cı il tarixdə doldurulmuşdur. xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədlərinin işğal zonasında qaldığını nəzərə alaraq iddiaçının əmək kitabçasının hansı sənədlər əsasında doldurulduğu onun mötəbərliyini şübhə altına alır. Belə ki, birinci instansiya məhkəməsi əmək kitabçasının hansı sənədlərə əsasən tərtib olunduğunu araşdırmamış, mötəbərliyinə əsaslı şübhələr olsa belə mötəbər sübut kimi qiymətləndirərək yekun nəticəyə gəlmişdir. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərinə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən Sizə xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 34813,00 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 382,94 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 439,23 manata, xx.xx.2024-cü il tarixindən 488,43 manata, xx.xx.2025-ci il tarixindən 527,99 manata çatdırılmışdır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1974cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 16 il 2 ay 11 gün olduğu halda, Sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (Cəbrayıl rayonu işğal olunduğu tarixədək) olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilməyib, eyni zamanda möhürlə təsdiqlənməyib) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Müraciətinizin araşdırılması zamanı məlum olmuşdur ki, Sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34813,00 manat nəzərə alınmalı olduğu halda, 35550,77 manat nəzərə alınmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2022-ci il tarixindən xx.xx.2025ci il tarixinədək artıqödəmə müəyən edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cəbrayıl rayon xx.xx.1993-cü il tarixində işğal olunan zaman Cəbrayil rayon Təhsil Şöbəsinin Minbaşlı kənd orta məktəbin xx.xx.1978-ci ildən avqust 1993-cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qalmışdır. Lakin Təhsil Şöbəsinin arxiv sənədərinə baxış keçirərkən, Minbaşlı kənd orta məktəbin əmək haqqı cədvəllərinə əsasən avqust 1993-cü il tarixli cədvəlində X3 ali təhsilli, stafkası 1928, dərs saatı 22, 5 günlük əmək haqqı 576,73 manat olmuşdur. Odur ki, 1993-1994-cü illərdə tarifləşmə siyahısı aşkar olunmadı. Cəbrayıl rayon Maliyyə şöbəsinin arxiv sənədlərinə baxış keçirərkən, X1 1995-ci ildə tarifləşmə siyahısında iş stajı 17 il, dərs saatı 20, stafkası 39496, əmək haqqısı 56414 göstərilmişdir. İş materiallarında olan Gəncə Dövlət Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 xx.xx.1974-cü il tarixli, 256/t saylı əmrlə H.Zərdabi adına X16 İnstitutunun (indiki X15) Azərbaycan dili və ədəbiyyat ixtisasının əyani şöbəsinə qəbul olunmuş və xx.xx.1978-ci il tarixli, 114/t saylı əmrlə həmin ixtisasın əyani şöbəsini bitirmişdir. X2 Cəbrayıl rayon Hacılı kəndinə təyinat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (7-ci maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası - 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır). 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 16 il 2 ay 11 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmış, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği hesablanmışdır. Hazırda iddiaçı xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayonu Minbaşlı kənd orta məktəbdə işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsində imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək (Cəbrayıl rayonu işğal olunduğu tarixədək) olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və işdənçıxma əmri, əmr tarixləri qeyd edilməyib, eyni zamanda möhürlə təsdiqlənməyib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 040587 nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1978-ci il tarixindən Cəbrayıl rayonu, Minbaşılı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, xx.xx.1993-cü il tarixdə rayonun işğalı ilə əlaqədar Nazırlər Kabinetinin qərarına uyğun olaraq işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçının xx.xx.1978-xx.xx.1993-cü illərdə işlədiyi həm əmək kitabçası, həm də Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapır. Cəbrayıl Rayon Dövlət Arxivinin qeyd olunan məktubundan da görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunan zaman müvafiq arxiv sənədləri işğal zonasında qalmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, arxiv sənədlərinin saxlanılması ümumiyyətlə iddiaçının vəzifələrinə aid deyildir, bu, müvafiq dövlət orqanlarının vəzifə və səlahiyyətlərinə aid məsələlərdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əsasən iddiaçı 1974-1978-ci illərdə indiki X7 Azərbaycan dili və ədəbiyyat ixtisasının əyani şöbəsində təhsil almış, təhsilini bitirdikdən sonra ona Cəbrayıl rayonuna təyinat verilmişdir. Cəbrayıl rayonu işğal olunduqdan sonra isə işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. Beləliklə, iddiaçının qeyd olunan dövrdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddiaçının qeyd olunan dövrdəki əmək fəaliyyəti ilə bağlı sənədlərin arxiv əsaslarının hazırkı halda təqdim edilə bilməməsi iddiaçıdan asılı olan hal kimi qəbul edilə bilməz. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası və arxiv məlumatı mövcuddur, cavabdeh həmin məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək olan dövr də iddiaçının ümumi stajına daxil edilməlidir və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, hazırda mübahisələndirilən dövrün yaşa görə əmək pensiyası hesablanarkən ümumi iş stajına daxil edilməməsi əsassızdır. Cavabdeh həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsini əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir. İddiaçı həmin dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X19 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11104/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar