Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3776/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6251/2024 nömrəli, 18 iyul 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati aktın qəbul edilməsi haqqında məktubunda göstərilən qanuna uyğun olmayan qaydada qəbul edilmiş inzibati aktın ləğv edilməsi, pensiyasından pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, pensiyasından tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının məktubunda qeyd olunur ki, cavabdeh tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1532,73 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının düzgün hesablanmadığı aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç ili üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçıya ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 766,50 manat təşkil edir. İddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin azaldılması eyni zamanda artıq ödəniş hesab edilən məbləğin son üç il üzrə tutulması barədə qəbul edilmiş inzibati akt qanunsuz olmaqla işin hallarına, “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Mübahisələndirilən qərar qəbul edilənədək Əmək pensiyalarının indeksləşdirilməsi haqqında 10 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə iddiaçıya 1 yanvar 2023-cü il tarixdən təyin edilmiş əmək pensiyası məbləği 1556,59 manat təşkil edirdi. İnzibati akta əsasən yenidən hesablanma aparılma nəticəsində həmin məbləğ azaldılaraq 1532,73 manat müəyyən edilib və pensiya məbləği 23,86 manat azaldılıb. 2024-cü ilin yanvar ayı üzrə xx.xx.2024-cü il tarixdə ödənilmiş pensiya məbləği 1361,29 manat təşkil etmişdir. Beləliklə, inzibati orqan son üç il üzrə artıq ödəmə kimi müəyyən etdiyi 766,50 manat puldan 195,30 manatını bu ayın pensiyasından tutmuşdur. Cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan öz səlahiyyətlərini icra edərkən qəbul etdiyi aktla əvvəlcə iddiaçıya 1556,59 manat məbləğində pensiya hesablayaraq ödənişlər həyata keçirmiş, daha sonra isə inventarlaşma nəticəsində pensiyanı yenidən hesablayaraq 1532,73 manat məbləğində olması qərarına gələrək artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 766,50 manat təşkil etdiyi barədə inzibati aktın qəbul edilməsi haqqında məktub göndərmişdir. İnzibati orqanın bu hərəkətləri tamamilə qanunsuzdur və bununla da iddiaçının hüquqları məhdudlaşdırılmışdır. İşin hallarından da göründüyü kimi, inzibati orqan iddiaçıya 1532,73 manat məbləğində pensiyanın təyin edilməsini iddia edirsə, deməli o, qanunla onun üzərinə qoyulan vəzifəni düzgün icra etməyərək işin bütün faktiki hallarını araşdırmadan ona pensiyanı təyin etmişdir. İnzibati orqan qanunla onun üzərinə qoyulan vəzifəni icra etmədiyini etiraf etmiş olur ki, bu da qanuna ziddir və buna görə hər hansı şəxsin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. İnzibati orqan tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində öz təşəbbüsü ilə yenidən hesablama apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi, yəni iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, dinlənilmə hüququnu təmin etmədən onun qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmiş və artıq ödənilmiş pensiya məbləğinin tutulmasını onun razılığı olmadan həyata keçirmişdir. Ümumiyyətlə, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki, məlumatlandırma aparılmaqla, yəni şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda pensiya alan şəxs pensiyasının azaldılması ilə əlaqədar pensiyasından tutulmanı pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. İddiaçı inzibati orqana dəvət edilməmiş, onun dinlənilmə hüququ təmin edilmədən inzibati orqan tərəfindən qanunsuz qərar qəbul edilmişdir. İnzibati aktın qəbul edilməsi haqqında məktubdan görünür ki, qəbul edilmiş inzibati akt lazımi qaydada əsaslandırılmamışdır. Məktubda inzibati aktın qəbul edilməsində hansısa daxili araşdırmaya istinad olunur. Lakin araşdırma zamanı istifadə edilən məlumat bazası (data) və onun detalları barədə məktubda qeyd yoxdur, həmçinin inzibati orqan necə və hansı hesablama qaydası ilə pensiya məbləğinin düzgün müəyyən edilmədiyini də göstərməmişdir. Bu baxımdan aktın yaratdığı hüquqi nəticə müəyyən olsa da aktın məzmunu aydın deyil və bu əsasla lazımi qaydada əsaslandırılmış akt hesab oluna bilməz. Belə olan halda iddiaçı hazırki iddia üzrə aktın maddi hüquqi əsaslarına dair müvafiq dəlillər təqdim etmək hüququndan da məhrum olmuşdur. İnzibati orqan öz məktubunda inventarlaşma nəticəsində son illər üçün hansı qaydada hesablama aparmasını göstərməli idi. Əgər inzibati orqan həqiqətən orta aylıq əmək haqqının düzgün hesablanmadığı aşkar etmişdisə, o, bu halı öz məktubunda tam detalları ilə izahlı şəkildə pensiya alan şəxsə ətraflı olaraq göstərməlidir. İnzibati orqan tərəfindən “Əmək pesiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, “Əmək pesiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, inzibati orqan qeyd edilən tələbi pozmaqla yanaşı, həm də iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan tutulmanı həyata keçirmişdir. Cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, təyin edilmiş əmək pensiyasından inzibati orqanın öz təşəbbüsü ilə tutulma həyata keçirilmişdir. Lakin bundan öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi inventarlaşmaya dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-6251/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-65424/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, onun barəsində qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli 3-17-1/3-3-65424/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və onun əmək pensiyasından tutulmaların geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün təmin edilməməlidir. Belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 30 mart 2006-cı il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 750,00 manat, qulluq stajına görə əlavəsi 159,38 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 165,74 manat olmaqla orta aylıq əmək haqqı 1075,12 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 2 ay 23 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1075,12 manat) 80 faizi-860,10 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 2 ay 23 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 50,50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq stajına görə əlavəsi 175,31 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 182,31 manat olmaqla orta aylıq əmək haqqı 1182,62 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1075,12 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1182,62 manat) arasındakı fərq məbləğinin (107,50 manat) 50,50 faizi-54,29 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (860,10 manat) üzərinə əlavə olunmaqla əmək pensiysı 914,39 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1240,00 manat, qulluq stajına görə əlavəsi 263,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 274,02 manat olmaqla orta aylıq əmək haqqı 1777,52 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1182,62 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1777,52 manat) arasındakı fərq məbləğinin (594,90 manat) 50,50 faizi-300,42 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (914,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1214,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına 1233,72 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya ödənilməli olan 457,50 manat pul vəsaiti hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1532,73 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1556,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona ödənilməli olan 286,32 manat pul vəsaiti hesablanıb. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməs zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi qeyd edilənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş inzibati aktın qəbul edilməsi haqqında məktubunda göstərilən qanuna uyğun olmayan qaydada qəbul edilmiş inzibati aktın ləğv edilməsi, pensiyadan tutulma ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması barədə iddia tələbi və müvəqqəti xarakterli müdafiə tərdbiri kimi qərardad qəbul edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna nəzər yetirdikdə müəyyən olunur ki, onun pensiyası ilə bağlı inzibati akt qəbul edilmişdir. Qeyd edilən inzibati akt qəbul edilənədək təyin edilmiş əmək pensiyasının məbləği 1556,59 manat təşkil etmişdir. Yenidən hesablanma nəticəsində isə həmin məbləğ 23,86 manat azaldılmaqla 1532,73 manat müəyyən edilmiş və 2024-cü ilin yanvar ayı üzrə 16 yanvar 2024-cü il tarixdə ödənilmiş pensiya məbləği 1361,29 manat təşkil etmişdir. Beləliklə, inzibati orqan son üç il üzrə artıq ödəmə kimi müəyyən etdiyi 766,50 manat puldan 195,30 manatını 2024-cü ilin yanvar ayının pensiyasından tutmuşdur. Qəbul edilmiş inzibati aktı qanunsuz və əsassız hesab edir. Belə ki, sözügedən inzibati akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbərinin pozulması ilə qəbul edildiyindən ləğv edilmişdir. Məhkəmənin gedişində iddiaçı tərəfindən iddiaya dəqiqləşdirmə verilmiş və dəqiqləşdirmə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Filial tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “İnzibati aktın qəbul edilməsi haqqında” məktubda bildirilən xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 65424/2023 saylı inzibati aktın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilmişdir. Ancaq qərardad qəbul edildikdən sonra da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2024-cü ilin fevral, mart və aprel aylarında köçürülən pensiya məbləğindən qanunsuz olaraq tutulmalar həyata keçirilmişdir. Bununla bağlı, Bakı İnzibati Məhkəməsinə 07 may 2024-cü ildə ünvanladığı ərizədən sonra inzibati orqan məhkəmənin qərardadını qismən icra edərək 2024-cü ilin may ayından etibarən pensiya məbləğindən tutulmaları dayandırmışdır və əvvəlki aylarda (fevral, mart və aprel) baş verən qanunsuz tutulmaların bir ayı üzrə olan hissəsi geri qaytarılmışdır. Məhkəmə qərardadının icrası tam başa çatdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-65424/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2.Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı halda iş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, lakin buna baxmayaraq, iddiaçının əmək pensiyasından tutulmalar aparılmışdır. İddiaçının razılığı olmadan onun əmək pensiyasından tutulmaların aparılması artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzrdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş pensiya işi və inzibati icraat materiallarında yalnız inzibati aktın qəbul edilməsindən bir gün əvvəlki tarixlə tərtib edilmiş inzibati aktın qəbul edilməsi barədə iddiaçının məlumatlandırılması barədə məktubun olması müəyyən edilmişdir. İşin hallarından da görünür ki, iddiaçı yalnız həmin məktubu aldıqdan sonra, onun pensiya məbləğinin yenidən hesablanması və artıq ödənilmiş pensiya məbləğindən tutulmaların aparılacağından məlumatlı olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki apellyasiya şikayəti məzmunca əsassız və hüquqi baxımından qanunsuz bir qərarın ləğvinə yönəlmiş prosessual bir hərəkət olmayıb, vətəndaşın xeyrinə çıxarılmış istənilən qərarın mübahisələndirilməsinə dair inzibati orqanlarda formlaşamış praktikanın daha bir təzahürüdür. Bu baxımından, şikayətin məzmunu və dəlilləri xüsusi dəyərləndirməyə məruz qalmamalıdır. Çünki qiymət verilməsi önəm kəsb edən müstəsna bir dəlil mövcud deyil, hansı ki həmin dəlil qərarın qanunsuzluğunu və əsassızlığını göstərməklə onun ləğvinə yönəlsin. Hazırki şikayət məzmun və mahiyyətcə belə bir prosessual sənəd deyil. İşdən müəyyən olunur ki, inzibati orqan qeyd edilən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçıya artıq ödənildiyini iddia etdiyi pensiya məbləğini zəruri tədbirləri həyata keçirmədən birtərəfli qaydada tutmuşdur. Bu məsələ ilə bağlı qanunvericiliyin normaları açıq-aydın ifadə olunub və inzibati orqan üçün hər hansı mülahizə sərbəstliyi mövcud deyil. Oxşar məsələlər üzrə artıq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelər və məhkəmə təcrübəsi mövcuddur. İnzibati orqan qanunun tələbi və məhkəmələrin oxşar işlər üzrə hüquqi mövqeyini nəzərə alaraq inzibati icraatı lazımi qaydada və qanunamüvafiq aparmağa borclu idi. Lakin hazırki iş üzrə bu hal müəyyən olunmur. Şikayətdə istinad olunan “İnzibati icraat haqqında” Qanununun 21.3-cü maddəsinin hazırki mübahisə üzrə işlərə, yəni artıq ödənildiyi iddia edilən pensiya məbləğinin tutulması ilə bağlı icraata tətbiq edilməsi mümkün deyil və həmin norma qeyd edilən halları özündə ehtiva etmir. Maddənin məzmunundan da göründüyü kimi həmin norma inzibati orqan üçün elə bir şəraitin mövcudluğunu nəzərdə tutur ki, yaranmış vəziyyətin geri dönüşü olmasın və bu hal maddi ziyan vurulması ilə nəticələnsin. Hazırki işin halları baxımından belə bir vəziyyət mövcud deyil, ona görə də həmin normanın tətbiqi istisna olunur. İstənilən halda pensiya münbasibətləri üzrə qeyd edilən məsələ, yəni artıq ödənilməsi ehtimal olunan pulun tutulması proseduru xüsusi qaydada tənzimləndiyindən, həmin tənzimləmədən kənara çıxma və bunu ümumi norma ilə əsaslandırma üçün müstəsna şərait və hal əmələ gəlməlidi. Belə halların mövcudluğu isə müəyyən olunmur. Bu baxından həmin normaya istinad etməklə aparılmış qanunsuz inzibati icraata haqq qazandırmaq mümkün deyil. İnzibati orqan inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2, 24, 25.1 və 61.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. İnzibati orqan “Əmək pesiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərini pozaraq pensiyadan tutulmanı həyata keçirmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bunlardan əlavə, inzibati orqan İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinidə kobud şəkildə pozmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qəbul edildikdən sonra inzibati orqan fevral, mart və aprel aylarında köçürülən pensiya məbləğindən tutulmalar etmişdir. Həmin qərardadın icrası bugünədək inzibati orqan tərəfindən tam olaraq icra edilməmişdir. İnzibati orqan tərəfindən qərarın mübahisələndirilməsində məqsədin dövlətin ali maraqlarına qorumaqdan ibarət olması və bu addımın pensiya siyasətinin tərkib hissəsi kimi təqdim edilməsi, dəlilləri və əsası mövcud olmayan şikayəti inandırıcı etməkdən ibarətdir və heç bir əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış, işin halları tam və hərtərəfli araşdırılmış və həmin hallara maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilməklə qərar qəbul edilmişdir. Bu baxımdan həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 dekabr 2023cü il tarixli məktubda qeyd edilir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində Sizin əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1532,73 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə Sizə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının düzgün hesablanmadığı aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, Sizə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 766,50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 dekabr 2023-cü il tarixli 3-17-1/3-3-65424/2023 nömrəli qərarından görünür ki, yenidən hesablamanın səbəbi: invertarizasiya, hazırki pensiya məbləği 1556,59 manatdır, lakin xx.xx.2020-ci ildən 1214,81 manat, xx.xx.2023-cü ildən isə 1532,73 manat təşkil edir. Yenidən hesablanmış pensiya məbləği 1532,73 manatdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. Qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2006-cı ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 27 dekabr 2023-cü il tarixli 3- 17-1/3-3-65424/2023 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1532,73 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya artıq pul vəsaitinin ödənildiyini əsas gətirməklə həmin pul vəsaitini hissə-hissə iddiaçıya ödənilməli olan əmək pensiyasından çıxmışdır. İddiaçıya ödənilməli olan məbləğin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin tutulmasına yönəlmiş hərəkətdir. Lakin əmək pensiyasının yenidən hesablanması, artıq ödənilmiş pensiya məbləğinin tutulması və əvəzləşdirilmənin aparılmasına dair iddiaçının razılığı alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır və məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində (hesablanması) iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası da ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Eyni zamanda qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün qanunvericilikdə iki mühüm şərt müəyyən edilmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar pensiya haqqında qanunvericilik normalarının, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6251/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3776/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3776/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver