Məhkəmə qərarları › İş №2-1(103)-3777/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3777/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3777/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, Cavabdehin nümayəndələri X6 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «ziyanın ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)- 5119/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddiaçının əri X4 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X10 ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X7 2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul edilərək İmişli rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmiş, stajorluq müddəti bitəndən sonra həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. 04 yanvar 2018-ci ildə Baş prokurorun əmrinə əsasən Tovuz rayon prokurorluğuna ezam edilmişdir. xx.xx.2018-ci ildə icraatında olan cinayət işləri və materialları ilə bağlı Tovuz rayon prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna ezam edilmiş və xx.xx.2018-ci il tarixdə ezamiyyətdən iş yerinə qayıdarkən Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. 22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı istehsalat qəzası nəticəsində həlak olmuş əri X4 əmək haqqının ailəsinə ödənilməsi barədə Bakı şəhəri Səbail rayon məhkəməsində iddia qaldırmış, iddiası təmin edilməmişdir. O, əri O.İddiaçı əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar onun aldığı aylıq əmək haqqının aylıq ailə üzvləri kimi ona və qızı Selcan Hümbətliyə ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iddianın əsasını ərinin əmək qanunvericiliyində nəzərdə tutulan əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması təşkil edirdi. Lakin sonradan məlum oldu ki, iddianı düzgün qaldırmamışdır. İndi o, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuş əri O.İddiaçı əmək haqqının onun ailə üzvləri kimi ona və qızı S.O.Hümbətliyə ödənilməsini tələb edir. Belə ki, ərinin həlak olması əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində deyil, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuşdur. İddianın əsasını əri X4 əmək prosesində əmək müqaviləsi üzrə işəgötürənin onun üzərinə qoyduğu öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olması təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı iddiasında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi Azərbaycan Respublikası maliyyə nazirinin 25 aprel 2001-cİ il tarixli 44 saylı əmri ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”nın 4-cü maddəsinin işçinin ezamiyyə müddətinin 40 gündən artıq ola bilməməsi müddəasının işəgötürən tərəfindən pozulması nəticəsində, yəni ərinin xx.xx.2018-ci ildən Tovuz rayon prokurorluğuna 40 günlük ezamiyyə müddəti xx.xx.2018ci ildə qurtardığı halda, onun həmin müddətdən 6 gün artıq ezamiyyədə saxlanılaraq, daimi iş yerinə getməsi barədə əmr verilməməsi nəticəsində baş vermişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin birinci hissəsinə istinad edərək əmək prosesində əmək müqaviləsi üzrə işəgötürənin və ya işçinin öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsi və müvafiq normativ-hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıdıqlarını və həmin maddənin 2-ci hissəsində göstərilmiş, bu məsuliyyəti şərtləndirən üç halın (a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanunazidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) onun qaldırdığı iddia tələbi üzrə mövcud olduğunu bildirmişdir. Qeyd edirlər ki, X8 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018-ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir. xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X4 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır. İddiaçı ərizəsində mərhum ərinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında səbəbli əlaqənin olduğunu bildirsə də, göründüyü kimi, burada heç bir səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində maddi məsuliyyət üçün 3 şərtin eyni zamanda olması vurulmuş ziyana görə tərəflərin məsuliyyət daşıması üçün əsas kimi göstərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X7 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X13 məxsus olan “Mercedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)-5119/2023 saylı qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Naxçıvan Dövlət Universitetinin əyani şöbəsində təhsil aldığını, qızı X9 birinci sinifdə oxuduğunu, maddi çətinlik səbəbindən Bakı şəhərinə gələ bilmədiyini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını və Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)-5119/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X8 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018-ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir, xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X4 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır. İddiaçı hazırki iddia tələbi ilə mərhum əri X4 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X10 ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan imtinasında bildirmişdir: “Sizin Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız xx.xx.2022-ci il tarixli müraciətinizə Kadrlar idarəsində baxılmışdır. Bildirilir ki, müraciətiniz üzrə əriniz X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonuna qayıdarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar sosial sığorta müavinətinin verilməsi məsələsinə Baş Prokurorluğun müvafiq komissiyasında baxılaraq O.Hümbətzadənin vəfat etməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq sığorta ödənişi alınması üçün araşdırmanın nəticəsinə dair arayışın Sizə göndərilməsi təmin edilmişdir. Bundan əlavə, Sizin “istehsalat qəzası nəticəsində həyatını itirmiş Oruc Hümbətzadənin əmək haqqının onun ailəsinə ödənilməsi”nə dair tələbinizə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılaraq, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianız təmin edilməmişdir. Qətnamədən verdiyiniz apellyasiya şikayətiniz təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin verdiyiniz kassasiya şikayətiniz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Əlavə olaraq bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, X7 18 fevral 2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X13 məxsus olan “Mersedes Benz 230" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarə etməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş, o, isə suda boğulma nəticəsində törənən mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür. Göründüyü kimi hazırki ərizənizdə istinad etdiyiniz Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri yuxarıda göstərilən hala aid edilmir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair həmin qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin qanunun 5-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab olunur və sığorta hadisəsi baş verdikdə sığorta məbləğindən sığorta ödənişləri verilir. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırki müraciətinizin təmin edilməsi mümkün deyildir. ” Azərbaycan Respublikası Baş Prokurorluğunun məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli 2-2-20/2-440/2023 nömrəli məktubunda göstərilmişdir: “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların (barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri) xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir.- Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında 03 yanvar 2018-ci il tarixli “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən işçilər 5 (beş) illik əmək haqqı məbləğində sığorta edilmişlər. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta məbləğinin 1 (bir) faizi miqdarında sığorta haqqı ödənilmişdir. Müqaviləyə əlavə edilmiş əmək haqqı barədə arayışda (sıra 673) X4 qanunla müəyyən edilmiş dövr üzrə əmək haqqının 47872.04 manat (qırx yeddi min səkkiz yüz yetmiş iki manat 04 qəpik) olması göstərilmişdir.” İddiaçı iddia ərizəsində, o cümlədən apelyasiya şikayətində mərhum ərinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında səbəbli əlaqənin olduğunu bildirmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfatı arasında hər hansı səbəbli əlaqənin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qərarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin, istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X7 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X13 məxsus olan “Mercedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür. Göründüyü kimi, Oruc Hümbətzadənin həlak olduğu hadisə onun Tovuz rayonuna ezam edilməsi ilə əlaqədar olmayıb, sonuncunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması ilə bağlı olmuşdur. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, baş vermiş hadisə ilə (zərərlə) cavabdeh orqanın hüquqa zidd əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmədiyindən, həmçinin cavabdeh öz davranışı ilə zərər vurmadığından və məlum hadisə bu davranışın nəticəsində baş vermədiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)-5119/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar