Məhkəmə qərarları › İş №2-1(103)-3778/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3778/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3778/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlt Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(82)-1061/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlt Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı - 04 dekabr 2006-cı il tarixdən ona 52 yaşdan, güzəştli şərtlərlə yaşa gör əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)- 1061/2018 saylı qərarı ilə İddiaçı 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Nizami rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli, 2-1(112)-779/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)- 1061/2018 saylı qərarı 15 may 2018-ci il tarixli məktubla icra olunması üçün DSMF-nin Nizami rayon Şöbəsinə göndərilmişdir. DSMF Nizami rayon Şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 25 may 2018-ci il tarixli, 15/2520 saylı məktubla iddiaçı X1 15 may 2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı iş üzrə 28 mart 2018-ci il tarixdə pensiya hüququnun yarandığı tarixdən icra edilərək əmək pensiyası təyin edilərək ödənildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 15/3656 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı DSMF Nizami rayon şöbəsinin kompyuter bazasının məlumatına əsasən yaşa görə 3.167,63 manat pensiya alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) xx.xx.2021-ci il tarixli **********6 saylı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə ərizəsinin mümkün hesab edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci tarixli, 2- 1(103)-1917/2022-ci il tarixli qərardadı ilə ərizəçinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı X4 cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 saylı qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 saylı qərarının ləğv olunması, İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və aylıq pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və aylıq pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yerinə yetirilməsi üçün məhkəmə nəzarəti qaydasında qanuni qüvvədə olan məhkəmə qərarının məcburi icra edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 02 fevral 2018-ci il tarixli qərarı ilə ona 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-cı İl tarixinə qədər olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin 04 dekabr 2011- cı il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)779/2018 saylı 16 mart 2018-ci il tarixli qərarı ilə DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1061/2018 saylı 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarı 16 aprel 2018-ci il tarixdən qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilərək, 01 iyun 2021-ci il tarixədək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hər ay ödənilmişdir.Lakin 01 iyun 2021-ci il tarixdən onun aylıq əmək pensiyasının ödənişi qanunsuz və əsassız olaraq dayandırılmış və cavabdeh inzibati orqan tərəfindən onun yaşayış ünvanına 01 İyun 2021ci il tarixli **********3 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir: “Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan X7 Fondu tərəfindən mütamadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır.Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən təqdim edilməsi xahiş olunur. Araşdırmanın nəticəsindən asılı olaraq onun əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır.” O, məcbur olub borcluya qarşı “pensiyanın bərpa edilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2709/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ona yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılmasına dair cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2050/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2022 saylı xx.xx.2022-cİ İl tarixli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərardadını onunla əsaslandırmışdır ki, “Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir”. Onun aylıq əmək pensiyası bu giinə qədər, yəni 14 aydır ki, cavabdeh inzibati orqan tərəfindən ödənilməmişdir. Onun artıq 68 yaşı vardır, səhhətində yaranmış xəstəliklərlə bağlı mütamadi olaraq müalicələr alır, həkim nəzarəti altındadır, ciddi cərrahi əməliyyata ehtiyacı vardır və hazırda aylıq pensiyasının verilməməsi səbəbindən nəinki, müalicə xərclərini, hətta gündəlik dolanışıq xərclərini ödəyə bilmir. Odur ki, ağır maddi, mənəvi və psixolji sarsıntılar keçirir. Bakı İnzibati Məhkəməsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 09 avqust 2022-ci il tarixli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)-1061/2018 saylı qərarının icra olunaraq, görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi xahiş olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməyə görə İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi bildirilmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın tərəfindən məhkəməyə ünvanlanmış 26 avqust 2022-ci il tarixli **********7 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əsassız olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hall aşkar edilməyəcəyi təqdirdə adıçəkilən şəxsin əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği onun müvafiq kart hesabına köçürüləcəkdir. Bu səbəbdən sözügedən məhkəmə qərarının icrası üzrə müəyyən edilmiş müddətin uzadılmasını xahiş edirlər. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(82)-1061/2018 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)- 1061/2018 saylı, 02 fevral 2018-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əsassız olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi nəzərdə tutulmuşdur. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hallar aşkar edilməyəcəyi təqdirdə İddiaçı əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği adıçəkilən şəxsin müvafiq kart hesabına köçürüləcəkdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçınnı nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin məhkəmə qərarının tam icra edilməməsinə görə cavabdeh inzibati orqana cərimə təyin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərardadı qəbull edərkən mövqeyini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1061/2018 saylı, 02 fevral 2018-ci il tarixli qərarının qüvvəyə minməsinə, 09 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə məhkəmə tərəfindən qərarın icra edilmədiyi təqdirdə cavabdehin barəsində cərimə təyin edilməsinə dair müvafiq qərardadın qəbul ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə qərarı icra edilmədiyinə görə inzibati orqan barəsində cərimə tətbiq edilməli,. Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1061/2018 saylı, 02 fevral 2018-ci il tarixli qərarın tam və vaxtında icra edilməməsi aşkardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili razılaşmır çünki, hazırki işdən aydındır ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş və vaxtında icra olunması üçün müddət təyin edilərək göndərilmiş məhkəmə qərarının icrası tam həyata keçirilməmişdir. İddiaçı – “yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiasının Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamasının əsası da məhz həmin məsələnin qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində həll olunması ilə bağlı olmuşdur (yəni, cavabdeh inzibati orqan məhkəmə aktına əsasən iddiaçıya pensiya təyin etsə də, sonradan onun ödənilməsini dayandırmışdır). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə qərarı vaxtında, tam və lazımi qaydada icra edilmədiyinə, hakimin etdiyi xəbərdarlıqdan sonra da icra bərpa olunmadığından təyin olunan cərimənin ləğvi üçün əsas yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 120-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı, 2-1(82)- 1061/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar