Məhkəmə qərarları › İş №2-1(103)-3778/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3778/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3778/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Binəqədi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 4 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmalarının cavabdeh Binəqədi RPİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında uzun müddət bundan qabaq tərəflərindən fərdi yaşayış evi inşa edilmişdir. Onlar faktiki olaraq qeyd edilən fərdi yaşayış evində yaşayırlar. Bu fərdi yaşyış sahəsinə aid kommunal xərclər tərəfilərindən ödənilir, fərdi yaşayış evinin yararlı halda saxlanması üçün xeyli vəsait sərf etmişlər. Bu fərdi yaşayış evi onların daimi yaşayış yerləridir və başqa yaşayış yerləri yoxdur. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. Onların fərdi yaşayış evinə qeydiyyata alınmamaları səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, iddia təmin olunmasa da, iddiaçılardan yalnız biri tərəfindən apellyasiya şikayəti verildiyindən, Məhkəmə kollegiyası yalnız İddiaçı1 münasibətdə məhkəmə qərarını yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. -27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”-nın: -1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -3.7-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -4.2-ci bəndinə əsasən dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət. Binəqədi RİH Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 1568 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 və ailəsi (İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 4-də inşa etdiyi özbaşına tikilidə yaşayırlar. Hazırkı tələblə bağlı iddiaçıların ərizəsinə Binəqədi RPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-48/2-M-6552/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onlar, ünvan 2 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Qanunla qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onların göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq verilmiş: Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 15182/2023 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2022-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 4 ünvanında, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2018ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı4 xx.xx.2002- ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən ünvan 5 ünvanında, yaşayış yeri üzrə qeydiyyatda olmuş, İddiaçı1 xx.xx.2022-ci il tarixdə, İddiaçı3 xx.xx.2022-ci il tarixdə İddiaçı4 xx.xx.2022-ci il tarixdə, İddiaçı2 xx.xx.2021-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdırlar. Binəqədi RİH Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin 5-10-1/2-131-2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktubda qeyd olunan ünvan (ünvan 6əqiq olduğundan tərəflərindən araşdırma aparılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********29 nömrəli məktubundan görünür ki, qeyd olunan ünvana (ünvan 7aha dəqiq məlumat (fərdi yaşayış evinin nömrəsi) verildikdən sonra müraciətə yenidən baxılacaqdır. Beləliklə, inzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 4 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ev özbaşına tikilidir və dəqiq ünvan göstəricilərinə malik deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Odur ki, iddia tələbi əsassız olmaqla iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar