Məhkəmə qərarları › İş №2-1(103)-3779/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3779/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3779/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X4) “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9455/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu İcra Hakimiyyətinin “X2 torpaq sahəsinin ayrılmasına dair” 1597 saylı 23 oktyabr 2000-ci il tarixli sərəncamının, Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün, etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1597 saylı, 23 oktyabr 2000-ci il tarixli sərəncamı ilə X2 Dövlətin müsətsna səlahiyyətində saxlanan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005- ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9455/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yalnış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Məhkəmə qərardadında Şirkətin iddia tələbinin mahiyyətinin inzibati aktın ləğvi ilə bağlı olduğunu bildirsə də, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yəni, birinciinstansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında” Qanunun tələbinə istinad etməli idi. İnzibati Qanunvericiliyin tələbinə görəisə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir. AR İPM-nin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər”. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də ki, İPM-nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Göstərilənlərdən əlavə olaraq, birinci instansiya məhkəməsi həmçinin İcra Hakimiyyəti tərəfindən Qanunvericiliyin tələblərinin kobud surətdə pozaraq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə İİİ şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Lakin, göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə, Şirkətin iddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyrimümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübələri birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbuki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümküsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004-cü il tarixli Sazişin (Qanunun) 4 və 5-ci bəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər (2-1(102)-1233/15 saylı xx.xx.2015-ci il tarixli qərarın surətiəlavə olunur). Hazırki iş üzrə də Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinadən Şirkətin iddiasını mümkünsüz saymışdır. Qeyd edilənlərə əsaslanaraq hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9455/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də, qərardad ləğv edilməli və iddia icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını, üçüncü şəxs birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasınıməhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlük şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun tələbləri aşağıdakıları nəzərdə tutur: “...4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5.Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, Saziş, istər 15 may 2005-ci il tarixində qüvvəyə minməsinə qədər, istərsə də qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının hər hansı başqa bir mövcud olmuş və ya qəbul oluna biləcək qanunlarının, və fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və 15 may 2005-ci il tarixindən əvvəl və bundan sonra Kontrakt ərazisi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Konkret halda da məhz, cavabdehin həmin Sazişdən əvvəl qəbul olunmuş, üçüncü şəxsin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 23 oktyabr 2000-ci il tarixli sərəncamı, qəbul olunduğu gündən heç bir hüquqi qüvvəyə malik deyil. Belə olan halda, iddiaçının hazırkı tələbi üzrə qaldırılan iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9455/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9455/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar