Məhkəmə qərarları › İş №2-1(103)-378/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-378/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-378/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Quliyeva ElnarəTahir qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3382/2020 saylı qərarından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3382/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Hərbi Polis Şöbəsində təhqiqatçı vəzifəsində leytenant hərbi rütbəsilə xidmətə başlamışdır. Hərbi polis şöbəsi rəisinin əmri ilə Gəncə Qarnizonu Hərbi Prokurorluğuna ezam olunmuşdur. Gəncə Hərbi Prokururunun əmri ilə döyüş əməliyyatları gedən bölgələrə xüsusi tapşırıqla ezam olunmuş və ondan tapşırılmış əmr və göstərişləri yerinə yetirib geri qayıtmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Respublika Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə müraciətlər etmiş, lakin imtina cavabları almışdır. İddiaçı ona “Müharibə veteranı" adının verilməsindən ötrü Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, lakin onun ezamiyyətə göndərilməsi barədə əmrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün olduğu göstərilmədiyindən ona imtina olunmuşdur. Müdafiə Nazirliyinin rəsmisinin ona göndərdiyi imtina məktubunu əsassız sayır və hesab edir ki. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezam olunması döyüş tapşırığını yerinə yetirməklə bağlı olmamışdır. İddiaçı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər qanunun tələblərini pozmaqla əldə edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Quliyeva ElnarəTahir qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019cu il 1/M-16192 saylı məktubundan müəyyən edilir ki, İddiaçı Cahangir oğluna “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan rayonlara ezam olunmağı döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir; - Müdafiə Nazirliyinin İşlər X3 tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2018-ci il tarixli 9/2-12024 saylı arayışında aşağıdakılar göstərilmişdir: Gəncə Hərbi Polis şöbəsi rəisinin xx xxxxxx 1992-ci il tarixli 68 № li əmrində (əsas: səh-42 § 5, qeyd: adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır.) «Я.Д. Мамедов»un müdafiə nazirinin əmrinə əsasən “leytenant hərbi rütbəsi verilməklə” baş təhqiqatçı vəzifəsinə təyin edilərək x xxxxxx 1992-ci il tarixdən vəzifəsinin icrasına başlanmış hesab edilməsi barədə məlumat vardır. Gəncə Hərbi Polis şöbəsi rəisinin xx xxxxxx 1992ci il tarixli 96 № li əmrində (əsas: səh-59 § 2, qeyd: adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır.) baş təhqiqatçı leytenant «Я.Д. Мамедов»un xx.xx.1992-ci il tarixdən staj və kömək üçün Gəncə Qarnizonu hərbi prokurorluğuna göndərilməsi barədə məlumat vardır; - Gəncə Qarnizonu Hərbi Prokurorluğu üzrə 99 №-li xx.xx.1992-ci il tarixli əmrdən çıxarışda göstərilmişdir ki, İddiaçı Gəncə şəhəri hərbi polis şöbəsinin təhqiqatçısı xx.xx.1992-ci ildən 11 gün müddətinə Kəlbəcər rayonu döyüş zonasına ezamiyyətə göndərilmiş hesab edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il 38 № li əmrə əsasən əmək haqqı 3 qatla ödənilsin; - Gəncə Qarnizonu Hərbi Prokurorluğu üzrə 99 №-li xx.xx.1992-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhəri hərbi polis şöbəsinin təhqiqatçısı xx.xx.1992ci ildən Kəlbəcər rayonu döyüş zonasından qayıtmış hesab edilsin; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 79-283 saylı arayışdan görünür ki, Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən istefada olan baş leytenant 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ SQ-də əsgər kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək zabit kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və “Hərbi xidmət haqqında” Azərbaycan Qanununun 18-ci maddəsinin 2 bəndinə əsasən (xidməti uyğunsuzluqlara görə) ehtiyata buraxılmışdır. Beləliklə,birinci instansiya məhkəməsi toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılaraq döyüş əməliyyatları aparılan rayonlara ezam olunmağı döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi belə nəticəyə gəılmikşdir ki, iddiaçının döyüş əməliyyatları aparılan rayonlara ezam olunması döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığından həmin şəxsə veteran adının verilməsi qanunauyğun sayıla bilməz, ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3382/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar