Məhkəmə qərarları › İş №2-1(103)-378/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-378/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-378/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(112)-2229/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Şağan bələdiyyəsinin 18.09.2007-ci il tarixli qərarı ilə Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən onun tərəfindən bank hesabına torpağın dəyəri olan 1904 manat pul ödənilmişdir. Həmin akt Şağan bələdiyyəsinin nümayəndəsi, iddiaçı və Bakı şəhər torpaq şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq şöbəsində 30.09.2007-ci il tarixdə 4458 nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.07.2020-ci il tarixli, ********** nömrəli ərizə ilə iddiaçı cavabdehə müraciət etsə də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(112)-2229/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.(hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 21.07.2020-ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrıldığı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla bərabər, qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı və alqı-satqı aktı əsasında iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilməməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Cavabdeh tərəfindən məhkəməyə Şağan bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyətdə olması barədə sübutları təqdim etməmişdir ki, bu da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyə tərəfindən 2007-ci ildə iddiaçıya satılması barədə qərar qəbul edilməsi, alqı-satqı aktının tərtib edilməsi, həmin alqı-satqı aktının həmin dövrdə mövcud olan Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində qeydiyyatdan keçirilməsi torpağın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Cavabdehin etirazda və imtina məktubunda göstərdiyi torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmaması, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasının dəqiqləşdirilməsinin mümkün olmaması barədə bildirdikləri isə qanunvericilikdə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Şağan bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.07.1998-ci il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq 700 kv.m.torpaq sahəsinin Bakı şəhər sakini İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan “Torpaqların alqı-satqısına dair” akta əsasən İddiaçı Şağan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Şağan bələdiyyəsinin ərazisində 700 kv metr torpaq sahəsinin satılması barədə 16 nömrəli, 18.09.2007-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bank hesabına 1904 manat haqq ödənilmişdir. Həmin akt Bakı şəhər Torpaq Şöbəsinin müdirinin, iddiaçının və Şağan bələdiyyəsinin sədrinin iştirakı ilə imzalanmış və Bakı şəhər Torpaq Şöbəsinin, Şağan bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir, eyni zamanda akt Bakı şəhər Torpaq Şöbəsində 30.10.2007-ci ildə 4458 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçıya Əzizbəyov rayon Şağan Bələdiyyəsinin 18.09.20017-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya ayrılmış 700 kv metr torpaq sahəsinin ərazi döngə nöqtələrinin koordinatları göstərilmişdir, torpaq sahəsinin nominal qiyməti kimi 1360 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.09.2020-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilmədiyi, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmadığı, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şağan bələdiyyəsi tərəfindən 2007-ci ildə iddiaçıya 700 kv.m. torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir və həmin torpaq sahəsi 1904 manat haqq müqabilində iddiaçıya satılmışdır, alqı-satqı aktı Bakı şəhər Torpaq Şöbəsinin müdirinin, iddiaçının və Şağan bələdiyyəsinin sədrinin iştirakı ilə imzalanmış və Bakı şəhər Torpaq Şöbəsinin, Şağan bələdiyyəsinin möhürləri ilə təsdiq edilmişdir, eyni zamanda akt Bakı şəhər Torpaq Şöbəsində 30.10.2007-ci ildə 4458 nömrəsi ilə qeydiyyata alınmışdır, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etsə də cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilmədiyi, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmadığı, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmadığı göstərilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə iddiaçının Şağan bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 nömrəli qərarına əsasən əldə etdiyi 700 kv.m.torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa cavabdeh imtinasında və apelyasiya şikayətində həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilmədiyini qeyd etsə də məhkəməyə Şağan bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyətdə olması barədə mötəbər sübut təqdim etməmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(112)-2229/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar