Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-378/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 220135,05 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 230505,54 manat məbləğində siyahıya alınmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh borc məbləğini ödəməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh firmasınin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 220135,05 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 230505,54 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması, Əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilməsi və əmlakın satışından artıq qalan məbləğ iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əmlakı hesabına ödənilməsi tələb edilən vergilər, X1 nəticəsinə dair İddiaçı tərəfindən qəbul edilən qərarla hesablanmışdır. Həmin qərar isə məhkəmə qaydasında əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində ləğv edilmişdir. Göründüyü kimi iddiaçı qanunsuz hesablanmış vergilərin ödənilməsi üçün Cavabdehə məxsus əmlakı siyahıya almışdır. Bununla da Cavabdehə məxsus əmlakın siyahıya alınması tədbiri İddiaçı tərəfindən qanunsuz hesablanan vergilərin ödənişi üçün qanunsuz məcbur etmə vasitəsi kimi istifadə edilmişdir. Bununla da VM-nin 89.1-ci maddəsinin tələbləri pozulmuşdur. Öncə qeyd edildiyi kimi, Cavabdeh qanuni hesablanmış vergiləri ödəmişdir, ona qanunsuz hesablanan vergilər isə məhkəmə qaydasında ləğv edilmişdir. Lakin qanunsuz hesablanan vergilərin ödənişinin təmin edilməsi məqsədi ilə əmlakın siyaha alınması və satışı barədə məhkəməyə müraciət qanunsuz məcbur etmə vasitəsi kimi istifadə edilmişdir. Bununla da VM-nin 3.8-ci maddəsinin tələbləri pozulmuşdur. İşə baxan birinci instansiya Məhkəməsi yalnız iddiaçının təqdim etdiyi məlumatlarla (borcun olması halı) kifayətlənmiş, həmin məlumatların faktiki vəziyyətə uyğunluğunu yoxlamamış, həmin məlumatların digər hallarla təkzib edilməsi faktlarının olub-olmamsını araşdırmamışdır, Bakı-İnzibati Məhkəməsinin e-2-1(112)- 7922/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərə almamışdır. Bununla da birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən İPMnin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. İşə baxan birinci instansiya Məhkəməsi yalnız iddiaçının təqdim etdiyi məlumatlarla (borcun olması halı) kifayətlənmiş, həmin məlumatların faktiki vəziyyətə uyğunluğunu yoxlamamış, həmin məlumatların digər hallarla təkzib edilməsi faktının olub-olmamsını araşdırmamışdır. Bununla da birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-378/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə dayandırılmış icraat təzələnmiş və işə baxılması ilə əlaqədar məhkəmə iclası 12 sentyabr 2024-cü il tarixə, saat 11:45-ə təyin edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi borcunun tam şəkildə ödənilməsini təmin etmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı vergi orqanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi öhdəliyinin müəyyən edilmiş müddətdə yerinə yetirmədiyini əsas gətirərək, 220135,05 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin 230505,54 manat məbləğində siyahıya alınmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, borcun yaranmasına səbəb iddiaçı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 mart 2022-ci il tarixli, **********155694 nömrəli Qərar olmuş və həmin Qərarın ləğv edilməsi üçün vergi ödəyicisi Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən səbəbdən işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə icraatı “iddiaçı Cavabdeh Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək” dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-583/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki; “iddiaçı Cavabdeh Firmasının (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)- 1619/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)- 1619/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış və iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmamışdır. Həmin Qərardan müəyyən edilir ki; “iddiaçı Cavabdeh Firması cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərarın “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə dair 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-7922/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərarı “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1619/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.” Göründüyü kimi hazırkı iş üzrə tələbin əsası kimi çıxış edən vergi orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qismən – ““345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8442/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8442/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-378/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-378/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver