Məhkəmə qərarları › İş №2-1(103)-378/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-378/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-378/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X6 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(112)-263/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mühafizə zolağına düşən torpaq səhəsinə isitfadə hüququ verilməsi nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Quli-zadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrdən arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 0,1875 ha göstərilməklə mərhum Quli-zadə Xəlil İsrafil oğluna məxsusluğu barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quli-zadə Xəlil İsrafil oğlunda miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan №**********54 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Xəzər dəniz mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 1978 kv.m. qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Eyni zamanda, cavabdeh orqan Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlət mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Belə ki, Torpa Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80- 130 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-1-ci bəndinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. 02 dekabr 2008-ci il tarixli, 728-İİİQD №-li Qanunla Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasında və 2-1-ci bəndinin birinci cümləsində “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmiş, həmin maddənin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılmışdır. Belə olan halda, iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə hansı hissədə aid olduğu müəyyən edilməlidir. Müsbət halda (yəni iddia olunan torpaq sahəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinə aid olduğu müəyyən edildikdə), Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin tələbinə görə, iddiaçı həmin torpaq sahəsinə istifadə hüququnun qeydə alınması (cavabdeh bundan imtina etdikdə) iddia edə bilər. Xüsusi ilə qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi yerdən dənizə qədər arasında yaranan məsafə daşlı-qayadan ibarət olduğunu nəzərə alaraq, həmin hissədə mühafizə zolağının ölçüsü neçə metr təşkil olunduğu müəyyən edilməlidir. Belə ki, həmin ərazidə mühafizə zolağı 20 metr də olan bilər 30 metr də və yaxud 40-50 metr də. Bu səbəbdən hesab edilmişdir ki, sözü gedən mühafizə zolağı əraziyə uyğun hansı ölçüdə müəyyən olunduqdan sonra, iddiaçının iddia etdiyi torpaq sahəsi mühafizə zolağına düşdüyü sahəyə dair istifadə hüququ verilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı mühafizə zolağına düşən torpaq sahəsinə istifadə hüququ verilməsi nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Quli-zadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq arayışın (çıxarışın) verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2022-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi (380 kv.m) Xəzər dənizinin mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 1978 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********54 nömrəli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, azalan sahənin üstündə A yaşayış evi mövcud olmuş və daha sonra sökülmüşdür. Sökülmüş həmin sahə qonşunun ərazisi daxilindədir. Həmçinin В tikilisinə birləşik əlavə 40,0 kv.m otaqlar tikilmiş və açıq eyvan sahələri bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin,nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(112)-263/2024 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 0,1764 ha hissəsinin mərhum Quli-zadə Xəlil İsrafil oğluna məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi (380 kv.m) Xəzər dənizinin mühafizə zonasında yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin Xəzər dənizinin mühafizə zonasında yerləşib-yerləşməməsi bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Baki Şəhəri 39 Sayli Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Quli-zadə Xəlil İsrafil oğlunun xx.xx.1986-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir.

12. 11.04.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi S=390.0 m2 azdır və azalan sahənin üstündə A yaşayış evi olmuşdur və sökülmüşdür. Sokülmüş həmin sahə digər vətəndaşın qonşunun sahəsinin daxilindədir. B yaşayış evinə birləşik əlavə 40.0 m2 tikili otaqlar tikilmişdir və açıq eyvan sahələri bağlanmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxanı küçəsi, 11 saylı torpaq sahəsinə dair məlumatın məhkəməyə göndərilməsi barədə məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1978,0 kv.m qeyd edilsə də, faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Sahənin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi 1875,0 kv.m torpaq sahəsinin 685,0 kv.m hissəsi Xəzər dənizin mühafizə zolağında yerləşir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli ünvan 3 ünvanının müayinə aktı və AR mənsub olan bölməsinin sahilboyu 20-50 m zolağına düşüb-düşməməsi haqqında ətraflı məlumatın məhkəməyə göndərilməsi barədə məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1978,0 kv.m qeyd edilsə də, faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Sahənin sərhədləri mişar daşı ilə hasarlanıb. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi 1875,0 kv.m torpaq sahəsinin 685,0 kv.m hissəsi Xəzər dənizin mühafizə zolağında yerləşir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) mühafizə zonasının müəyyən edilməsi haqqında məlumatın göndərilməsi ilə bağlı məktubunda bildirilmişdir ki, faktiki göstərilən 1875 kv.m olan sahənin 661.0 kv.m hissəsi vahid elektron kadastr bazasına 50 metrlik mühafizə zolağı daxilində yerləşir.

16. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin verilməsi haqqında qərardadı ilə vəsatət təmin edilmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mütəxəsis rəyinin alınması qərara alınmışdır: - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının müəyyənləşdirilməsi meyarları barədə (hansı hissədə neçə metr olması); - Həmin meyarlara uyğun olaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağında yerləşən hissəsi barədə.

17. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan İddiaçı Xəlil oğlunun daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını qeydə almaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbinə əsasən məhkəmə qərardadının icrası barədə məlumat verilməsinə dair müraciət məktubuna tərəfimizdən aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan xx.xx.2023-cü il tarixli, 2-1(112)-1152/2023 nömrəli eyni məzmunlu müraciət məktubunuza əsasən (ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının Qulizadə Xəlil İsrafil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə dövlət reyestrindən arayışın verilməsi iddia tələbi üzrə qərardadın icrası ilə bağlı) qeyd olunan ünvanda İddiaçı Xəlil oğlu, iddiaçının vəkili Vəkil Yunus oğlu, Geodeziya və X1 mütəxəssisi X3 ilə birgə İdarənin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Geodeziya və X1 mütəxəssisi tərəfindən sözügedən ərazidə koordinatlar vurulmuş və qərardadda göstərilən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) sahil zolağından 45 metr məsafədə yerləşdiyi müəyyən olunmuşdur (xəritədə torpaq sahəsinin sxemi əlavə olunur). Bununla əlaqədar olaraq, xx.xx.20203-cü il tarixli, 3-14-25/2-080/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Bildirilmişdir ki, Xəzər dənizinin (gölünün) sahil zolağı boyu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli 315 saylı qərarı ilə təsdiq olunmuş, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahil boyu 20-50 metrlik zolağının kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirinə əsasən müəyyən edilir və sahilboyu 20-50 metrlik zolağının müəyyənləşdirilməsi meyarları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyəti çərçivəsində olmadığından aidiyyəti üzrə müraciət olunmasını məqsədəmüvafiq hesab edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3610/2024 saylı qərardaı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 10/9110 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qəradadın birinci və ikinci sualı üzrə: Bakı şəhəri, Sabunçu r-nu, Nardaran qəsəbəsi, Səfxani küçəsi, ev 11 fərdi yaşayış evinin yerləşdiyi 0,1875 ha torpaq sahəsinin yerləşməsi və koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) su səthinin quru ilə mövcud olan təmas xəttindən 45 metr aralı məsafədə yerləşməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.1875 ha torpaq sahəsinin torpaq səthinin quru ilə mövcud olan təmas xətlərindən və Xəzər dənizinin (gölünün) quru ilə mövcud olan təmas xətindən “SinoGNSS” GPS cihazı vasitəsi ilə koordinatlar götürülərək müvafiq hesablamalar aparılmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin səthinin 1875 kv.m torpaq sahəsinin 111 kv.m hissəsinin Xəzər dənizinin (gölünün) su zolağının daxilində yerləşdiyi, müvafiq təmas xəttinin 50 metrlik məsafəsində yerləşdiyi müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.

22. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

30. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

31. İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 0,1875 ha göstərilməklə mərhum X4 məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.

32. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin (gölünün) mühafizə zonasında yerləşir.

33. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1981-ci il tarixdə Səvxanı küçəsi ev 11 ünvanına dair Quli-zadə Xəlil İsrafil oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir Texniki pasportun təsdiq edilmiş arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir (əslinə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmişdir). Texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 1978,7 kv.metr olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının faktiki sahibliyindədir və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.

34. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki olaraq ölçüsü 1875,0 kv.m təşkil edir. Odur ki, iddiaçı həmin faktiki torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını tələb edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən verilmiş 1975-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə mərhumun hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Lakin məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

36. Odur ki, həmin torpaqlar vətəndaşlara əvəzsiz olaraq verildiyindən torpaq sahəsinin Xəzər dənizinin (gölünün) mühafizə zonasına düşən hissəsi istisna edilməlidir.

37. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, torpaq sahəsi Xəzər dənizinin (gölünün) sahil zolağından 45 metr məsafədə yerləşir.

38. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aid edilmişdir (02 dekabr 2008-ci il tarixli 728-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasında, 2-1-ci bəndinin birinci cümləsində və 110-cu maddəsinin onuncu abzasında “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmişdir).

39. Məhkəmə kollegiyası qeyd edir ki, mühafizə zonasına düşən hissə ilə bağlı cavabdeh tərəfindən müxtəlif məlumatlar verilmişdir. Ekspert rəyinə əsasən isə torpaq sahəsinin 111 kv.m hissəsinin Xəzər dənizinin (gölünün) su səthinin quru ilə mövcud olan təmas xəttinin 50 metrlik zolağının daxilində yerləşdiyi qeyd edilir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini mötəbər hesab edərək qeyd edir ki, mühafizə zonasına düşən hissə 111 kv.m. təşkil edir. Torpaq sahəsinin faktiki ölçüsü 1875 kv.m. təşkil etdiyindən mühafizə zonasına düşməyən qalan 1764 kv.m. torpaq sahəsi (0,1764 ha) üzərində (1875 kv.m.-111 kv.m.=1764 kv.m.) mərhumun mülkiyyət hüquqları qeydə alınaraq məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə (mühafizə zonasına düşən 111 kv.m. (0,111 ha) iddia tələbi təmin edilməməlidir.

40. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun tamamilə imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

42. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə bildirir ki, ekspert rəyinin nəticəsindən də göründüyü kimi iddia edilən ünvan 1 ünvanında fərdi yaşayış evinin yerləşdiyi 1875 kv.m torpaq sahəsinin yalnız 111 kv.m hissəsinin Xəzər dənizinin (gölünün) su zolağının daxilində yerləşdiyi, müvafiq təmas xəttinin 50 metrlik məsafəsində yerləşdiyi müəyyən edilmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

49. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

50. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(112)-263/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar