Məhkəmə qərarları › İş №2-1(103)-3782/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3782/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3782/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə,cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəflərindən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim olunmuş texniki pasport surətdir və texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır.

2. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi bir tərəfdən məktəbin dəmir barmaqlıq, bir tərəfdən tikili, iki tərəfdən isə daş qayalar ilə sərhədlənmişdir. Torpaq sahəsində uzunluğu 28.70 m, eni 4 m olan tikili yerləşir. Torpaq sahəsinin mülkiyyətdə olan 0.02 ha hissəsi qonşu sahədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının həyətində yerləşir və bina sakinləri tərəfindən ümumi istifadə yol kimi istifadə olunur. Yerdə qalan mülkiyyətdə olan sahə 0.0953 ha. təşkil edir. Faktiki vəziyyətin koordinatları işə əlavə olunub. Sahənin hüquq müəyyənedici sənəd üzrə 1.157 kv.m, faktiki sahəsi isə 953 kv.m təşkil edir.

3. Azərbaycan SSR-i Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü il tarixli tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd edilmişdir ki, 5-ci Alatava küçəsi 41a ünvanda yerləşən fərdi yaşayış evinin 1956-cı ildə inşa edilmişdir, bir mərtəbəlidir, ümumi sahəsi 105,4 kv.m. evin altındakı torpaq sahəsi 850 kv.metr təşkil edir və evin sahibi kimi İddiaçı qeyd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 850 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1983-cü ildən iddiaçının və ailəsinin istifadəsindədir. Fərdi yaşayış evinin may 1983-cü il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, fərdi yaşayış evi “A" yaşayış sahəsindən ibarət olmaqla ümumi sahəsi 105.4 kv.metr təşkil etmişdir. Fərdi yaşayış evinin altındakı 850 kv.metr torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində müraciət etmişdir. Lakin, ilkin müraciətinin üzərindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də cavab verilməmiş, hər hansı hərəkət edilməmiş və cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edir ki, iddia tələbi haqlıdır və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1983-cü il tarixli texniki pasport əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları mövcuddur.

6. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanında fərdi yaşayış evinin altındakı 850 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına qeydiyyata alınması və buna dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş texniki pasport barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən sahə **********81 reyestr nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

15. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-16-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altında olan 850 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini tələb edir.

22. Cavabdeh orqan isə təqdim olunmuş texniki pasportun surət olduğunu və texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmadığını bildirərək, imtina cavabı vermişdir.

23. İş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü il tarixli tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən 5-ci Alatava küçəsi 41a ünvanda yerləşən fərdi yaşayış evinin sahibi kimi İddiaçı qeyd edilmişdir.

24. İşin apellyasiya baxışı zamanı Dövlət Arxivinin Bakı Filialı tərəfindən 01 sentyabr 2025ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan SSR kommunal təsərrüfat Nazirliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

25. Eyni zamanda DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2025ci il və 27 oktyabr 2025-ci il tarixli tarixli sorğulardan görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1983-cü il tarixli texniki pasporta dair İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, 5-ci Alatava (Talıblı, hazırda isə Ə.Əhmədov) küçəsinin ətrafında Azərbaycan SSSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportlar əsasında bir neçə evlərin torpaq sahələri qeydiyyata alınmışdır.

26. Elektron məhkəmə vasitəsi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X3” MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,1157 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları ilə İddiaçı iddia etdiyi 0.085 ha torpaq sahəsinin sxem üzrə döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən edilir.

27. Elektron məhkəmə vasitəsi ilə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, faktiki olaraq ümumi torpaq sahəsinin ölçüsü 2176.6 m2 təşkil edir, ümumi torpaq sahəsinin 925.4 m2 hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir (bir hissəsidir).Əlavə istifadəsində 1251.2 m2 torpaq sahəsi mövcuddur.

28. Qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.

29. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 5-ci Alatava küçəsi 41a ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport mövcuddur. Həmin texniki pasporta əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin ölçüsü göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur.

30. Nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, Azərbaycan SSR-də komunnal xidmətlərin idarə olunmasından məsul olan, məişət və kommunal xidmətlərinin təşkili, tənzimlənməsi və inkişafına cavabdeh olan bir nazirlik idi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra həmin qurum Azərbaycan Respublikası Mənzil Komunnal Təsərrüfatı Nazirliyi kimi fəaliyyətini davam etdirmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1992-ci il tarixli 566 saylı qərarı əsasında Azərbaycan Respublikasında əhaliyə mənzil-komunnal xidmətlərinin təkmilləşdirilməsi və mənzil təsərrüfatının istismarı sahəsində şəhər və rayon icra hakimiyyəti orqanlarının bilavasitə fəaliyyətini genişləndirmək məqsədilə mənzil-istismar müəssisələri Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılaraq “Azərmənzilkomplektlayihətəmir” Birliyinə verilmiş və həmin Birliyə idarədənkənar status verilmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 03 may 1993-cü il tarixli 550 saylı fərmanı əsasında Mənzil-Komunnal Təsərrüfat Nazirliyinin bazası əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Mənzil Komunnal Təsərrüfatı Komitəsi yaradılmış, 19 aprel 2001-ci il tarixli 471 saylı fərmanı əsasında qeyd olunan Komitə ləğv edilərək, onun funksiyalarının Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir.

32. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 934 saylı Fərmanı ilə “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi” haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bındinə əsasən müəyyən olunur ki, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmışdır.

33. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası 22 iyun 1999-cu il tarixli 649 saylı Qanunun 29 iyun 2022-ci ilə qədər qüvvədə olan redaksiyasının 10-cu maddəsinin dördüncü hissəsində “ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatların hüquqi varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna verilməsi” qeyd edilmişdir.

34. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1992-ci il tarixli 566 saylı qərarı ilə mənzil-istismar müəssisələri Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarıldıqdan sonra nazirlik fəaliyyətini ilkin ona verilən bəzi səlahiyyətlər çıxılmaqla davam etdirmiş və tabeliyində olan müəssisələr “Azərmənzilkomplektlayihətəmir” Birliyinə verildiyi vaxtı “Milli arxiv fondu haqqında” Qanunun 10 maddəsinin 4-cü hissəsində olan norma qüvvədə olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən əsli təqdim edilmiş 1983-cü il tarixli Azərbaycan SSR Komunnal Təsərrüfatı Nazirliyinin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Milli arxiv İdarəsində nüsxəsinin olmamasını anlaşılan qəbul edir.

35. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialının Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi 01 sentyabr 2025-ci il tarixli cavab məktubunda vətəndaşlara verilmiş texniki pasportlar fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanmaması qeyd edilmişdir.

36. Məhkəmə kolleqiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,1157 ha torpaq sahəsinin iddia tələbində olan torpaq sahəsi ilə hər hansı bir əlaqəsi yoxdur.Yəni həmin torpaq sahəsi ilə 0,1157 ha torpaq sahəsi ilə həmsərhəddir. Qeyd olunan hal daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında öz əksini tapmışdır.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9368/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar